İcbari sığortanın könüllü uğurları

post-img

Fevralın 10-da “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatını təqdim etdi. Mərasimdə ötən il həyata keçirilmiş layihələr, yeni istifadəyə verilmiş elektron xidmətlər, eləcə də İSB-nin yenilənmiş internet səhifəsi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verildi.

İSB-nin icraçı direktoru Vüsal Məsiyev jurnalistləri salamlayaraq icbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianın mühüm tərəfdaş olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Rəhbərlik etdiyi qurumun əsas məqsədinin icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasından ibarət olduğunu vurğulayan V.Məsiyevin sözlərinə görə, son illər bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb.

İcraçı direktor onu da bildirdi ki, növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək. Onun sözlərinə görə, “İcbari Sığorta Bürosu” hazırda “Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində işləyir: “Mərkəzi Bankla birlikdə ölkə üzrə hadisələrin xəritəsinin hazırlanmasını nəzərdə tutan layihəmiz var. Bu, xüsusilə sığorta şirkətləri üçün maraqlı olacaq. Layihəni həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyi ilə paylaşmağı planlaşdırırıq. Toplanan məlumatları emal edərək sığorta sektoru və dövlət qurumları üçün faydalı analitik resursa çevirmək niyyətindəyik. Layihənin reallaşdırılması hadisələrin sayının azalmasına, həmçinin vətəndaşların əmlakına və sağlamlığına dəyən zərərlərin minimuma endirilməsinə töhfə verə bilər. Əsas məqsədimiz odur ki, vətəndaşlarımız daha az zərər görsün, eyni zamanda, riskli hadisələrin sayı azalsın”.

Daha sonra İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatla çıxış etdi. O bildirdi ki, təqdim olunan strategiya xəritəsi sığorta sektorunun müasir standartlara uyğunlaşdırılmasını və rəqəmsal transformasiyasını hədəfləyən genişmiqyaslı planı əhatə edir. X.Camalovanın sözlərinə görə, strategiya innovasiya, dürüstlük və dayanıqlılıq prinsiplərinə əsaslanaraq həm sığortaçıların, həm də sığorta olunanların maraqlarının ədalətli şəkildə qorunmasını qarşıya məqsəd qoyur.

Qurum rəsmisi qeyd etdi ki, “2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası”ndakı 7 fəaliyyət üzrə işlər ötən il yekunlaşıb, 39 fəaliyyət üzrə isə işlər davam edir: “Ümumilikdə, strategiya çərçivəsində 2025-2027-ci illər üzrə 14 təşəbbüs və 66 fəaliyyət nəzərdə tutulub. Fəaliyyətlərin icrası zamanı heç bir gecikmə müşahidə olunmayıb”.

Diqqətə çatdırıldı ki, əsas hədəf “data” əsaslı qərarvermə mexanizmləri və süni intellekt texnologiyalarından istifadə etməklə icbari sığorta sahəsində aparıcı “InsurTech” mərkəzinə çevrilməkdir. Bu çərçivədə vahid məlumat mərkəzinin yaradılması, İT infrastrukturunun gücləndirilməsi və maliyyə ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi strateji prioritetlər kimi müəyyən olunub. Eyni zamanda, korporativ idarəetmə sistemlərinin yenilənməsi, Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin genişləndirilməsi və “Kağızsız büro” konsepti vasitəsilə ekoloji cəhətdən dayanıqlı mühitin formalaşdırılması nəzərdə tutulur.

“İcbari Sığorta Bürosu”na sığorta şirkətlərindən daxil olan sorğuların 97 faiz azaldığını bildirən X.Camalovanın sözlərinə görə, büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasının təmin edilməsi layihəsi tamamlanıb. Bunun da nəticəsində sığorta şirkətlərinin bu növ sorğular üçün quruma müraciət etməsinə ehtiyac qalmayıb və məlumatların sığorta şirkətləri tərəfindən birbaşa əldə edilməsi imkanı yaradılıb.

Son zamanlar İSB-nin dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyinin proqnozları üstələdiyini vurğulayan qurum rəsmisi bildirdi ki, Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə və zəmanət fondu üzrə effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizmlərinin qurulması üçün subroqasiya işinin təkmilləşdirilməsinə dair qaydalar və prosedurlar hazırlanaraq təsdiq edib ki, bunun da nəticəsində investisiya portfelinin dəyəri artıb.

Mərasimdə, həmçinin İSB-nin yenilənmiş internet səhifəsi – www.isb.az media nümayəndələrinə təqdim edildi. İSB-nin Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov bildirdi ki, saytın yeni dizayn və təkmilləşdirilmiş strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.

Qeyd olundu ki, yenilənmiş veb səhifədə naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. Eyni zamanda, İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib və funksionallığı genişləndirilib. Bununla yanaşı, 4 yeni elektron xidmət – “Bonus-Malus əmsalı üzrə onlayn müraciət”, “Radar cəriməsi üzrə onlayn müraciət”, “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” və “Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət” istifadəyə verilib ki, bu da xidmətlərin daha operativ və səmərəli göstərilməsinə imkan yaradır.

Təqdimatdan sonra geniş müzakirələr aparıldı, media nümayəndələrinin sualları ətraflı cavablandırıldı.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat