Türk adının mənşəyi haqqında əsər
Dünyada tanınmış türkoloq, tarixçi, şərqşünas – ABŞ-ın Rutgers Universitetinin fəxri professoru Piter B.Qolden türk xalqlarının erkən tarixi, etnogenezisi və etnonimlərinin ən nüfuzlu tədqiqatçılarından biridir. Onun “Türk etnonimi haqqında mülahizələr” əsəri türk adı ilə bağlı elmi diskursda mühüm yer tutur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva–Nəbiyevanın tərcümə və tərtibatında bu kitabın işıq üzü görməsi türkologiya mütəxəssislərinə töhfədir. Qolden çalışmalarında “türk” etnoniminin erkən orta əsrlərdə (xüsusilə Göytürk xaqanlığı dövründə) siyasi və coğrafi bir məna daşıdığını, zamanla isə etnik bir ismə çevrildiyini qeyd edir. O, türk sözünün “güclü”, “müqavimətli”, “törəmiş” və ya “çoxalmış” mənalarına gələ biləcəyinə dair müxtəlif fərziyyələri araşdırıb. Xüsusilə Çin mənbələrindəki “T'u-chüeh” ifadəsinin türk sözünün transkripsiyası olduğunu təsdiqləyir və bu adın erkən türk tayfalarının özünüifadəsi kimi meydana çıxdığını vurğulayır. O, həmçinin Çin, Bizans və ərəb qaynaqlarındakı məlumatları filoloji və tarixi baxımdan ətraflı təhlil edir.
“Elm və təhsil” nəşriyyatında buraxılan bu əsər yalnız türkoloji araşdırmalar üçün deyil, həm də ümumi etnoqrafiya, tarix və dilçilik üçün dəyərli vəsaitdir.
Azərbaycanlılar Moskva Şərqşünaslıq institutlarında
Professor Nadir Məmmədlinin “Moskva Şərqşünaslıq İnstitutlarının azərbaycanlı tələbə, müdavim, alim və pedaqoqları” kitabı müəllifin 38 illik araşdırmalarının bəhrəsi olaraq ərsəyə gəlib.
Əsərdə 20-ci əsrin əvvəllərində Rusiya–Azərbaycan elmi-mədəni əlaqələrini və milli şərqşünaslığın formalaşması işıqlandırılır. Lazarev Şərq Dilləri İnstitutunda, digər Moskva ali məktəblərində təhsil almış və çalışmış azərbaycanlı şərqşünasların irsinə və həyat yoluna həsr olunmuş monoqrafiya iki hissədən ibarətdir. İlk hissə Rusiya Şərqşünaslıq İnstitutlarının tələbə və müdavimləri olmuş soydaşlarımızın həyat yolunu, ikinci hissə isə pedaqoji fəaliyyətlərini əhatə edir.
Ensiklopedik əsərdə Lazarev Şərq Dilləri İnstitutu, Moskva Şərqşünaslıq İnstitutu və digər təhsil ocaqlarında oxumuş və ya çalışmış şəxsiyyətlər, onların maarifçilik missiyası geniş araşdırılır. Bu monoqrafiya AMEA Dilçilik İnstitutu tərəfindən milli şərqşünaslıq elminin intişar tarixini öyrənmək üçün əsaslı mənbə hesab olunur.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ


