“Asiman”ın ilk sərgisi

post-img

Bakıda “Asiman” qalereyasının açılışı olub və azərbaycanlı rəssam İntiqam Ağayevin tematik rəsm silsiləsi təqdim edilib.

“Susuzluq” adlanan silsilə rəssamın müasir dövrün ən aktual problemlərindən birinə – dünyada su ehtiyatlarının tükənməsinə həsr olunub. Bu ekoloji amil əsərlərdə itki, narahatlıq və dünyanın kövrəkliyi kimi anlayışların vizual metaforaları şəklində əksini tapıb.

Mərasimdə tanınmış mədəniyyət xadimləri, rəssamlar və sənətsevərlər iştirak ediblər. Qalereyanın direktoru İqbal Həsənəlizadə və layihənin art-meneceri Sofiya Frank, eləcə də qonaqlar ürək sözlərini söyləyiblər. Qeyd edilib ki, “Asiman” qalereyası paytaxtın mərkəzində – Azərbaycan Rəssamlar İttifaqına məxsus binada yaradılıb və hər ay burada maraqlı ekspozisiyalar təqdim olunacaq.

Yeni məkanda ilk sərgi maraqla qarşılanıb. “Susuzluq” silsiləsinin müəllifi – Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunu İntiqam Ağayev, əsasən impressionizm üslubunda çalışır və yağlı boya texnikasında əsərlər yaradır. Onun işləri həm Azərbaycanda, həm də xaricdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır. Gecəni xanəndə Qızılgül Babayevanın ifası daha da rövnəqləndirib. Onu udda həkim-rəssam Rəhim Həşimov müşayiət edib.

Sərgi fevralın sonunadək davam edəcək, növbəti sərgi isə Novruz bayramı mövzusuna həsr olunacaq.

XQ

Sosial həyat