Vaşinqtonla münasibətlərdə müasir texnologiya amili

post-img

Strateji tərəfdaşlıqda süni intellekt ön plana çıxır

Ötən il 8 avqustda Vaşinqtonda keçirilən yüksək səviyyəli görüş və əldə olunan razılaşmalar Azərbaycan ilə ABŞ arasında süni intellekt sahəsində əməkdaşlığın dərinləşməsi üçün real irəliləyiş mərhələsinin əsasını qoydu. Həmin görüşlər çərçivəsində strateji tərəfdaşlığın yeni texnoloji ölçüləri müəyyənləşdirildi və bu kontekstdə süni intellekt əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxdı.

Bu texnoloji xəttin mahiyyəti fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman Prezident İlham Əliyev tərəfindən açıq şəkildə ifadə olundu: “Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq”. Bu fikir göstərir ki, süni intellekt artıq Azərbaycan–ABŞ münasibətlərində daha geniş strateji əməkdaşlıq paketinin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir. Son bir il ərzində həyata keçirilən qarşılıqlı səfərlər, əsaslı təmaslar və biznes-platformalar məhz bu xətt üzrə formalaşıb.

2025-ci ilin sonlarından etibarən Azərbaycan və ABŞ arasında sözügedən sahə üzrə aktivlik müşahidə olunur. Nəzərə alsaq ki, ABŞ-ın Cənubi Qafqazda süni intellekt sahəsində hab yaratma istəyi var, Azərbaycan bu çərçivədə ideal tərəfdaşdır. Təsadüfi deyil ki, Silikon Vadisində keçirilən görüşlər Azərbaycanın süni intellekt gündəmini qlobal texnoloji ekosistemlə əlaqələndirmək məqsədi daşıyır. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ötən ilin dekabrında ABŞ-a səfəri zamanı “NVIDIA” şirkətinin Qlobal Süni İntellekt təşəbbüsləri üzrə vitse-prezidenti Calista Redmond ilə görüşü ölkələr arasında milli süni intellekt platformalarının yaradılması, yüksək performanslı hesablama gücündən istifadə etməklə dövlət xidmətlərinin modernləşdirilməsi, startap ekosistemi və süni intellekt üzrə kadr hazırlığı kimi mövzularla yadda qalmışdı.

Bu səfər çərçivəsində ABŞ-ın prosessor istehsalçısı AMD şirkətinin rəhbərliyi ilə də görüşlər keçirilib. Orada Azərbaycanın süni intellekt imkanlarının genişləndirilməsi, bölgədə rəqəmsal mərkəzə çevrilməyi və yeni tədqiqat-təhsil təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb.

Daha bir məqam isə şübhəsiz, Prezident İlham Əliyevin ötən ay Davosda keçirdiyi görüşlərdir. Dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbər şəxsləri ilə də sıx dialoq qurulması süni intellekt sahəsində Azərbaycanı hədəfə bir addım daha yaxınlaşdırır. Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüş də məhz bu qəbildən idi. Söhbət zamanı şirkətin Azərbaycanda fəaliyyəti və onun iştirakı ilə ölkəmizdə superkompüter mərkəzinin yaradılması qeyd edildi, onun resurslarının süni intellekt və qərar qəbuletmə sahələrində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Mövcud dinamika Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində də hiss olunur. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin nümayəndə heyəti ilə görüşü buna əyani misaldır. Məclisdə “Apple”, “Mastercard”, “Visa”, “Ericsson”, “Motorola Solutions”, “Honeywell”, “Parallel Wireless”, “Meta”, “Resecurity”, “Global Data Risk”, “WhiteFox Defense Technologies”, “bp”, “Lummus Technology” və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak edib və kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Ümumiyyətlə, ölkəmizdə süni intellekt sahəsində təməl addımlar atılıb, bünövrə sağlam şəkildə qurulub. 19 mart 2025-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” da məhz bu çərçivədə aktualdır. Bu kimi yanaşmalar Azərbaycanın qlobal “Süni İntellekt Hazırlığı İndeksi”ndə qısa müddətdə ciddi irəliləyiş əldə etməsinə və reytinqdə 41 pillə yüksələrək 70-ci yerə çatmasına imkan yaradıb. Buna baxmayaraq, Azərbaycan daim bu çərçivədə addımlarını bir qədər də irəli atmalı və ilk olaraq regional miqyasda, daha sonra qlobal sferada öz layiqli yerini tutmalıdır.

Elvin ABBASOV,
İKT Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri

Prezident İlham Əliyevin Amerika nümayəndə heyəti ilə görüşü Azərbaycanın gələcək inkişaf strategiyasının neft amilindən rəqəmsal intellektə doğru keçidini rəsmi şəkildə təsdiqləyir. Amerika Birləşmiş Ştatları rəqəmsal texnologiyalar və süni intellekt sahəsində dünyanın aparıcı mərkəzi olduğu üçün bu əməkdaşlıq Azərbaycan üçün sadəcə iqtisadi tərəfdaşlıq deyil, həm də sürətli texnoloji sıçrayış imkanıdır. Amerika şirkətlərinin bu prosesdə əsas tərəfdaş seçilməsi ölkəmizdə rəqəmsal infrastrukturun ən müasir qlobal standartlar səviyyəsində qurulmasına və yerli innovasiya ekosisteminin canlanmasına birbaşa təsir göstərəcək.

Süni intellekt çərçivəsində iki ölkə arasındakı perspektivlər xüsusilə enerji sektorunun intellektual idarə edilməsi, kənd təsərrüfatında məhsuldarlığın proqnozlaşdırılması və dövlət xidmətlərinin tam rəqəmsallaşması istiqamətində çox genişdir. Amerika şirkətlərinin təcrübəsi Azərbaycanda böyük məlumat bazalarının təhlili və onların əsasında qərar qəbul edən ağıllı sistemlərin qurulmasına böyük töhfə verə bilər. Bu əməkdaşlıq həm də azərbaycanlı gənc mütəxəssislərin yüksək texnologiyalar sahəsində beynəlxalq təcrübə qazanması və ölkəmizin regionda rəqəmsal mərkəzə çevrilməsi üçün həlledici rol oynayacaq.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat