Paytaxtın küçə adlarında təkrarçılıq

post-img

Eyni şəxsin xatirəsi Bakının müxtəlif rayonlarında 3-4 dəfə əbədiləşdirilib

“Ötən gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna edilən dəyişiklik ictimaiyyətin diqqət mərkəzində olan aktual məsələlərindən bəhs edir. Məlumdur ki, oktyabr ayının hər anı Zəfər salnaməmizdə öz əksini tapmaqla şanlı tariximizin qızıl hərflərlə yazıldığı dövrü xatırladır”.

Bu fikirləri XQ-yə eksklüziv açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi. Deputat qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də əziz şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı müəyyən boşluqlar qalmaqdadır: “Ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsinin əbədiləşdirilməsi həm onların ailələri, həm də ictimaiyyət tərəfindən davamlı olaraq müzakirə olunur. Prezident İlham Əliyev ən mötəbər kürsülərdə, o cümlədən BMT Baş Assambleyasının 80-ci sessiyasında və Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə çıxış edərkən şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını xüsusi vurğuladı”.

Deputat həmçinin onu da qeyd etdi ki, qanun layihəsində dəyişikliklər birbaşa bu məsələyə aiddir: “Sənəddə göstərilir ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya adlarının dəyişdirilməsi ilə bağlı qərar barədə yuxarı icra hakimiyyəti orqanını müəyyən olunmuş müddətdə məlumatlandırır. Bu baxımdan hesab edirəm ki, bu dəyişikliklərin qəbul olunması şəhidlərimizin adlarının daha düzgün və sistemli şəkildə əbədiləşdirilməsinə töhfə verəcək”.

Son yüz il ərzində, xüsusilə Bakı şəhərində küçə adlarının müəyyənləşdirilməsi prosesində bir sıra uyğunsuzluqların və ziddiyyətlərin müşahidə olunduğunu təəssüflə bildirən deputat dedi: “Bakı şəhəri vahid inzibati ərazi olsa da, bəzi hallarda eyni şəxsin adı şəhərin müxtəlif rayonlarında 3-4 dəfə əbədiləşdirilib. Şübhəsiz ki, Azərbaycanın elə tarixi şəxsiyyətləri var ki, onların adlarının ölkəmizin bütün bölgələrində yaşadılması zəruridir. Lakin bu kimi istisna hallar diqqətlə araşdırılmalı və balanslı şəkildə yanaşılmalıdır. Hesab edirəm ki, aidiyyəti dövlət qurumları Bakının bütün küçə, prospekt və meydanlarının adlarını yenidən nəzərdən keçirməli, bu sahədə vahid yanaşma təmin edilməlidir. İnternetdə yerləşdirilən məlumatlara baxdıqda, paytaxtın toponimikasında hələ də ciddi boşluqların mövcud olduğu aydın görünür”.

Məlahət İbrahimqızı Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələ Zirvə Görüşündəki çıxışında Prezident İlham Əliyevin gələn il Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini dedi: “Bu mühüm təşəbbüs Qəbələ Bəyannaməsində də öz əksini tapdı.

Xatırladaq ki, 1926-cı ildə türkdilli xalqlarının yaşadığı müxtəlif ərazilərdən 130-dan çox görkəmli alim və ziyalı Bakıda, İstiqlaliyyət küçəsində yerləşən İsmailiyyə binasında toplanaraq 10 gün davam edən qurultayda iştirak ediblər. Təəssüf ki, həmin parlaq şəxsiyyətlərin çoxu sonradan Sovet–Stalin rejiminin qurbanı oldu. Hesab edirəm ki, Prezidentin bu tarixi hadisə ilə bağlı səsləndirdiyi təşəbbüs əsasında müvafiq dövlət qurumları Birinci Türkoloji Qurultayın keçirildiyi binada xatirə barelyefinin quraşdırılmasını təmin etməlidirlər”.

T.ARAZOĞLU
XQ

Sosial həyat