Uzunömürlü ailələrdən nümunə götürməyə dəyər

post-img

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyasının Lerik Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Lerik rayon Monidigah kəndində “Uzunömürlü ailələrimiz" adlı gənclərin uzunömürlü ailə başçıları ilə maarifləndirici görüşü keçirilib.

‎‎Görüşdə uzunömürlü ailə başçıları, həmçinin evliliklərinin  50 illiyini qeyd edən Kamal İsayev və Qızxanım İsayeva, Yeni Azərbaycan Partiyasının fəal gəncləri və gənc ailələr iştirak ediblər. Uzun illər müəllim kimi fəaliyyət göstərmiş, hazırda təqaüddə olan uzunömürlü ailə başçısı Kamal İsayev öz həyat yolundan, ailə dəyərlərinə verdiyi önəmdən, qarşılıqlı hörmət və anlayışın ailə münasibətlərindəki rolundan danışıb. Qızxanım İsayeva isə ailə daxilində səbir, fədakarlıq və qarşılıqlı dəstəyin uzunömürlü ailə həyatının  ən əsas şərtlərdən olduğunu  deyib.

‎Görüş zamanı uzunömürlü ailə başçıları gənclərlə səmimi söhbət apararaq ailə həyatında qarşıya çıxan  çətinliklər, onların öhdəsindən gəlmə yolları, eləcə   sağlam ailə münasibətlərinin qurulması ilə bağlı təcrübələrini bölüşüblər. Gənclərin sualları cavablandırılıb, ailə institutunun cəmiyyətdəki əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Onu da bildirək ki, tədbirin təşkilində  məqsəd gənc ailələrlə müntəzəm iş aparmaq, ailə institutunun möhkəmləndirilməsi və əsassız boşanmaların qarşısının alınması  üçün  uzunömürlü ailə nümunələrinin təbliğ olunmasıdır. 

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Sosial həyat