Tanınmış media və vətəndaş cəmiyyəti qurucusu

post-img

Umud Rəhimoğlu – 65

Yazıçılar Birliyinin Natəvan klubunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurası sədrinin müavini, Milli QHT Forumu idarə heyətinin üzvü Umud Rəhimoğlunun 65 illik yubileyi qeyd olundu.

Mərasimi AYB sədrinin müavini, Mətbuat Şurasının sədri, şair Rəşad Məcid açaraq Umud Rəhimoğlunun həyat və yaradıcılığı, jurnalistikamızın inkişafına, ötən əsrin 90-cı illərində Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizə qarşı yaradılmış informasiya blokadasının yarılmasına özəl töhfələri barədə ətraflı məlumat verdi.

AYB sədri, Xalq yazıçısı Anar yubilyarın insani və yaradıcı keyfiyyətlərindən danışdı, ona təbriklərini çatdırdı və birliyin diplomunu təqdim etdi. AYB-nin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev qələm dostu ilə 40 il əvvələ gedib çıxan ilk tanışlığını yada saldı, xoş xatirələrini dilə gətirdi və onun özünəməxsus xarakterik cizgilərindən danışdı. AYB katibi Səlim Babullaoğlu yubilyarın ədəbiyyat şövqünü təqdir edərək qələmdaşlarının ona həsr etdikləri şeirlərdən misallar gətirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Qəzənfəroğlu, deputatlar Ziyad Səmədzadə və Elman Nəsirov, akademik Nizami Cəfərov, AMEA Dilçilik İnsttutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, QHT-lərə Dövlət Dəstəyi Agentliyi idarə heyətinin sədri Aygün Əliyeva və başqaları xalqıımıza təkcə şeirləri ilə deyil, ictimai-siyasi fəallığı ilə də yorulmadan xidmətlər göstərən Umud Rəhimoğluna ən xoş arzularını bildirdilər. Vurğulandı ki, o, dünyanı Azərbaycana gətirən – Azərbaycanı dünyaya tanıdan nümunəvi bir ziyalı şəxsiyyətdir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutunun yaranıb pərvəriş tapmasına sanballı töhfələr verib. Natiqlər yubilyarı ictimai mühitdə xüsusilə fərqlənən şəxsiyyət kimi hərtərəfli səciyyələndirdilər.

Estoniyadan gəlmiş şair soydaşımız – Tartu Universitetinin Türk Dili Mərkəzinin müdiri Xaqani Qayıblı Umud Rəhimoğlunun yubileyi münasibətilə nəşr edilmiş “Avrasiya portreti” dərgisinin xüsusi buraxılışının icmalını verdi. Yeri gəlmişkən, həmin dərgidə bu sətirlərin müəllifinin Birinci Qarabağ müharibəsi zamanı Umud Rəhimoğlu ilə cəbhə bölgəsinə səfəri, sanki göydən od yağan bir gün Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində onun atası, rəhmətlik Rəhim kişinin qonağı olması ilə bağlı “Yeddi yoldaş olub yola düzəldik” adlı xatirə-yazısı da yer alıb.

Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu, şair, yazıçı və publisistlər Ramiz Qusarçaylı, Zakir Fəxri, Nazim Əhmədli, Ağacəfər Həsənli, Xuraman Muradova, Yusif Nəğməkar, Murad Köhnəqala və başqaları çıxışlarında gözəl dost, ünlü qələm sahibi olan, qurucusu və sədri olduğu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) xəttilə son dərəcə gərəkli işlər sərgiləyən yubilyara yaradıcı və ictimai fəaliyyətində yeni uğurlar dilədilər.

Umud Rəhimoğlunun qızı Aytəkin Qasımova tanınmış qələm sahibi, ictimai xadim olan atası ilə bağlı duyğu və düşüncələrini dilə gətirdi, ona sonsuz mehr və məhəbbət arzuladı.

Sonda yubilyara həsr olunmuş “Təmənnasız missiya” adlı kitabın (müəllif Gülşən Behbud) və “Avrasiya portreti” dərgisinin xüsusi buraxılışının nüsxələri məclis iştirakçılarına hədiyyə edildi. Umud Rəhimoğlu məclisin təşkilatçısı olan AYB rəhbərliyinə və bütün iştirakçılara minnətdarlığını bildirdi.

Əli NƏCƏFXANLI
XQ

Sosial həyat