Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dönəmdə Lənkəranın inkişafına hərtərəfli diqqət və qayğı göstərib dəfələrlə buraya səfər edib. Cənub bölgəsində dünya şöhrətli siyasət və dövlət xadiminin misilsiz xidmətləri daim böyük qədirbilənliklə xatırlanır.
Ulu öndərin anım günü ərəfəsində şəhərdəki Heydər Əliyev Mərkəzində unudulmaz dahi rəhbərin Lənkəran səfərləri ilə bağlı arxiv materiallarından ibarət “Sən elə bir zirvəsən!” adlı fotosərgi açılıb. Sərgi tanınmış fotoqraf, SİTA-nın və Azərtacın müxbiri Hacıağa Səlimovun arxiv sənədləri əsasında hazırlanıb.
Şəhərdə keçirilən silsilə anım mərasimləri rəngarəng olub. Lənkəran Reabilitasiya Mərkəzinin əməkdaşları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və digər kollektivlərin Heydər Əliyev Muzeyinə ekskursiyaları hər kəsə unudulmaz təsir bağışlayıb. Muzeydə nümayiş olunan zəngin ekspozisiyalarla tanış olan ziyarətçilər Heydər Əliyevin uşaqlıq illəri, siyasi fəaliyyətə gəlişi, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsi yolunda gördüyü işlər barədə ətraflı məlumat alıblar.
Heydər Əliyev Mərkəzi, 7 və 5 saylı şəhər tam orta məktəblərin birgə təşkilatçılığı ilə mərkəzdə “Heydər Əliyev irsi” və “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı və qurucusu” adlı açıq tarix dərsləri aparılıb. A.Xəlilov adına Vel kənd tam orta məktəbində şagirdlərlə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş söhbət aparılıb. Dahi liderin dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına və müasir Azərbaycanın formalaşmasına verdiyi misilsiz töhfələr bir daha xatırlanıb. Sonda Ulu öndərin həyat yolunu əks etdirən filmə baxış olub.
Mərasimlərdə Ümummilli liderin dövlət və ordu quruculuğu, təhsil və gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlardan geniş bəhs edilib, şeirlər səsləndirilib.
Ə.NƏCƏFXANLI
XQ

