Aktauda Ulu öndərin xatirəsinə elmi-praktik konfrans

post-img

Azərbaycanın Aktaudakı Baş konsulluğunun və burada fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qazaxıstan: Liderlik, İrs və Müasir Əhəmiyyət” elmi-praktik konfrans keçirilib.

Konfransda universitetin rəhbərləri, müəllim və tələbələr, Türkiyənin, Özbəkistanın, İranın baş konsulları, Türkmənistanın konsulu, Baş konsulluğumuzun əməkdaşları və diasporumuzun üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ulu öndərin həyat və fəaliyyətinə dair kitablardan ibarət sərgi ilə tanış olublar.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov konfransı açaraq Ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verib. Ölkəmizin Akatudakı baş konsulu Ayxan Süleymanlı, universitetin rektoru Berik Axmetov, “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, o cümlədən konfransa ölkəmizdən onlayn qoşulan AMEA və Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü, professor Vəli Hüseynov və başqaları çıxış edərək, Ulu öndərin həyat yolundan, Qazaxıstanla Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsində verdiyi mühüm töhfələrdən danışıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Aktau

Mədəniyyət