İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib

post-img

İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı və alim Əhməd bəy Ağaoğluna həsr olunan “Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu” kitabının təqdimatı keçirilib. 

XQ xəbər verir ki, təqdimat mərasimi Türkiyənin nüfuzlu elm-təhsil ocaqlarından biri olan İstanbul Universitetində baş tutub. 

Nəşr Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində hazırlanıb.

Mərkəzdən verilən məlumata görə, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, İstanbul İniversitetinin rektoru, professor Osman Bülent, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı baş konsulluğumuzun konsulu Sevinc Süleymanova, Türkiyədəki Səfirliyimizin müşaviri Füzuli Məcidli, universitetin müəllim heyəti, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının tarixi əsaslarından, ortaq mədəni və intellektual irsdən bəhs edərək, XX əsrin əvvəllərində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı fikir adamlarının iki ölkə arasında ideoloji və mənəvi bağların möhkəmlənməsində mühüm rol oynadıqlarını vurğulayıblar. Bildirilib ki, Əhməd bəy Ağaoğlunun irsi bu baxımdan həm Azərbaycan, həm də Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, tarixçi Dilqəm Əhməd tərəfindən arxiv materialları əsasında tərtib olunan kitabda Ağaoğlunun indiyədək araşdırılmamış məqalələri, xatirələri və onun haqqında fikirlər yer alıb.

Sonda kitab sərgisi təşkil olunub, imza mərasimi keçirilib və nəşrin nüsxələri universitet kitabxanasına hədiyyə edilib.





















Sosial həyat