İİTKM-in 10 illik fəaliyyəti ilə bağlı icmal dərc olunub

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 10 illik yubileyi münasibətilə xüsusi buraxılış nəşr olunub.

Mərkəzdən XQ-yə bildirilib ki, icmalda monitorinq və qiymətləndirmə, makroiqtisadi təhlil və proqnoz, kommunikasiya fəaliyyəti, innovativ layihələri və beynəlxalq uğurları ətraflı təqdim olunub. 

Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi, proqram və layihə idarəetməsi sahəsində aparılan islahatlar Mərkəzin dövlət idarəetməsindəki strateji rolunu daha da möhkəmləndirib. 

Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı uğurlar və layiq görüldüyü beynəlxalq mükafatlar da icmalda əks olunub.

Nəşrdə İİTKM-in iqtisadi təhlil və proqnozlaşdırma fəaliyyəti çərçivəsində yaradılan “Econlab” laboratoriyasında qurulmuş modellər barədə məlumat verilib. Bununla yanaşı, 10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş nəşrlər, 30 kitab və 800-dən artıq icmal İİTKM-in beyin mərkəzi kimi məhsuldar fəaliyyətini göstərir.

İİTKM qlobal miqyasda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Asiya İnkişaf Bankı kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, “Böyük İyirmilik” (G20) və “Böyük Yeddilik” (G7) ölkələrinin beyin mərkəzləri platformalarında təmsil olunur, Asiya və Türk dünyası beyin mərkəzləri şəbəkələrinin inkişafında fəal iştirak edir. 

Mərkəzin innovativ layihələri -  “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Türk Dünyası Araşdırmaları Mərkəzi barədə icmalda ayrıca bölmələr var. 

Bundan əlavə, nəşrdə İİTKM-in kommunikasiya strategiyası çərçivəsində həyata keçirdiyi layihələr, ictimaiyyətin məlumatlandırılması istiqamətində görülən işlər və rəqəmsal transformasiya sahəsində atılan addımlar da geniş şəkildə təqdim olunur. 

İcmalla ətraflı tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://ereforms.gov.az/files/files/cd003b4f8b77cad912c86361b8b44e24.pdf

Sosial həyat