Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən “Hidro-3” layihəsi “SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində beynəlxalq karbon bazarına uğurla daxil olub.
“AzərEnerji”dən verilən məlumata görə, layihə 2025-ci il mayın 28-də dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan Gold Standard tərəfindən qeydiyyata alınıb, bu il yanvar 28-də “Hidro-3” layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib. Bununla da, sözügedən layihə Azərbaycan tarixində bərpaolunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləri statusu qazanıb.
Xatırladaq ki, karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 min 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir. Bu nailiyyət Azərbaycanın “yaşıl enerji” strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpaolunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.
XQ

