ABŞ–Rusiya–Ukrayna danışıqları “sıçrayış” yaradacaqmı?

post-img

Üçtərəfli ABŞ-Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsinin tezliklə baş tutacağı gözlənilir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib. Onun sözlərinə görə, ABŞ Konqresə aralıq seçkilərindən əvvəl Ukraynada sülhə nail olmaq niyyətindədir. Buna görə də Vaşinqton münaqişənin hər iki tərəfinə təzyiq göstərməyə çalışır. Amma danışıqlarının növbəti raundunun yeri barədə hələ heç bir məlumat verilməyib.

Vladimir Zelenski onu da bildirib ki, amerikalılar yayın əvvəlinə qədər hərbi əməliyyatların aktiv mərhələsinə son qoymaqda israrlıdırlar. Hətta müvafiq tədbirlər üçün cədvəl tələb edirlər. Doğrudur, hələ ki, cədvəldə nələrin nəzərdə tutulduğu məlum deyil, ancaq hesab etmək olar ki, sülhə keçid üçün bir növ “mərhələli plan”dan söhbət gedə bilər.

Ukrayna prezidenti Əbu-Dabidə keçirilmiş son görüşün məzmununu da qismən açıqlayıb. Xüsusilə, ABŞ-ın enerji obyektlərinə qarşı atəş açılmaması ilə bağlı müddətin uzadılmasını təklif etdiyi bildirilib. Zelenskinin dediyinə görə, bununla Kiyev razılaşıb, lakin Rusiya razılaşmayıb. Bundan əlavə, vasitəçilər əsir mübadiləsinin davam etdirilməsini təklif ediblər. Zelenski “olduğumuz yerdə qalaq” formulunda israr etdiyini və ərazi məsələsində heç bir güzəştə getmək niyyətində olmadığını təkrarlayıb. Digər vacib aspekt Zaporojye Atom Elektrik Stansiyasının mülkiyyəti məsələsidir. Burada da heç bir dəyişiklik olmayıb.

Ümumilikdə, ABŞ dövlət katibi Marko Rubionun təbirincə desək, danışıqlarda “sıçrayış” baş verməyib. Əldə olunmuş ən böyük “nailiyyət” əsir mübadiləsidir. Hazırda konkret, əsaslı müzakirələr aparılır. Ukrayna lideri əlaqələrin davam edəcəyini təsdiqləyib. Amma artıq Donald Tramp administrasiyası aralıq konqres seçkilərinə hazırlıqlara başlayıb. Respublikaçılar Partiyası seçkiləri uduzmamaq üçün var gücü ilə çalışır.

Hələlik məlum olan budur ki, fevralın 4-5-də Əbu-Dabidə baş tutmuş üçtərəfli danışıqların ikinci raundunda kompromis mümkün olmayıb. Danışıqların birinci raundu isə ABŞ tərəfindən müsbət qiymətləndirilmiş, Prezident Donald Tramp yaxşı nəticələr əldə olunduğunu bəyan etmişdi. İkinci görüşün nəticəsi ilə bağlı ABŞ-ın dövlət katibi bildirib ki, bu görüşə qədər Ukrayna böhranının tənzimlənməsi çərçivəsində mübahisəli məsələlərin sayı xeyli azalıb, lakin ən çətinləri hələ də qalmaqdadır. Söhbət ərazi məsələsi və Ukraynanın Qərbdən almaq istədiyi təhlükəsizlik təminatlarından gedir.

Danışıq iştirakçıları ikinci raundda “işgüzar ab-hava”dan danışsalar da, hələlik böyük bir “sıçrayış”a nail olunmadığını görmək çətin deyil. ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun öyünə biləcəyi yeganə nəticə 314 nəfər hərbi əsirin mübadiləsi haqqında əldə olunmuş razılaşmadır.

Təhlükəsizlik məsələləri üzrə işçi qrupunun məsləhətləşmələri fevralın 4-də üçtərəfli formatda başlayıb, daha sonra “mövqelərin sinxronlaşdırılması” mərhələsinə keçilib. Növbəti günün səhəri tərəflər yenidən bir araya gəliblər.

Danışıqlar nəticəsində irəliləyiş əldə olunduğu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, Ukrayna tərəfindən isə nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov müsbət fikirlər səsləndiriblər. Umerov görülən işi “konkret addımlara və praktiki həllərə yönəlmiş məzmunlu və məhsuldar” adlandırıb.

Beləliklə, həllini tapmalı olan əsas prinsipial məsələlərə – Donbasın statusu və Ukraynanın təhlükəsizlik təminatlarına gəldikdə, bəyanatlar tezliklə “sıçrayış”ın olacağına ümid vermir. Ukraynanın mövqeyini açıqlayan XİN rəhbəri Andrey Sibiqa vurğulayıb ki, “dövlətin ərazi bütövlüyünü və ya suverenliyini şübhə altına alan heç bir formul qəbul edilə bilməz”. Rusiyanın mövqeyi isə belədir ki, Moskva “böyük müqavilə”nin bir hissəsi kimi, Donbasın bütün ölkələr tərəfindən Rusiya ərazisi olaraq tanınmasını vacib hesab edir.

Marko Rubio sonda bildirib ki, vəziyyət ümidsiz görünə bilər, lakin Qəzzada olduğu kimi, gözlənilməz “sıçrayış” hər an baş verə bilər.

Paşa ƏMİRCANOV
XQ

Dünya