Pakistanda “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı olub

post-img

Pakistanda Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan, Azərbaycanın Vətən müharibəsində qazanılan şanlı Qələbəsinə həsr edilən “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib. 

Pakistan Milli Assambleyasında (PMA) baş tutan mərasimdə PMA-nın vitse-spikeri Syed Ghulam Mustafa Şah, ölkənin federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, habelə Pakistan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri, milli assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin səfirləri, digər diplomatlar, ictimaiyyətinin tanınmış üzvləri, tarixçi-alimlər, QHT və KİV nümayəndələri və bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizə ehtiramın əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən dualar oxunub, ölkəmizə və xalqımıza əmin-amanlıq, sülh, inkişaf və tərəqqi arzulanıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrinimizin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq zəfər çaldığını dinləyicilərin diqqətinə çatdırıb.

Bununla yanaşı diplomat 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini vurğulayarq, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini  bildirib.

İki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edən səfir bildirib ki, Pakistan həmişə Azərbaycanın ədalətli mövqeyini regional və beynəlxalq platformalar çərçivəsində hərtərəfli şəkildə dəstəkləyib. 

Natiq son olaraq kitabın urdu dilində tərcümə edilməsində göstərdikləri əməkdaşlığa görə Muslim İnstitutu, Azərbaycan Ticarət Evi, Pakistanın Milli Dilin Təbliği İdarəsi və Milli Assambleyanın rəhbərliyinə təşəkkür edib.

Tədbirdə həmçinin Syed Ghulam Mustafa Şahın və Türkiyənin Pakistandakı səfiri Irfan Nəziroğlunun çıxışları dinlənilib. Məruzəçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi qələbə haqqında danışaraq müstəqilliyimizin ilk günlərindən etibarən Pakistan və Türkiyənin Azərbaycanla davamlı həmrəylik nümayiş etdirdiyini bildiriblər. 

Kitab tədbirdə iştirak edən qonaqlara, o cümlədən Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilib və bu ölkənin beyin mərkəzlərinə, Milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad





Sosial həyat