Laçında el gücünün nəbzi döyünür

post-img

Artıq 5 ilən çoxdur ki, azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzurda rəşadətli Azərbaycan Ordusunun döyüş səngərləri qurucu xalqımızın əmək cəbhəsinə çevrilib. “Böyük Qayıdış” Konsepsiyası hərtərəfli gerçəkləşdirilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tapşırıqlarına əsasən, düşmən tapdağından qurtulan ərazilərimizdə irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Laçın şəhəri, rayonun Zabux, Sus, Güləbird, Qorçu və digər kəndləri də istisna deyil.

Bu gün dağlar diyarında həyat qaynayır. Azərbaycan rəhbəri Laçına səfərlərindən birində deyib: “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Fərəhlidir ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Şəhərin tarixən mövcud olmuş məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Çoxmənzilli binalar da tikilir və insan nəfəsi ilə qızdırılır.

Biz Laçında olarkən söhbət etdiyimiz rayon sakinləri - Gündüz Təhməzov və anası İpək xanım, təsərrüfatını qaydaya salan Natiq Abbasov və qonşusu – ağsaqqal Zülfüqar Babayev 31 illik ayrılığın sonundakı vüsaldan xoşbəxt olduqlarını fərəhlə dilə gətirdilər. Dedilər ki, yurda iməkləyib dönməyə də, yıxılmış evinin yerində çadırda yaşamağa da razı idilər. Amma bura gəlib gözəl evlərlə təmin edilmələrinin sevincinə qərq olublar. Hər biri də fikrini bu şəkildə tamamladı: “Prezident İlham Əliyevə və onun rəşadətli Ordusuna ailəlikcə minnətdarıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq”.

İndi havalar qarlı-şaxtalı olsa da, Çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Həkəri çayının üstündə göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib, əyləncə mərkəzi yaradılıb. Yayda buraya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Həkərinin sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının açılışına qatılıb, Laçın Beynəlxalq Hava Limanında aparılan tikintinin gedişi ilə tanış olublar. Səfər zamanı Laçında mehmanxana kompleksinin təməli qoyulub. Dövlət başçısı və xanımı Laçının sənaye zonasında mebel fabrikinin açılışında da iştirak ediblər.

Eyni zamanda, rayonda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı olub. Şəhid Ədalət Məmmədov adına Zabux kənd orta məktəbinin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Taleh İsgəndərlinin həyəcanla dilə gətirdiyi ürək sözləri hər kəsi qürurlandırıb: “44 günlük Vətən müharibəsində müəyyən payımın olmasından şadam. Bu gün azad Laçında olmaq, havası ilə nəfəs almaq, quruculuq işləri ilə tanışlığın qüruru sözlə bəyana gəlməz”.

Qeyd edək ki, quruculuq işləri sayəsində yeni nəfəs verilən Laçın şəhərinin Baş Planında iri xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də yaradılması reallaşdırılır. Heydər Əliyev Fondunun xətti ilə Laçında məscid kompleksi də tikilir (?). Prezident İlham Əliyev Laçında olarkən məscidin təməlini qoyub. 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesi də davam edir.

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alıb və buna layiq olduğunu rəngarəng mədəni tədbirlərlə sübut edib. Burada vaxtaşırı keçirilən musiqi festivalları, sərgilər, folklor gecələri Laçının cazibəsini, şəhərin ehtişamını daha da artırıb.

Bu yaxınlarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Prezidentin bölgədəki xüsusi nümayəndəliyinin dəstəyi ilə ağ libaslı Laçında çəkilmiş videoçarxa baxan hər kəs dağlar diyarında qış möcüzəsinin şahidi olub. Xoş mənzərələr sakinlərin də, qonaqların da ruhunu oxşayıb. Kadrlardan göründüyü kimi, Laçın durmadan gözəlləşir, gələcəyə inamla irəliləyir. Hətta dağ yamaclarında gəzib yem axtaran cüyürlər də lentə alınıb.

Həmkarımız, Əməkdar jurnalist Firuzə Nadir:

– Ötən yay xarici qonaqlarla eyni təyyarədə Laçına uçurduq. Bu, yuxu deyil, həqiqət idi, Azərbaycan gerçəyi idi. 450 kilometr 45 dəqiqəyə geridə qaldı. Elə Laçın Beynəlxalq Hava Limanından gözəlliklər bizi qoynuna aldı. Avtobusla hotelə yollandıq. Təbiətin gözümüzü sevindirdiyi, ruhumuza sığal çəkdiyi anlar unudulmaz oldu. Nəğməsini doya-doya dinlədik Laçının. Hər addımda Zəfərin izlərini, şəhidlərimizin qəhrəmanlığını, xalqımızın əzmini, ruhunu hiss etdik.

Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün heyrətini gizləyə bilmədi: “Bu nə gözəllik böylə!.. Laçın bumu? Çox möhtəşəmdir!”. Mən də dedim ki, Çanaqqalaya səfərimdə Laçını Çanaqqalaya bənzətmişdim. Türk məmur xanım isə “Əvət, əvət, çox bənzəyir...” deyərək bunu təsdiqlədi. Yadıma düşdü ki, 2014-cü ildə Laçın haqqında hazırladığım sənədli filmimə “Əsirlikdə qala qalmaz” adını vermişdim. Əsirlikdə qalmadı qalamız. Azərbaycan insanının məğrurluğu, əyilməzliyi, qəhrəmanlığı, yurd sevgisi Laçına Zəfər gətirdi...

Bir neçə gün öncə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın rayonu üzrə 2025-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da qeyd edildiyi kimi, dövət başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan laçınlı məcburi köçkünlərin 2023-cü ildən başlayaraq Laçın rayonuna Böyük Qayıdışın başlanması sayəsində hazırda 973 ailə 3 min 647 nəfər keçmiş laçınlı məcburi köçkün Laçın rayonu ərazisinə, həmçinin 126 ailə 473 nəfər isə Qarabağa – əzəli Azərbaycan torpağına qayıdıb. Ərazidə geniş bərpa və quruculuq işləri həyata davam etdirilir.

Ə.ƏLİYEV
XQ



Sosial həyat