Həyatını sipərə çevirən pilot

post-img

Ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlardan biri də pilot Aleksandr Kalyaninovdur. Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsi Rusiya istehsalı olan “Pantsir-S1” zenit-raket kompleksi ilə vurulandan sonra kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişdilər.

İnsan tələfatının və xəsarət alanların olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmişdi. Göyərtəsində 67 nəfər olan təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər sağ qalsa da, Aleksandr Kalyaninov və digər pilot yoldaşı, bələdçi Hökumə Əliyeva həlak olmuşdular.

Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kalyaninov Aleksandr Georgiyeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Aleksandr Georgiyeviç Kalyaninov 11 dekabr 1992-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan arzusu helikopter idarə edən atası Georgi Kalyaninov kimi pilot olmaq idi. Məktəb illərində Bakı Avropa Liseyinin fərqlənən şagirdlərindən biri kimi Aleksandr aykido və boksla da məşğul olub. Milli Aviasiya Akademiyasına qəbul olaraq orada 1 kurs oxuyub. Təhsilini daha sonra IZTECH-də davam etdirib.

A.Kalyaninov 2021-ci ilin aprelində Ukrayna Dövlət Uçuş Akademiyasında (o zaman Ukrayna Milli Aviasiya Universiteti) oxuyarkən aviasiya nəqliyyatı üzrə magistr dərəcəsi alıb. Adına Ukraynada təqaüd də təsis edilib. Həmçinin Kropivnitskdəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adı verilib. Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

Milli Qəhrəmanın anası Yelena Kalyaninova oğlunun 1 il idi ki, işə başladığını və işini çox sevdiyini qəhərlə söyləyir: “O, cəmi 1 il idi ki, işləyirdi və onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə, sən bunu qazanmısan. Onun iş qrafiki sıx idi, amma işini çox sevirdi. Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı. Qəzadan bir gün öncə mənə yazdı ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi, “WhatsApp” vasitəsilə uçuş və qayıdış vaxtını bildirdi. O, reyslərə təyin olunanda və ya qayıdanda həmişə mənə məlumat verirdi. “Narahat olma” deyirdi. Bu qədər gənc yaşda, belə böyük bir həvəslə işini yerinə yetirən oğlumdan ayrılmaq çox ağırdır”.

Müəllimi Səbinə Bayramova qeyd edir ki, Aleksandrın 5-ci sinifdən 11-ci sinfə qədər həm müəllimi, həm də sinif rəhbəri olub: “Aleksandr çox ağıllı, savadlı və dürüst bir şagird idi. Hər zaman hər kəsə kömək etməyə çalışan biri olub. Bundan başqa, dərslərini yaxşı oxuyurdu. Bundan əlavə, bir neçə xarici dil bilirdi. Milliyyətcə azərbaycanlı olmasa da, Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti var idi. Bu da öz növbəsində Türkiyədə təhsil almağına böyük kömək edib. Həmin universitetdə təhsil aldığı müddətdə də çox böyük uğurlara imza atıb. O bilirdi ki, istədiyi ali məktəbə daxil olmaq çox çətindir, amma buna baxmayaraq, hər zaman mübarizə aparırdı. Türkiyə universitetində o qədər yüksək səviyyədə oxuyurdu ki, hətta İzmir Universitetindən ingilis dilini mükəmməl bildiyi üçün Bakı Avropa Liseyinə təşəkkür məktubu yollanmışdı.

Atası da pilot olub və Aleksandr uşaqlıq vaxtından həmişə arzu edib ki, pilot olsun. O, bu peşəyə bir növ atasından ruhlanıb. Aleksandrın həlak olması hər birimiz üçün çox ağır oldu. Biz hər birimiz sinif yoldaşları ilə birgə onu çox sevmişik və hər zaman sevəcəyik. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan...”.

Aleksandr Georgiyeviç Kalyaninov xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat