Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri davam edir.
XQ xəbər verir ki, səfər çərçivəsində Rumıniya tərəfinin təşəbbüsü ilə Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib. Mirça Abrudean “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi tanındığını vurğulayaraq bu sahədə əldə olunan nailiyyətlərə görə Dövlət Agentliyinin sədrinə təbriklərini çatdırıb.
Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı ilə Rumıniya Parlamentində “Dövlət Sektorunda İnnovasiya Forumu”nun qalibləri ilə görüş keçirilib. Görüş zamanı dövlət xidmətləri sahəsində innovativ texnologiyaların tətbiqi və bu istiqamətdə “ASAN xidmət”in uğurlu fəaliyyəti qeyd olunub.
Səfər zamanı qarşı tərəfin təşəbbüsü əsasında Rumıniyanın Baş nazirinin müavini Marian Neakşu ilə də görüş baş tutub. Görüş zamanı qarşı tərəfə “ASAN xidmət” modeli, onun fəaliyyət mexanizmi, vətəndaş məmnunluğuna əsaslanan xidmət prinsipləri və sosial innovasiyalar sahəsində əldə edilən nəticələr barədə ətraflı məlumat verilib.
Rumıniya Hökumətinin Baş katibi ilə keçirilmiş görüş çərçivəsində ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və “ASAN xidmət” modelinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair müzakirələr aparılıb.

