Akademik Nərgiz Paşayeva hansı məsələdən istər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, ədəbi-bədii mövzulardan, istər də ümumbəşəri problemlərdən danışırsa danışsın, o həmişə mütəfəkkir, böyük fikir və düşüncə sahibi, el və dil bilicisi, söz ustası, milli və bəşəri dəyərlərə ehtiram bəsləyən, ədalətli mövqe nümayiş etdirən müdrik bir şəxsiyyət kimi görünür. Çünki onun duyğularına, ruhuna Şərq müdrikliyi ilə yanaşı, Qərbin həyat tərzindən doğan analitik təfəkkür, yerində qərar vermək, nəticə çıxarmaq kimi hər kəsə, hər alimə, ictimi xadimə xas olmayan hiss hakimdir. Heç şübhəsiz ki, bu da onun intelektual potensialından, genetikasından, tərbiyə alıb yetişdiyi mühitin ona bəxş etdiyi müqəddəsliklərdən boy alır. Gerçək olan budur ki, bir şəxsiyyətin formalaşması, özünü dərki, cəmiyyətə təsir imkanına malik olması üçün məkanı, zamanı, mühiti və bunların fövqünə qalxan ustadlarından aldığı dərs xüsusi əhəmiyyət kəsb edir.
Paşayevlər və İmanquliyevlər nəslinin davamçısı, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Bakı Dövlət Universitetinin “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, Azərbaycan Mədəniyyət Fondunun İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ÜNS yaradıcılıq səhnəsi”nin yaradıcısı və bədii rəhbəri, “İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyəti”nin həmsədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Nərgiz Arif qızı Paşayeva 1962-ci il dekabrın 13-də ziyalı ailəsində dünyaya gəlmişdir.
Peşəkar müəllim, mütəfəkkir ziyalı
İnsanın xarakterini, həyata baxışını, cəmiyyətə, cəmiyyətdə baş verən proseslərə münasibətini, həyat tərzini özündə əks etdirən elə cizgilər var ki, onun şəxsiyyətini müəyyənləşdirir. Olur ki, çox böyük alim olursan, cild-cild əsərlərin, qalaq-qalaq, qalın, həm də qalan kitabların, çoxsaylı yetirmələrin, davamçıların, şəyirdlərin, müasir dillə desək, tələbə, doktorant və dissertantların olur.Amma lazım gələndə milli-mənəvi, bəşəri dəyərlər və maraqlar naminə öz nüfuzundan, karyerandan keçməyə əlin, dilin, ürəyin gəlmir. Cəsarətin, ləyaqətin, səmimiyyətin çatmır. Ömrünün yarısından çoxunu pedaqoji fəaliyyətə həsr edən akademik Nərgiz Paşayevanın yüzlərlə yetirməsindən biri kimi söyləyə bilərəm ki, o peşəkar müəllim, orijinal təfəkkürlü alim, mütəfəkkir ziyalı, istedadlı şair və publisist, alicənab insan, tanınmış ictimai xadim olmaqla yanaşı, cəsarəti, ləyaqəti, səmimiyyəti ilə nümunəyə çevrilən şəxsiyyətdir.
Bu gün 20 Yanvardan, Milli Azadlıq hərəkatından, İstiqlal mücadiləsindən qürurla danışanlar qeyd-şərtsiz Universiteti, Universitet mühitini, Universitet auditoriyalarında formalaşan milli ruhun dəyərini etiraf edirlər. Bu o Universitetdir ki, beşiyinin başında Tağı Şahbazi, Hüseyn Cavid, Abdulla Qarayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Cəfər Xəndan, Mir Cəlal, Mirzə Feyzulla Qasımzadə, Əli Sultanlı, Rüstəm Əliyev, Nəsir İmanquliyev, Abbas Zamanov, Bəxtiyar Vahabzadə kimi böyük ziyalılar, ustad müəllimlər, ilklərə imza atan mütəfəkkir alimlər, müdrik şəxsiyyətlər dayanıb.
Ötən əsrin 60-ci illərindən başlayan yaddaşa qayıdış ideologiyasının formalaşması milli lider Heydər Əliyevin hələ Təhlükəsizlik Komitəsindəki fəaliyyəti dövründə Universitet mühitinə yaradılan şəraitə, alimlərə verilən geniş meydana, xüsusi imtiyaza bağlı idi. Əslində, bu 80-ci illərin sonu, Milli azadlıq hərəkatı üçün bir zəmin idi. İstiqlal marşının Universitet yataqxanalarının həyətində çalınıb Lenin meydanında səs salması, üç rəngli bayrağın Xəzərin səmasına sərilməsi, onun Universitet ziyalılarının çiyinlərində gətirilməsi “Bir gəncin manifesti”ndəki Sonanın, Azərbaycan anasının dili ilə yetirmələrini yaddaşımıza sahib çıxmağa çağıran, “Dirilən adam”a “Yolumuz hayanadır” sualını ünvanlayan, onu “İnsanlıq fəlsəfəsi”nə səsləyən, bununla da millətinin İstiqlal Manifestini yaradan Mir Cəlal kimi ustadların verdiyi dərsə bağlı idi.
Bizim zamanımızda 80-ci ilin sonu, 90-cı ilin əvvəllərində akademik Nərgiz Paşayeva Universitet mühitinin yetişdirdiyi, eyni zamanda o mühitin ənənələrini yaşadan alimlərdən, müəllimlərdən idi. Müəllimlərimizin çoxu kimi “azadlığı zərrə-zərrə, qram-qram” deyil, bütöv istəyənlərə şərait yaradır, rektorluqdan “komissiya” gələndə tələbələrini himayə edirdi. Bu onun milli mənlik, kimlik uğrunda mücadilədə ən böyük xidmətlərindən olmaqla, ali vətənpərvərlik hissi, vətəndaş mövqeyi idi. Bu, o zamanlar idi ki, SSRİ Elmlər Akademiyasında şərqşünaslığın problemləri ilə bağlı konfransda anası, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Aida İmanquliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni daşnaqlarının ölkəmizə hücumu, bu təcavüzün başında dayanan Aqambekyan, Zori Balayan, Qalina Stravoytova kimi fitnəkarlara elmi əsaslar və tarixi dəlillərlə cavab verir, etirazını bildirirdi. Bu həm də o illər idi ki, bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev ucalığına qısqanclıqla yanaşanlar Əliyevlərlə yanaşı, Paşayev və İmanquliyevləri onunla qohumluq bağlarına görə incidirdilər...
Cəsarətin, ləyaqətin simvolu
Akademik Nərgiz Paşayeva bizə Azərbaycan ədəbiyyatından mühazirə oxuyurdu. Sabiri, Mirzə Cəlili, Haqverdiyevi, ümumiyyətlə “Molla Nəsrəddin” ədəbi məktəbini təmsil edən böyük qələm sahiblərini sevə-sevə tədris edirdi. Salamından sağ oluna “Cəlil Məmmədquluzadəni oxuyun” deyirdi. Sonralar bildim ki, Mir Cəlal müəllim də nəvələrinə belə deyərmiş. İnsan eşitdikləri, duyduqları və sevdikləri ilə böyüyür. “Molla Nəsrəddin” jurnalı akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə yenidən nəşr olunanda buna bir daha əmin oldum...
Üstündən illər keçdi, 2004-cü ilin dekabrında Nərgiz xanım AMEA-nın Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edirdi. Bu günki kimi yadımdadır... “Müasr Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” mövzusuna həsr olunan dissertasiya işi xalq yazıçısı Elçinin yaradıcılığı əsasında hazırlanmışdı. Xanım Paşayeva ədəbi-fəlsəfi mühitdə insan problemi ilə bağlı tədqiqat aparmış alimlərdən birinin – Cəfər Cəfərovun əsərlərindən sitat gətirdi. Tədqiq etdiyi sahənin özündən əvvəlki araşdırıcılarının adını ehtiramla çəkdi. Qocaman filosoflarımızdan biri adı çəkilən alimin müharibə zamanı əsgər yoldaşlarının üzünə durduğunu, sonra da insanlıqdan yazdığını dedi. Nərgiz xanım bir ziyalıya, insanlğı ən ali meyar kimi qəbul edən şəxsiyyətə, “İnsanlıq fəlsəfəsi”ni yazan babanın varisinə xas xüsusiyyətlə, təmkin və təbəssümlə cavab verdi: “Dediklərinizi bəlkə, siz deyə bilərsiniz, bəlkə də, sizin əsasınız var, buna mənim zamanım, yaşım və tərbiyəm imkan vermir. Cəfər müəllim artıq həyatda deyil”. Bu bir şəxsiyyətin ləyaqətinin ölçü vahidi və nümayişi idi. Gedənin dalıyca danışmazdılar...
Vətənə sevginin örnəyi
İnsanı, alimi, ziyalını, vətəndaşı şəxsiyyət səviyyəsinə ucaldan ən ali keyfiyyətlərdən biri də cəsarətdi. Professor Nərgiz Paşayevada olan bu keyfiyyətin şahidi kimi bir çox faktları sayaram. Ancaq birinin üstündə dayanmaq istəyirəm: 2007-ci ilin payızı idi. Tehran Universitetinin rektoru başda olmaqla bir qrup alim Bakı Dövlət Universitetinin ziyarətində idi. Universitetlərarası əməkdaşlıq haqqında protokol imzalanırdı. Mərasimdən sonra BDU-nun o zamankı rektoru, akademik Abel Məhərrəmov qonağa, qonaq da öz növbəsində rektora hədiyyə təqdim etdi. İranlı rektor əlindəki çini qabı farsca “Tehran ustalarının əl işidir” deyib prorektora təqdim edərkən hədiyyəni qəbul edən akademik Nərgiz Paşayeva tərcüməçini gözləmədən fars dilində cavab verdi: “Hədiyyəyə görə təşəkkür edirəm. Xatırladım ki, bu Təbriz miniatür məktəbinə xas olan əl işidir” dedi. Nərgiz xanımın farsca səlis nitqi, Tehran deyil də, Təbriz kəlməsi qonaqları da, bizi də heyrətləndirdi. Bu bir azərbaycanlının zaman-zaman yaddaş xalısı dünyanın sənət, mədəniyyət, incəsənət məbədlərində İran və yaxud fars sənətkarlıq nümunəsi kimi təqdim olunub satılan Odlar Yurdunun harayı idi. Ondan “Yada satmaram” kəlamının ətri, iyi gəlirdi. Onun adı böyük hərflərlə yazılacaq Cəsarət idi. Onda rus çarını heyrətə salan Şeyx Şamil hikməti, Hacı Zeynalabdin Tağıyev qeyrəti, “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni”, deyib ilk ana dilli dövlətimizi quran, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən Şah İsmayıl Xətai məhəbbəti vardı...
Moskva Dövlət Universitetinin Bakı filialı – elmi potensialın dialoq ünvanı
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrinə akademik Nərgiz Paşayeva rəhbərlik etdiyi dövrə qədər və ondan sonrakı illərdə də Universitetdə kifayət qədər inkişaf, özü də hərtərəfli inkişaf olub. Beynəlxalq əlaqələrdəki zəif nöqtəni nəzərə alan rektor o zamanlar Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının müdiri professor Nərgiz Paşayevanı bu vəzifəyə məxsusi dəvət etməklə problemi bir dəfəlik çözmək istədi. Beləliklə də, Universitetin beynəlxalq əlaqələrində böyük canlanma yarandı. 2006-2008-ci illəri əhatə edən bu dövrdə MDB-nin, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, eləcə də Avropa və Asiya ölkələrinin elm-tədris mərkəzləri, universitetləri ilə əməkdaşlıq protokolları, memorandumları imzalandı. Tələbə, müəllim, aspirant və dissertant mübadiləsi həyata keçirildi. Çoxsaylı qrant layihələri çərçivəsində Universitetin maddi-texniki bazası və kadr potensialı inkişaf etdirildi. Xarici ölkələrin Azərbaycanda akreditə olunan səfirləri, dünyanın nüfuzlu ictimai xadim, tanınmış alim və məşhur yazarları ilə görüşlər təşkil olundu. Bu sırada üç böyük şəxsiyyətin – Türk dünyasının üç ünlü simasının adını çəkmək istəyirəm. “Qıpçaq çölünün yovşanı” əsəri ilə dünyamızı yovşan ətrinə bürüyən Murad Adcının, “Çingiz xanın ağ buludu”ndakı bayraq tikən Ərdənənin eşqinə hər birimizə Türküstan türküsü oxutduran, “Nayman ana”nın manqurtlaşan oğlunun harayından hər bir oxucusunu Mir Cəlalın dediyi yaddaş yerinə səsləyən Çingiz Aytmatovun, “Az-Mən” deyib “İqor polku” dastanında “Manas” sevdasının sorağına çıxan, 20 Yanvarın qanlı səhərini bizimlə birlikdə açan, Şəhidlər Xiyabanında bizimlə birlikdə istiqlal ağacı əkən Olcas Süleymenovun Universitet tələbələri ilə görüşü xanım Paşayevanın beynəlxalq əlaqələr üzrə prorektor kimi ən böyük xidmətlərindən idi. Millətinin canlı əfsanələrini, klassikləşən müasirlərini bir-birilərinə tanıtmaqdan, sevdirməkdən gözəl nə ola bilərdi ki?! Bunun adı türkçülük, islamçılıq deyil bəs nə idi? Bu Bəkir Çobanzadə, Çolpan, Hüseyn Cavid, Almas Yıldırım, Əhməd Cavad, Salman Mümtaz, Mikayıl Müşviq, Seyid Hüseyn eşqi deyildi, bəs nə idi? Qəribə də olsa bu layihələrin müəllifi bircə dəfə də olsun millət və xalq adından “mənəm, mənəm” deyib danışmırdı. Sevdiklərinin, dəyər verdiklərinin ünvanını göstərib adını çəkirdi. Bu ziyalıların hər biri isə “Biz sizin babanızın əsərləri ilə böyüdük “ deyər, ot kökü üstə bitər, söyləyərdilər...
Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə propektoru vəzifəsi onun rəhbər obrazını, təşkilatçılıq bacarığını üzə çıxardı, səviyyəli, yüksək mədəniyyətli, intelektual potensiala malik, səriştəli kadrın, elmi-mədəni əməkdaşlığa töhfələr verə biləcək bir rəhbər şəxsin formalaşıb yetişdiyini sübut etdi. Çünki o, bu zirvəyə pillə-pillə ucalmışdı. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdi. Bu doğma divarlar arasında püxtələşib yetişmişdi. Babası professor Mir Cəlal Paşayevin təməlini qoyduğu, bu gün isə rəhbərlik səadəti ona nəsib olan “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasında müəlim, baş müəllim kimi şərəfli ömür yaşamışdı. Namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi. Dosent, professor adı almışdı. 1994-cü ildən 2008-ci ilə qədər isə o, həm də Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının rəhbəri kimi ədəbiyyatımızın keşiyində dayanmışdı. Professor Nərgiz Paşayevanın Üzeyir bəyin ruhundan qida verdiyi bu məbədə gəlişi də təsadüfi deyildi. O ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almışdı. Sözün və səsin harmoniyasından, vəhdətində klassik və milli musiqinin sintezindən yaranan əsərləri, xalq mahnılarını, muğamları ruhunun qidası bilib duyğularına çiləmişdi...
Beynəlxalq münasibətlərdə yeni mərhələ
Şərqlə-Qərbin qovuşduğu, eyni zamanda, siyasi maraqların kəsişdiyi Azərbaycanda çevik siyasət yürütmək, onu dünyanın barış bucağına çevirmək üçün öncə enerji daşıyıcıları ilə tanınmaq, sərvətə sahib olmaq deyil, Prezidenti İham Əliyevin müdrikliklə söylədiyi “İqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik” kəlamını gerçəyə çevirmək üçün səy göstərmək gərək idi.
Elmi, bədii, publisistik əsərləri, monoqrafiyaları, genişmiqyaslı layihələri, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru kimi uğurlu fəaliyyəti ilə nüfuz qazanan akademik Nərgiz Paşayeva MDU-nun Bakı filialını qurmaqla, təkcə elmin, təhsilin deyil, eyni zamanda, mədəniyyətlərin, xalqların, dövlətlərin inteqrasiyasına, elmi-mədəni əməkdaşlığa təkan vermiş oldu. Azərbaycanın özgürlüyünü sübut üçün klassika ilə müasirliyin körpüsünə çevrildi. Fundamental elmlərin tədrisi istiqamətində əldə etdiyi uğurlarla dünyanın məşhur elmi mərkəzləri ilə eyni cərgədə dayanan, 250 illik böyük bir tarixi olan M. V. Lomonosov adına Moskva Dövlət Universitetini Bakıya gətirməklə Güney Qafqazda, ümumən Rusiya - Azərbaycan münasibətlərində yaranan buzu ərtimək üçün şərqli hərarətinə ehtiyac olduğunu təsdiqləyərək, narahat və nigaran dünyamızın nicatının İşığın Qaranlıq, Kamilin Cahil üzərində qələbəsində olduğunu sübut etdi!
Məlumdur ki, hər hansı elm-tədris ocağının filialının digər bir ölkədə yaradılması ictimai-siyasi, iqtisadi-sosial maraqlardan daha çox elmi-mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Rusiyanın siyasi elitası, elmi dairələri, xüsusən də postsovet məkanında humanitar əməkdaşlığa əhəmiyyət verən, elmin, mədəniyyətin, incəsənətin təntənəsinə inanan ziyalıların ümumbəşəri dəyərlər, ortaq mədəniyyətlər naminə verdikləri qərar, gəldikləri qənaət şərt idi. Əgər bunun üzərinə Rusiyanın Guney Qafqaza tarixi maraqlarını əlavə etsək deyilənlərin həqiqət olduğuna kimsənin şübhə yeri qalmayacaq. Belədə bir gerçək üzə çıxır, bu elm ocağına rəhbər elə bir şəxs təyin olunmalı idi ki, o intelektual potensialı, elmi dünyagörüşü, insana, cəmiyyətə, qloballaşan dünyada baş verən proseslərə öz baxış bucağı ilə seçilən, klassik və müasir rus, Azərbaycan və Avropa dəyərlərinə bələd, onların vəhdətində Yeni Dünya Modelini yaratmağa qadir olan müdrik şəxsiyyət, mütəfəkkir alim kimi özünü təsdiq etmiş, sözünü demiş ziyalı, ictimai xadim olmalı idi. Məhz bu səbəbdən də ölkə başçısı cənab İlham Əliyev diqqəti fəaliyyəti ilə rus elmi-mədəni və ictimai mühitində kifayət qədər nüfuz qazanmış, BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru akademik Nərgiz Arif qızı Paşayevanın üzərində cəm etdi. Prezidentin 2008-ci il iyunun 23-də imzaladığı sərəncamla xanım Paşayeva M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olundu.
Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə Azərbaycanın görkəmli maarifçilərindən biri – Firudin bəy Ağayevin adını daşıyan ünvanda başladı.
Akademik Nərgiz Paşayevanın birinci şəxs olaraq açılışa ana dilində başlaması, hər iki dildəki mükəmməl nitqi, bədii, fəlsəfi deyimləri ilə salonu ovsunlaması tarixi yaşamaqdan çox yaradan mütəfəkkir alimin, ictimai xadimin obrazını canlandırdı. Kimi onu babaları – yazıçı, müəllim, alim Mir Cəlala, “Bakı”nın memarı, publisist, müəllim, alim Nəsir İmanquliyevə, kimi fizika və texnika sahəsində dünyada məşhur alim, atası akademik Arif Paşayevə, kimi də ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, şərqşünas alim kimi bivaxt əbədiyyətə qovuşan anası Aida xanım İmanquliyevaya bənzədirdi…
Hər kəs öz yozumunda haqlı idi. Olan bir həqiqət də var idi: bu, çöldə narın-narın yağışın yağdığı bir zamanda insanları mərhəmətə, sevgiyə, bəşəriyyəti İdeya və Məfkurə birliyinə səsləyən, Tomris, Nüşabə, Sara xatun, Xurşudbanu Natəvan kimi millətinin nicatını elmi-ürfanda görən bir Azərbaycan qadının dastanı idi!
Bəlli olan o idi ki, Hacı Zeynalabdin Tağıyevin təməlini qoyduğu ilk teatr binasından 100 il sonra müstəqil teatrdan – “ÜNS yaradıcılıq səhnəsi”ndən, klassik musiqi ilə milli musiqinin sintezindən yaranan, Qarabağ sevdasının və nisgilinin qəm dəftəri olan “Qarabağnamə” operasından sonra, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını qurmaqla o, növbəti bir əsərinə imza atırdı!
Milli marifçiliyin aparıcı simalarından biri
Professor Nərgiz Paşayeva bəşəriyyəti insanlığa, ədalətə, haqqa, səviyyə axtarışına çağıran “Bir gəncin manifesti” romanında öküzün xışı çəkməyə gücü çatmayanda “Mən bunun ağzına söyə bilmərəm, axı Allah deyir” deyib, Allahın heyvanına belə rəhm edən rəncbərin səsi ilə məscidlərə qıfıl vurub ciblərə “Allahsız knişkası” qoyan quruluşa qələmin izi ilə həyatın özünü, iç üzünü göstərən, Tolstoyun “Hacı Murad” əsərindəki Hacı Murad şumluqda bitən Qanqal kimi Qafqazlının cəsarət simvoluna dönən Mir Cəlalın, Bakının aynası olan “Yeni yol” qəzeti bağlandıqdan sonra düz 19 il Bakıda Mircəfər Bağırova, Moskvada Stalinə, Mərkəzi Komitəyə məktublar ünvanlayan, “Əhalisinin yarısından çoxu Azərbaycanlı olan şəhərin günahı nədir ki, onun yeganə anadilli mətbu orqanı bağlanır?” sualı ilə müraciət edib üsyan qoparan, nəhayətdə onun nəşrinə nail olub düz 30 il şərəfli redaktor ömür sürəndə belə, sözün “dəqiq, qərəzsiz, vicdanlı” üzü olan professor Nəsir İmanquliyevin müdrikliyinə, “Harada ki, sülh var, xeyir var, məhəbbət var, orada Allahın özü var” deyib dünyanı gözəliyə, sevgiyə, məhəbbətə, sülhə və əmin-amanlığa səsləyən akademik Aida İmanquliyevanın laylasına, qurduğu Milli Aviasiya Akademiyası ilə “Uçan xalçanın arifanə dünyasını yaşayan” akademik Arif Paşayevin sığalına böyüyüb. Sindikatlarının, toxuculuq fabriklərinin izi, xurma, badam və tut bağlarının budaqları hələ də Savalanın, Səhəndin, Təbrizin, Əndəbilin ətəklərindən, Arazdan, Xudafərindən bu yana əl eləyən, şəcərə dəftəri imam Zeynalabdinə qədər gedib dayanan, övladları, nəvə-nəticələri Pişəvəri hökumətinin, Azərbaycan Respublikasının mücahidlərinə dönən, səsi dünyanın dörd bir yanından eşidilən Paşa bəyin soyundan gələn mötəbər şəxsiyyətlərin mühitində, əhatəsində, tərbiyəsində böyüyüb, püxtələşib, əsl insan, ziyalı kimi formalaşıb.
İrsi varislik - Mir Cəlaldan Nərgiz Paşayevaya
Müəllim, alim, ictimai xadim kimi çoxşaxəli fəaliyyətə məxsus olan akademik Nərgiz Paşayevanın bir alim kimi əldə etdiyi nailiyyətlər əslində Azərbaycan elminin, ədəbi, fəlsəfi, ictimai fikrinin formalaşmasına, elmi potensialının inkişafına təkan verib. Azərbaycan ədəbiyyatşünaslığının, maarifçiliyinin tədqiqi və təbliği tarixinə adı qızıl hərflərlə yazılan Salman Mümtaz, Firudin bəy Köçərli, Mir Cəlal, Həmid Araslı, Əli Sultan, Mirzə Feyzulla, Cəfər Xəndan, Məmməd Arif Dadaşzadə kimi böyük simaları olub. Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər”, “Füzüli sənətkarlığı” monoqrafiyaları bu gün də öz elmi dəyərini saxlamaqdadır. Bütün həyatını AMEA-nın Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Pedoqoji İnstitutunda, Azərbaycan Dövlət Universitetində klassik Azərbaycan ədəbiyyatı ilə bağlı şöbə və kafedranın qurulmasına, bir pedaqoq-alim kimi ədəbiyyatşünaslar nəslinin yetişməsinə həsr edən bir babanın – yazıçı, müəllim, alim Mir Cəlalın nəvəsi olmaq özü bir xoşbəxtlikdi. Belə bir müdrik kəlam var, deyirlər insan işini, peşəsini özü seçir, həyatdakı yerini və rolunu Tanrı müəyyənləşdirir. Kimsənin doğmalarını, qohumlarını seçmək imkanı yoxdu. Bu alın yazısı, Tanrının tale payıdır. Bu həqiqətdə belədir. Tanrısı, taleyi alim, müəllim, ictimai xadim akademik Nərgiz Paşayevanı seçilənlərdən edib. Onu həm də Mir Cəlalın nəvəsi kimi şərəfləndirib.
Mir Cəlalın nəvəsi olaraq o, ədəbiyyatşünaslıq tarixinə “Sabirin novatorluğu”, “Müasr Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki”, “İnsan bədii tədqiq obyekti kimi”, “Yeniləşən ədəbiyyatın yeni insanı” monoqrafiyaları, iki hissədən ibarət Qədim Yunan və Qədim Roma ədəbiyyatını əks etdirən “Antik ədəbiyyat tarixi” kimi manumental araşdırmaların, elmin, publisistikanın vəhdətindən, ilahi sevgidən, övlad məhəbbətindən yaranan “Dünya deyilən sənmişsən” kitabının, hər biri bir kitab və monoqrafiyanın özəyinə çevrilə biləcək silsilə elmi məqalələrin müəllifi kimi yazılıb. Redaktorluğu ilə işıq üzü görən kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin siyahısını isə sadalamaqla bitməz. Onun rəhbərliyi ilə hazırlanan Şərq-Qərb dəyərlərinə, sivilizasiyaların dialoquna, Azərbaycan ədəbiyyatının, tarixinin, incəsənətinin müxtəlif dövrlərini əhatə edən kitab, monoqrafiya, biblioqrafiya və kataloqlara nəinki ölkəmizin, eyni zamanda dünyanın tanınmış elmi mərkəzləri tərəfindən yüksək qiymət verilib.
Ciddi məktəblər görən, öz məktəbi olan alim
Akademik Nərgiz Paşayevanın alim kimi fitri istedadını, analitik təfəkkürünü zinətləndirən bir cəhəti də qeyd etməyi bu kiçik yazıda özümə mənəvi borc bilirəm. O, peşəkar müəllim, oxuduqlarını, öyrəndiklərini, bildiklərini yüksək natiqlik məharəti ilə auditoriyaya çatdırmaq, fikrini qısa, lakonik (şübhəsiz ki, bu məharəti də ona qalın deyil, qalan kitabların, romanların müəllifi, kiçik hekayələrin böyük ustadı kimi ədəbiyyat tarixinə düşən babası Mir Cəlaldan miras qalıb. Ş.C), əhatəli şəkildə çatdırmaq qabiliyyətini onun bir rəhbər kimi təşkilatçılıq məharəti rövnəqləndirir. Onun təşkilatçılığı, rəhbərliyi və iştirakı ilə ölkəmizdə, Bakı Dövlət Universitetində, Moskva Dövlət Universitetinin Bakı filialında, Rusiyada, İngiltərə və Fransada, Avropanın müxtəlif şəhərlərində gerçəkləşən beynəlxalq elmi konfrans, simpozium və forumlar, o cümlədən Beynəlxalq Nizami Mərkəzinin, Oksfort Universitetində təməlini qoyduğu Qafqazşunaslıq mərkəzinin İngiltərə-Azərbaycan Xeyriyyə Cəmiyyətinin xətti ilə gerçəkləşdirilən layihələr onun bəşəri dəyərlərə, sivilizasiyaların dialoquna, dəyişən dünyanın əbədi dəyərlərinə etiram hissini özündə ehtiva edir.
Dünyəvi dəyərlər naminə istənilən insanla, tərəflə dialoqa açıq olan ictimai xadim
Bir alim, təşkilatçı rəhbər kimi xanım Paşayevanın yaxından tanıyanlar, ünsiyyətdə olanlar bilir ki, o, milli, elmi və dünyəvi dəyərlər naminə istənilən insanla, tərəflə dialoqa açıq olan, dinləməyi, anlamağı, güzəştə getməyi, bağışlamağı bacaran, bir rəhbər kimi öz işçisini, əməkdaşını, tələbə, doktorantını kamilləşdirmək üçün onu danlamağı, tənbeh etməyi, həyat dərsi verməyi, lazım gələndə isə öz kadrının arxasında dayanıb ona sahib çıxmağı, vaxtın, zamanın fövqünə qalxıb, vaxtı, zamanı millətinin nəfinə işlətməyi bacaran, nədən, niyə, nə üçün yazdığını, zəhmət çəkdiyini bilən mütəfəkkir ziyalı, müdrik şəxsiyyət, tanınmış ictimai xadim, sözün geniş mənasında babaları Mir Cəlal Paşayev, Nəsir İmanquliyev kimi Xalq Müəllimidir!
Məhz bu səbəbdən də ona öz vətənində olduğu kimi, dünyanın müxtəlif guşələrində də ehtiram göstərilir, təltiflər edilir, mükafatlar verilir. Verilən fəxri adlar, mükafatlar bir müəllimə, alimə, ictimai xadimə bəşər insanının verdiyi ən böyük dəyərin göstəricisidir. Amma hadisəyə bir şərqli, azərbaycanlı gözü ilə baxdıqda düşünürsən, bu uğurların sahibi təntənəli törənlərin təşkilatçısı, təməldaşı, son məqamda bir Şərq qadını, Azərbaycanlıdır! Ömrünü auditoriyalara, qurub yaratmaq eşqi ilə çırpınan qəlbinə, amalının və əməlinin aynası olan “ÜNS” bədii yaradıcılıq səhnəsinə, Moskva Dövlət Universitetinin Bakı filialının kampusuna, kitab və monoqrafiyalarına, elmi, bədii, publisistik əsərlərinə, çoxsaylı davamçılarına, Nəsimi, Seyid Əzim, Cavid, Hadi ruhlu şeirlərinə, poetik nümunələrinə, vətəninin, milli-mənəvi dəyərlərinin beynəlxalq aləmdə, dünyəvi dəyərlərin isə öz ölkəsində təbliğinə həsr edən, bununla da maarifçilik hərəkatının aparıcı simalarından birinə çevrilən akademik Nərgiz Paşayeva həqiqət aşiqi kimi bəşəriyyəti sülhə, sabitliyə, gözəlliyə səsləyir. “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin” deyən Nizami Gəncəvi, “Mənim Tanrım gözəllikdir, sevgidir” nidası ilə tarix yaradan Hüseyn Cavid kimi özü də bir dəyərə, dəyərlərin əyarına çevrilir!
“ÜNS yaradıcılıq səhnəsi” - sivilizasiyların, mədəniyyətlərin dialoq ünvanı
“ÜNS yaradıcılıq səhnəsi”ni qurmaqla öz dəsti-xətti, orijinal iş üslubu ilə Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Üzeyir bəyin, Əbdürrəhim bəy Haqverdiyevin sinif otaqlarına, auditoriyalara sığmayan səsini mətbuata, teatra, sənətə və səhnəyə gətirən maarifçilərin, onların himayədarı Hacı Zeynalabdin Tağıyevin səsinə səs verdi. Bu məbəddə mədəniyyətlər, ədəbiyyatlar, sənət və sənətkarlar, ideya axınları dialoqa gəldi.
Yenə ötən illərə qayıtmaq istəyirəm... “ÜNS yaradıcılıq səhnəsi” fəaliyyətə, ilk teatr mövsümünə ölməz və əvəzsiz bəstəkarımız Tofiq Quliyevin Bakıya həsr olunmuş silsilə mahnıları ilə başladı. Özü də teatrın gənclərdən ibarət xorunun ifası ilə. Bu da genlərdən gələn həqiqətin səsi idi. Ala gözlü Xəzərin, Səbayel qəsrinin qoynundan boy verən Bakı Paşayevlər və İmanquliyevlərin Tanrıdan tale payıdı. Xəzərin qoynunda inci kimi parlayan bu sənət məbədində Baxın, Bethovenin, Şopenin, Şeksprin, Rustavelinin, rus klassiklərinin ümumbəşəri dəyərlər səviyyəsinə ucalan əsərləri səhnə təcəssümü tapdı. “Hər bir millətin inkişaf tarixində onun nailiyyətlərinin dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrildiyi çiçəklənmə dövrü olur” deyib, XX əsrdən XXI əsrə körpü salan, yeniləşən Azərbaycana, cənnət-məkana çevrilən Bakıya, dünyəvi dəyərlərə inteqrasiya edən mədəniyyətimizə, elmimizə töhfələr verən, bütün həyatını Şərq-Qərb dəyərlərinin sintezinə, İpək Yolu layihəsinin gerçəkləşməsinə, bəşəriyyətin ideya və məfkurə birliyinə, ərəb-məhcər ədəbiyyatının tədqiqinə, ərəb ədəbiyyatı korifeylərinin təbliğinə, dünya və Azərbaycan şərqşünaslığının problemlərinə həsr edən, zahiri və batini gözəlliyi ilə Tanrının köç əyləyib 124 min dəfə peyğəmbərlə, İbn Ərəbi, İbn Rüşd, əl-Fərabi, əl-Kindi, İbn Sina, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Şeyx Nizami, Xaqani, Nəsimi, Xətai, Füzuli, Şeyx Cəmaləddin Əfqani, Hüseyn Cavid kimi dühalarla şərəfləndirdiyi Şərqin bir parçası olan professor Aida xanım İmanquliyevaya, sevgili anasına ithaf olunması dediklərimizin təsdiqidir.
Akademik Nərgiz Paşayeva bəstəkar Firəngiz Əlizadənin “İntizar” poemasına yazdığı libiretto ilə ədəbiyyat, mədəniyyət və incəsənət tariximizdə sənətkar və ziyalı mövqeyini nümayiş etdirdi. “Qarabağ şikəstəsi”, “Qarabağnamələr” kimi özü də bir tarix olan “İntizar” operası bu gün “Qarabağnamə” adı ilə dünyanı dolanıb təkcə müəlliflərinə şöhrət gətirmir, sənətin dili ilə gerçək həqiqəti, Qarabağın tarixi sahibinin və sakinlərinin ünvanını dünyaya nümayiş etdirir, Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin, Qüdrətli Ordumuzun iradəsi ilə tarixi Zəfərə imza atan xalqımızın gücünü, qüdrətini, əzəmətini, hüdudları məlum olmayan Vətən sevgisini sübuta yetirir.
Şərəf Cəlilli

