Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-da 11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır: “Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır”.
Bundan başqa, müraciətdə qeyd olunur ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər: “Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə vurğulanır.
XQ

