Goranboyda su çərşənbəsi şənliyi

post-img

Goranboy rayonunda yazın nəfəsi duyulurdu. Veyisli kəndində keçirilən Su çərşənbəsi tədbiri səmimi və xoş ovqatda yadda qaldı. Tədbir Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə rayonun İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edirdilər. İcra başçısı çıxış edərək hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi, evlərə ruzi-bərəkət, ailələrə can sağlığı və yurdumuza sülh arzuladı.

Su çərşənbəsinin özünəməxsus ruhu tədbirin hər anında hiss olunurdu. Axar suyun kənarında toplaşan insanlar qədim inanclarımızı yada saldılar, uşaqların gülüşü, tonqalın istisi, səslənən mahnılar kəndə ayrı bir yaraşıq verirdi. Rayonun mədəniyyət işçiləri və incəsənət nümayəndələri tərəfindən hazırlanan folklor nümunələri, milli musiqilər və səhnəciklər hər kəs tərəfindən maraqla qarşılandı. Süfrələrdə milli mətbəximizin təamları yer aldı, qədim adətlərimiz nümayiş olundu.

Sonda yandırılan bayram tonqalı ətrafında insanlar bir araya gələrək yazın gəlişini, təbiətin oyanışını birlikdə qarşıladılar. Su çərşənbəsi bir daha göstərdi ki, milli-mənəvi dəyərlərimiz bizi birləşdirən ən böyük sərvətimizdir.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri



Sosial həyat