100 il əvvəldən gələn səslər

post-img

Ən maraqlı məruzələrin icmalı və şərhi

I Ümumittifaq Türkoloji Qurultaya Sovet İttifaqının türkdilli respublikaları, bölgələrinin elmi və ictimai təşkilatlarını təmsil edən 111 nümayəndə, 20 nəfər xarici qonaq qatılmışdır. Ümumi 131 nəfərin içərisində türk xalqlarının nümayəndələri çoxluq təşkil etsə də, burada rusların, almanların, fransızların, macarların, ukraynalıların da türkoloqları iştirak edirdilər.

Alman alimi Teodor Menzel sonralar qurultay haqqında yazdığı memuarda qeyd edirdi ki, üzvlər ümumilikdə üç qrupa bölünürdü: elmi işçilər, siyasi xadimlər, təhsil işçiləri və yazarlar. Peşə bölgüsü haqqında yazırdı: Elmlər Akademiyasının 3 həqiqi üzvü, 18 professor, 5 dosent, 2 həkim, 1 diplomat, 1 hüquqşünas, 22 müəllim, 4 ədəbiyyatçı, 14 redaktor və jurnalist, 2 tələbə, 17 siyasətçi, 42 nümayəndənin peşəsi qeydə alınmamışdır. Əlavə olaraq 19 nümayəndə xüsusi dəvətlə iştirak etmiş, digərləri isə müxtəlif cəmiyyətləri təmsil etmişlər.

Qurultay 27 fevraldan davamlı olaraq məruzələrin dinlənilməsinə, türkologiyanın elmi məsələlərinin müzakirəsinə başlayıb. Bu, təkcə bir toplantının deyil, bütöv bir elmi dövrün başlanğıcı idi. Qurultayın materialları və stenoqrafik hesabatlardan məlum olur ki, 17 iclas keçirilmiş, 38 məruzə dinlənilmişdir. Səmədağa Ağamalıoğlu, Teodor Menzel qurultayın tanınmış türkoloq V.V.Radlovun, Türkiyə nümayəndələri isə İsmayıl bəy Qaspıralının şərəfinə keçirilməsini təklif etmişlər.

Nəticədə hər iki şəxsə həsr olunmasına qərar verilmişdir. Qurultayda 20-dən artıq görkəmli rus aliminin iştirakı xüsusi qeyd olunmalıdır. Milli mənsubiyyət fərqinə baxmayaraq, toplantıda nümayiş etdirdikləri səmimiyyət, elmi vicdan və intellektual məsuliyyət, təqdim etdikləri yüksək səviyyəli elmi məruzələri sanki onları türk xalqının bir nümayəndəsinə, bu böyük mədəniyyətin ayrılmaz parçasına çevirmişdi. Onların milli sərhədləri aşan iştirakı, məruzələrinin dərinliyi və obyektivliyi qurultayın ümumi elmi yükünü və nüfuzunu daha da artırmışdı.

Qurultaya dəvət olunmuş tanınmış türkoloqlar maraqlı məruzələrlə çıxış etmişlər: Bartold “Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, Borozdin “Tatar mədəniyyəti sahəsində ən son elmi kəşflər”, Qubaydullin “Türk-tatar xalqlarında tarixi ədəbiyyatın inkişafı”, Rudenko “Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, Messaroş “Anadolu və balkan türklərinin etnoqrafiyasının müasir vəziyyəti və yaxın gələcəkdəki vəzifələr”, Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, Poppe “Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti”, Genko “Türk dillərinin yafəs dilləri ilə münasibəti haqqında”, Aşmarin “Türkologiyanın keçmişi və indiki vəziyyəti haqqında bəzi qeydlər”, Malov “Qədim türk dillərinin öyrənilməsi”, Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın perspektivləri”, Çursin “Qafqaz türklərinin etnoqrafik öyrənilməsində yaxın vəzifələr”, Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, Ömərov “Türk dillərinin öyrənilməsi metodlari”, Açaryan “Türk və erməni dillərinin qarşılıqlı təsiri”, Şerba “Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti”, Zifeld-Simumyagi “Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında”, M.F.Köprülzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı” və s.

Ən maraqlı məruzələrin icmalını və şərhini XQ-nin oxucularına təqdim edirik.

Akademik Bartold “Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri” adlı məruzəsində qeyd edir ki, türkologiya sahəsinə aid edilən elmi fənlər arasında türk tayfaları və xalqlarının tarixi xüsusi yer tutur. Yaşadıqları tarixi dönəmlər boyu türklər, cüzi istisna ilə, öz dillərində tarixi ədəbiyyatlarını yarada bilməmişlər. Əlbəttə ki, köçəri türk tayfalarının tarixi mədəni qonşuları tərəfindən bizə məlumdur; türklər fəth etdikləri ölkələrdə məskunlaşaraq oturaq həyata keçib, türk sülalələrinin hakimiyyəti altında mədəni dövlətlər yaratmışdılar, lakin orada yaşamış məğlub xalqın mədəniyyəti o qədər güclü olmuşdur ki, ədəbi dili, xüsusən nəsr dili kimi həmin dil işlənmişdir.

Şərqi Asiyada, əsasən Monqolustanda yaşamış və ehtimal ki, X əsrdə oradan sıxışdırılaraq çıxarılmış türklərin tarixi birmənalı olaraq, bizə Çin mənbələrindən məlum olmuşdur. Biz Orta Asiyanın qərb hissəsində məskunlaşmış və müsəlman mədəniyyətinin təsiri altına düşmüş türklər haqqındakı məlumatları ərəb, əsasən isə fars mənbələrindən alırıq. Bundan əlavə, orta əsrlərdə Türküstanda, demək olar ki, ümumiyyətlə, heç bir tarixi ədəbiyyat olmayıb, yaxud ən azından bizə heç biri çatmayıb. Məsələn, Orta Asiya monqol xanlarının, o cümlədən Teymur və onun davamçılarının, varislərinin tarixi yalnız İran ərazisində yazılmış əsərlərə əsasən məlum olmuşdur. Daha əhəmiyyətli tarixi ədəbiyyat yalnız XVI əsrdə – özbəklərin dövründə ortaya çıxmışdı.

Özbəklər tərəfindən yaradılmış 3 xanlıq: Buxara xanlığında – işgüzar üslub və tarixi ədəbiyyat dili, cüzi istisnalarla, fars dilindən; Xivə xanlığında – Orta Asiya türkcəsi; Kokand xanlığında – bəzən türk dilində yazılsa da, daha çox fars dilindən istifadə edilmişdir. Bütün türk dövlətləri arasında yalnız Osmanlı İmperiyasının tarixini daha çox türk tarixi mənbələrinə əsaslanaraq öyrənmək mümkündür. Lakin Osmanlı tarixçilərinin dilində ərəb və fars sözləri çoxluq təşkil etdiyindən, türk xalqının əksəriyyəti üçün, demək olar ki, anlaşılmazdır və türkoloqu bir o qədər də cəlb etmir.

İranşünas kimi (monqol dövrünə kimi İran tarixini əsasən xarici: ərəb və yunan mənbələrinə görə öyrənə bilirik), türkoloq da nadir hallarda tarixçi olur. Türk xalqlarının tarixini öyrənmək üçün türkoloq olmaq kifayət etmir, maraqlandığın dövrdən asılı olaraq, eyni zamanda, sinoloq, ərəbşünas, iranşünas olmaq vacibdir. Mənim işim türk xalqlarının tarixinin ümumi tablosunu əks etdirmək deyil, mən qısa bir oçerkdə indiki zamanda əlçatan mənbələrin xarakteri, tədqiqat üsulları və növbədə duran suallar barədə məlumat verməyə çalışıram.

Məlum olduğu kimi, XIX əsrin sonu Orxon tarixi yazılı abidələrinin kəşfi və oxunması üçün açarın tapılması türkologiya tarixinin ən əlamətdar dövrüdür. Mən türk dilinin ən qədim yazılı tarixi abidəsinin əhəmiyyətindən danışmayacağam. Dilçilik baxımından əhəmiyyəti ilə yanaşı, VIII əsr türklərinin özləri barədə verdikləri məlumat kimi, tarixçilər üçün də önəm daşıyır və Çin mənbələrinin məlumatlarını yetərincə tamamlayır. Belə ki, danimarkalı dilçi Tomsen tərəfindən yazıların oxunması üçün açarın tapılmasından 30 il keçməsinə baxmayaraq, iş hələ də tamamlanmamış və bir çox yerdə yazıların oxunuşu, izahlar hələ də mübahisəli qalmaqdadır. Dili bilmədən, mövcud tərcümələrə istinadən yazılardan tarixi mənbə kimi istifadə etmək cəhdləri adətən, tamamilə yanlış tarixi nəticələrə gətririb çıxarıb. Orxon yazıları özlərini türklər adlandıran və VI əsrdə tarix səhnəsinə çıxmış xalqın ilk nümayəndələrinə aiddir; yazı abidələrinin kəşfindən əvvəl də bu xalqın türk əsilli olmasına şübhə yox idi. Ola bilər ki, bu dil VI əsrdən əvvəl də mövcud idi, lakin o zaman türk dili adlandırılmırdı.

Avropa alimləri türklərin Çin tarixində yaşamış bu və ya hər hansı bir köçəri tayfa ilə qohumluğu və oxşarlığına dair Çin mənbələrində verilən məlumatlara əsaslanaraq, bunlardan hansının dil etibarilə türk ola biləcəyini müəyyənləşdirməyə cəhd etmişlər. Son vaxtlar professor Pelyonun Çin ədəbiyyatında aşkar etdiyi material bu cəhdləri daha tutarlı elmi əsaslar üzərində qurmağa imkan verir. Çinlilər bu köçəri xalqların bəziləri üçün lüğətlər tərtib etmişlər; professor Pelyo 1925-ci ilin payızında Leninqradda oxuduğu mühazirəsində e.ə. I əsrdə meydana çıxmış və IV-V əsrlərdə şimali Çinə hakim olmuş sanbi xalqının dili üzrə tərtib edilmiş bir lüğəti yada salmışdır. Baxmayaraq ki, Avropa alimləri, xüsusilə, sanbilərin heç vaxt türk əsilli olduqlarını qəbul etməmiş, Avropa tarixində məşhurlaşmış sələfləri olan hunları türk hesab etmişlər, bu lüğət professor Pelyonun sözlərinə görə, açıq-aşkar sanbilərin türk olduğunu göstərir.

Professor Pelyo məqalələrinin birində XII əsrədək şimali Çində hakim olmuş və ölkəyə adını vermiş çinlilərin lüğəti barədə qeyd etmişdir; çinlilər hər şeydən əvvəl tunquz əsilli adlandırılıblar, lakin bu lüğət onların dilinin monqol dili olduğunu göstərir. Pelyonun fikrincə, VI əsr türklərinin sələfləri olan avarlar monqol əsillidirlər. Göründüyü kimi, professor Pelyonun əlində olan material o qədər əhəmiyyətlidir ki, onu nəşr və tədqiq etmədən hər hansı bir dövrə aid xalqın kökü, mənşəyi barədə nəticə çıxarmaqdan çəkinmək lazımdır.

Görünür, müəyyən tarixi nəticələrə dilçilik araşdırmalarının təsir göstərməsi qaçılmazdır. Artıq uzun müddətdir ki, dilçilər arasında türk dilləri sırasında xüsusi yer tutan və digər türk xalqları tərəfindən anlaşılmayan yakut dili ilə yanaşı, çuvaş dili ətrafında da mübahisələr yaranmışdır. Bəzi türkoloqlar bu fərqliliyi türklərin finlər ilə qarışması ilə izah etməyə çalışmış, digərləri isə bu fərqi türk dillərinin inkişaf mərhələsinin erkən dövrünə dair qalıqları kimi görürdülər.

Şübhəsiz ki, N.N.Poppenin araşdırmaları daha çox sonuncu fikri təsdiqləyir. N.Poppe türk şivələri ilə monqol dilini müqayisə edərək belə bir nəticəyə gəlmişdir ki, çuvaş dili heç birinə aid deyil və ya bu bağlılığın üçüncü qolu kimi, ya da türk dillərinin hələ formalaşmadığı dövrün qalıqları kimi qəbul edilməlidir.

Zaman baxımından bu linqvistik faktı tarixi materiallar ilə müqayisə edərkən çuvaşları Orta Asiyadan Avropaya ilk köç hərəkatının əsas nümayəndələri olan hunların qalıqları kimi qəbul etməliyik. Belə olan halda, görünür ki, macar dilindəki türk elementləri, həmçinin ərəb coğrafiyaşünaslarının sözlərinə görə, X əsr Orta və Aşağı Volqaboyu mövcud olmuş həm türk, həm də fin dillərindən fərqlənən xüsusi dil – bulqar və xəzərlərin dili ilə də əlaqələndirilməlidir. Beləliklə, e.ə. III əsrdə Çin tarixində meydana çıxmış hunları çuvaşların qədim tarixi əcdadları kimi qəbul etməliyik.

İlkin olaraq Çin, daha sonra müsəlman mənbələrində qeyd olunan türk xalqları sırasına əvvəl Yenisey çayının yuxarı sahillərində, sonradan tədricən cənub-qərbə – Cetiysu vilayətinə və ya Semireçye (Yeddi çay – N.M.) tərəfə hərəkət etmiş və hazırda orada yaşayan qırğızlar da daxildir. Çin mənbələrinə əsasən qırğız dilinə dair bildiklərimiz bu dilin xarakterik türk dili olmasına, lakin antropoloji xüsusiyyətlərinə görə türk mənşəli olmamasına dəlalət edir (məsələn: açıq rəngli saç). Bu halda, Çin və müsəlman mənbələrinin məlumatları əsasən, qeyd olunan antropoloji xüsusiyyətləri nəzərə almaqla tam şəkildə təsdiqini tapır, qırğız və slavyanlar arasında mənşə etibarilə qohumluq əlaqələrinin olduğu düşünülürdü. Hər halda, antropoloji xüsusiyyətlərin mövcudluğunu isbatlayan və sonrakı yüzilliklərdə tamamilə yoxa çıxmış fakt qarşımızdadır.

Çin mənbələrində müxtəlif transkripsiyalarda “qırğız” sözünə “türk” sözündən daha əvvəl rast gəlinir. Professor Pelyo bu transkripsiyalardan ən qədimi olan “qyan-qun”u monqol dilində “qırkun” sözünün tək halda işlənmiş forması kimi izah edir. Bu, çinlilərin qırğızlar haqqında məlumatı monqollardan əldə etdiklərinə işarə edir. Digər bir transkripsiyanın yanlış oxunuşu “xakas” sözünü yaratmışdır – əvvəllər qırğızların yaşadığı həmin ərazidəki Yenisey türkləri özlərini xakas adlandırıblar. Qədim türklərin mədəni səviyyələri barədə yazılı mənbələrlə yanaşı, digər arxeoloji materiallar da var. İndiyədək bu materialların öyrənilməsində irəliləyiş nisbətən azdır; bütün hallarda arxeoloji materialın yazılı mənbələr tərəfindən ya tam, ya da yetərincə işıqlandırılmaması, xüsusilə fərdi kateqoriyaya aid əşyaların tarixlərinin dəqiqləşdirilməməsi çətinlik törədir.

Bu mənada görkəmli alimlər belə səhv nəticələrə gəlmişlər – Çin və bir çox Qərb mənbələrinə əsasən müəyyən məlumatlar olsa da, Radlov Orxon-Yenisey abidələrinin oxunuşundan əvvəl nə Yenisey yazılarının, nə də daş abidələrin türklərə mənsub olduğunu düşünürdü. Rodlovun qənaətinə görə, arxeoloji materiallar və yazılı mənbələr arasında digər ziddiyyətli hallar da vardır, çinlilər türklərdə cənazənin yandırılması adətinin mövcud olduğunu deyirlər. Radlov tərəfindən qazıntı aparılmış türklərə məxsus məzarlarda meyitin yandırılmasına dəlalət edən əlamət aşkar edilməmişdir. Belə ki, sonralar belə məzarlar tapılmışdır – Çin mənbələrinin verdiyi məlumatlar o qədər aydın və dəqiqdir ki, onları şübhə altına almaq çətindir.

1925-ci ildə Orxon abidələrinin yerləşdiyi yerdə professor Vladimirsov tərəfindən aparılmış qazıntılar dəqiq tarixi qeyd olunmasa da, bir sıra mühüm tapıntılar, o cümlədən VII əsrə aid türk döyüşçüsünün heykəlinin aşkar edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə P.K.Kozlovun monqol-Tibet ekspedisiyası zamanı aparılan arxeoloji qazantılar zamanı abidələrin tarixləndirilməsində indiyə qədər mövcud üsulların etibarsız olduğu tam şəkildə üzə çıxmışdır. Tədqiqatçılar Xan sülaləsinə aid dəmir sikkələr ilə birlikdə tapılan əşyaları ilkin olaraq e.ə. sonu – e. I əsrinə aid etməyə meyil etmişlər; belə ki, əşyalar arasında yunan təsirini bəlli edən, eləcə də Qərb və Uzaq Şərq arasında təxmin ediləndən daha erkən və geniş mədəni əlaqələrin olduğunu aşkar edən nümunələr tapılmışdır. Çin mədəniyyətinin tədqiqatçıları, xüsusilə professor Pelyo və antik mədəniyyət bilicisi V.F.Farmakovski ekspedisiya zamanı əldə edilən tapıntıların daha sonrakı dövrə aid olduğunu sübut edən dəlillər ortaya qoymuşlar.

Qırğızlar cənub-qərbə doğru hərəkətdən əvvəl Şərqə – Monqolustana doğru irəliləmişlər, onlar təxminən 840-cı ildə Şərqi türklərin sonuncu köçəri Uyğur dövlətini məhv etmişlər. Bu hərəkat türklərin fəthetmə istiqamətinin əksinə – qərbdən şərqə doğru olan nadir yürüşlərdən biri kimi maraq doğurur, çünki türklərin bütün hərəkatları, demək olar ki, şərqdən qərbə doğru istiqamətdə olurdu. Bu hadisə, eyni zamanda, qırğız xalqının Orta Asiyanın siyasi tarixində oynadığı yeganə rolu idi (ruslar tərəfindən yanlış olaraq bu adı almış digər xalqı deyil, əlbəttə ki, özünü qırğız adlandıran xalqı nəzərdə tuturam).

Qırğızların özləri üçün bu cəhd böyük nəticələr verməmişdir, artıq X əsrin əvvəllərində monqol əsilli çinlilər tərəfindən sıxışdırılıb çıxarılmışdılar, yalnız bu fakt, görünür ki, türklərin Orta Asiyanın şərqindən qərbə doğru hərəkət etməsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Onlar əksər türk xalqının din birliyini təşkil edən İslamı könüllü surətdə qəbul etdilər. Bizə, təbii ki, türklərin tarixi, əsasən müsəlman mənbələrindən məlumdur, burada Çinlə həmsərhəd erkən dövr türk dövlətlərinin tarixi, məlum olduğu kimi, son zamanlar yeni mənbələrin – X əsrin sonuna aid “Tuman əlyazması” adlı fars coğrafi əsərinin, Gərdizinin XI əsrə aid tərtib etdiyi fars tarixi, həmçinin XI əsrin II yarısına aid və daha əski mənbələrə istinadən Bağdadda Mahmud Kaşğari tərəfindən ərəb dilində tərtib edilmiş və türk xalqları, onların məskunlaşdıqları ərazilər, o dövrdə türklərə aid olan şəhərlər və s. barədə geniş coğrafi və etnoqrafik məlumatları əks etdirən türk ləhcələrinə dair əsərin aşkara çıxarılması nəticəsində bir çox məsələ yeni elmi əsaslarla öyrənilmişdir. Lakin mənbələrə tənqidi yanaşma üsulları hələ tam şəkildə müəyyən edilməmişdir. Müsəlman ədəbiyyatının, o cümlədən coğrafi əsərlərə mənbəşünaslıq baxımından yetərincə diqqət ayrılmırdı.

Əgər X əsr müəllifinin əsərində hər hansı bir coğrafi məlumat varsa, bu heç də həmin dövrün faktlarına uyğun gəldiyi demək deyil; adətən, müəlliflər özlərindən əvvəlki müəlliflərin yazılarına istinad etmədən daha əski dövr məlumatı kimi təkrar edirlər. Bu baxımdan, X əsr müəllifinin yazdıqlarını həmin dövrün reallıqları ilə əlaqələndirmək bəzən səhv nəticələr verir.

Çin mənbələrindən məlum olur ki, Monqolustandan sıxışdırılıb çıxarılmış uyğurlar Çin Türküstanı ilə həmsərhəd, indiki Turfan, Gücən və digər şəhərlərin yerləşdiyi ərazidə dövlət yaratmışdılar; XIII əsr müsəlman müəllifləri həmin ərazilərdə uyğurların yaşadıqlarını qeyd edir, lakin IX–X əsrlərin coğrafi ədəbiyyatında uyğurların əvəzinə hər yerdə “toquzquzlar” (türk dilində tokuz-oğuz – “doqquz oğuz”) adı çəkilir. Bu adın tərkibində “uyğur” deyil, “oğuz” sözü var, bu ad uyğurlara deyil, onların əcdadları olan və Orxon yazılarında adları çəkilən qədim türklərə məxsusdur.

Bu ziddiyyəti izah etmək üçün çox səy göstərilmişdi, belə ki, “oğuz” və “uyğur” sözlərinin eyni mənşədən olduğunu iddia edir, bu sözlərin fərqini ayrı-ayrı türk ləhcələrinin fonetik xüsusiyyətləri ilə izah etməyə çalışmışlar. Bundan başqa, ərəb əlifbasında “toquzquz” sözü hələ uyğurlar Çin Türküstanında olmadıqları vaxtdan var idi; Çin mənbələrindən məlum olur ki, uyğurlardan əvvəl ora tokuz-oğuzların bir qismi köç etmiş, sonradan şərqə doğru gedərək Çinin sərhəd hissələrində məskunlaşmışlar. Çox güman, tokuz-oğuzlar orada yaşadıqları zaman ərəblər Çin Türküstanı ilə tanış olmuşlar və IX əsrin 2-ci yarısından uyğurların ora gəlişinə məhəl qoymadan, ənənəvi olaraq bu bölgədə yaşayanlara eyni ad verilmişdir. Yeganə olaraq, ərəb mənbələri içərisində Orta Asiyaya dair bizə gəlib çatan müəllifin – Mahmud Kaşğarinin ərazi və yerli əhali ilə şəxsi tanışlığı əsasında yazdığı əsərdir ki, burada da tokuzquzlar deyil, uyğurlardan bəhs olunur.

Ümumiyyətlə, Mahmud Kaşğarinin əsəri Orta Asiyanın mədəni tarixi və coğrafiyasını öyrənmək üçün çoxlu yeni materiallar təqdim etmişdir; lakin Mahmud Kaşğaridən sonra da bir çox məsələlər hələ aydınlaşdırılmayıb.

Bizim üçün indi əlçatan olan mənbələrdə belə Orta Asiyanın qərb hissəsində türklərin mədəni tarixinin əsas faktı – onların tədricən islamın və fars-müsəlman mədəniyyətinin təsirinə düşməyi izah edilmir. Xüsusilə Çin Türküstanında aparılmış arxeoloji araşdırmalar sayəsində, türklərin islamdan əvvəlki mədəni tarixi bizə yaxşı məlum olduğundan, bu məsələ daha da mürəkkəbləşir.

Qərbdən dini təbliğat başlamazdan əvvəl türklərin şərqi iranlıların – soqdilərin mədəni təsiri altında olduqları bizə artıq məlumdur. Əvvəllər güman edildiyi kimi, türklər suriyalı xristianlara deyil, məhz soqdilərə borcludurlar. Onların əlifbası “uyğur əlifbası” adlandırılmışdır, bəlkə də bu, Orxon yazısı ilə əlaqəlidir ki, türkcə dini ədəbiyyat (buddist, manixey və xristian) olmuşdur; türklərin fars təsiri başlamazdan əvvəl həm xalq, həm də bədii poeziya ənənəsi və hətta saray şairlərinin olduğunu Mahmud Kaşğaridən öyrənmişik.

Türklərin islamı müsəlmanlar tərəfindən silah gücünə deyil, könüllü qəbul etdikləri diqqətəlayiqdir. Türklərin islamın təsiri altında olması isə bu dinin mədəni hadisə olduğunu bir daha sübut edir. Biz xristianlığı və ya buddizmi qəbul etmiş heç bir müsəlman xalqı tanımırıq, lakin bir sıra buddist və xristian xalqının islamı qəbul etdiyini bilirik.

Türklərin Ön Asiyaya yönəlmiş fəth hərəkəti hələ İslamdan əvvəlki dövrdə başlanmış və islamı qəbul etdikdən sonra daha böyük uğurla davam etmişdir. Xəlifələrin və İran hökmdarlarının xidmətində yüksələn türk mənşəli sərkərdələr tərəfindən yaradılmış çoxsaylı sülalələrdən başqa, monqol dövründən əvvəl iki mühüm dövlət formalaşmışdır ki, onların yaranması islamı qəbul etmiş türklərin fəth hərəkatı ilə bağlı idi: Səlcuq sultanlarının imperiyası və Qaraxanilər dövləti. Birincinin tarixi bizə daha yaxşı məlumdur, fəthçi xalqın oğuzlar olduğunu bilirik, bir zamanlar Monqolustanda hökm sürmüş və islamı qəbul etdikdən sonra “türkmən” adlandırılmışlar. Qaraxanilərin isə hansı türk tayfasından törəndiyi hələ də tam müəyyənləşdirilməyib; hətta o dövrdə yaşamış Mahmud Kaşğari belə bu barədə məlumat vermir, yalnız Qaraxanilər dövründən bəhs edir.

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

(ardı var)

 



Sosial həyat