Dünən Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş “Yaşayan böyük yol” adlı anım mərasimi keçirildi. Əvvəlcə iştirakçılar Ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlə tanış oldular.
Sonra muzeyin direktoru, akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq bildirdi ki, Ulu öndər ölkədə hakimiyyətə gələndə Azərbaycan müstəqilliyini itirib Sovetlər Birliyinin tərkibində yarımasılı tale yaşayırdı. Bunun nə vaxtsa başa çatacağı da bir xülya idi. Heç kəs bilmirdi ki, nə vaxtsa Sovet İttifaqı dağılacaq, Azərbaycan yenidən müstəqillik qazanacaq.
Hələ DTX-da çalışdığı 1950-ci illərdə Heydər Əliyev tələbələrin gizli yaratdığı “Azərbaycan dilini qorunmq uğrunda mübarizə təşkilatı”nın üzvlərini həbsdən qurtarmaqda kömək etmişdi. Həmin dövrdə dövlət idarələrində bütün yazışmalar rus dilində aparılır, küçədə, ictimai yerlərdə, mədəni kütləvi tədbirlərdə çıxışlarda bu dilə üstünlük verilirdi.
Akademik Ulu öndərin Azərbaycanın iqtisadi, mədəni və sosial sahələrdə əldə etdiyi uğurlarda xidmətlərindən geniş bəhs edərək dedi ki, Heydər Əliyevin siyasi şəxsiyyət, tarixi sima kimi ən böyük xidmətləri ondan ibarət oldu ki, sovet dönəmində Azərbaycanı mümkün qədər müstəqil idarə etmişdi. Ulu öndərin hakimiyyətə qayıdışı isə elə bir tarixə təsadüf etdi ki, Azərbaycanın taleyində son dərəcə dramatik hadisələr baş verdi. Azərbaycanın çətin günlərində Heydər Əliyev ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi əbədiləşdirən böyük siyasətin memarı oldu. Böyük rəhbər işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün də var qüvvəsi ilə çalışdı.
Rafael Hüseynov əlavə etdi ki, Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə xidmətlərdən başqa bir töhfəsi isə liderlik yolunu davam etdirəcək şəxsiyyəti yetişdirməsi idi. Əgər İlham Əliyev kimi şəxsiyyət olmasaydı, belə güclü lider ölkəmizi idarə etməsəydi, biz Qarabağı necə xilas edə bilərdik? İkinci Qarabağ müharibəsində İlham Əliyev təkbaşına bir orduya bərabər işlər görmüşdü.
Azərbaycanı bütün dünyada tanıtdırmaq, onu inkişaf etdirmək, dünyanın güclü ölkələrindən birinə çevirmək, sadəcə, xalqa xidmət deyil, çox böyük hünərdir. Bu gün İlham Əliyev varsa, öz dəst-xətti varsa, onun uğurlarının arxasında Heydər Əliyevin qoyduğu irs, açdığı yol, məktəb dayanır. Buna görə də Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq.
Mərasimdə Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən videoçarx nümayiş etdirildi.
Qabil YUSİFOĞLU
XQ



