Borçalının unudulmaz qızı

post-img

Qardabani İnteqrasiya və Təhsil Mərkəzində dünyada ilk türk-müsəlman qadın deputat, keçən əsrin əvvəllərində Gürcüstan parlamentinin azərbaycanlı üzvü olmuş Pərixanım Sofiyevanın xatirəsi anılıb. Mərasim Qardabani Gənclər Klubunun təşkilatçılığı ilə “Qafqaz” təşkilatının “Bərabərhüquqlu və təhlükəsiz cəmiyyət üçün” layihəsi çərçivəsində reallaşdırılıb.

Toplantıda Pərixanım Sofiyevanın bu gün də Borçalıda yaşayan nəslinin nümayəndələri, eləcə də tarixçi-araşdırmaçı İrakli Xvadaqiani, Qardabani İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova, Qardabani Gənclər Klubunun koordinatoru Gülgün Məmmədxanova, klubun üzvləri, Qaracalar kəndindəki ictimai məktəbin müəllimləri Aytən Qızbəsova və Günay Qərənizadə, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Gənclər Klubunun üzvləri tərəfindən öz dövründə “Kişi Pəri” kimi tanınmış sabiq deputatın həyatı və fəaliyyəti ilə bağlı geniş təqdimat olub. Sonra onun nəslinin nümayəndələri Ramin Sofiyev, Vüqar Məmmədov və İsmayıl Sofiyev çıxış edərək mərdliyi, mübarizliyi və xeyirxahlığı ilə ad qazanmış nənələri haqqında xatirələrini bölüşüblər. Çıxış edənlər Pərixanım Sofiyevanın Gürcüstan və Borçalının tarixindəki xüsusi rolunu vurğulayaraq, kişi kimi at belində gəzmiş, el-obanın xeyir-şərində yaxından iştirak etmiş, köməksizlərə əl tutmuş bu qadının Gürcüstanda yaşayan azərbaycanlılar üçün qürur mənbəyi olduğunu bildiriblər.

Tarixçi İrakli Xvadaqiani çıxışında Sofiyevanın ictimai-siyasi fəaliyyətinə dair mühüm məqamları diqqətə çatdırıb. Tədbir çərçivəsində sənədli film nümayiş olunub, həmçinin iştirakçılar arasında sual-cavab sessiyası təşkil olunub və mövzu ətrafında müzakirələr aparılıb.

Sonda Pərixanım Sofiyevaya həsr olunmuş “TikTok” müsabiqəsinin qalibləri Emilia Məmmədova, Tüncay Əliyev və Fidan Əsgərova mükafatlandırılıblar.

Paşa ƏMİRCANOV
XQ



Sosial həyat