Zəfər şəhidlərinin xatirəsinə ümumxalq ehtiramı

post-img

Qarabağın 30 illik işğaldan azad edilməsi ən yeni tariximizə Vətən müharibəsi adı ilə yazılıb. Müharibənin ilk günündən yağı tapdağından xilas edilən torpaqlarımız uğrunda şəhidlər vermişik. Zəfər yürüşümüzün Qələbə ilə başa çatması 3 minədək igid Vətən övladının qanı bahasına qazanılıb. 27 sentyabr həm də tariximizə yeni bir Şəhidlik dastanının ilk səhifəsi kimi düşüb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən, 27 sentyabr 4 ildir ki, Azərbaycanda və dünyada II Qarabağ müharibəsində həlak olan hərbçilərin xatirəsinin yad edildiyi Anım Günü kimi qeyd edilir. Builki Anım Günündə də ölkəmizin hər yerində, soydaşlarımızın yaşadıqları dövlətlərdə şəhidlərimizin Vətən yolunda qurban getmələri qədirbilənliklə xatırlanır, onların ruhuna rəhmət oxunur.

FHN

Fövqəladə Hallar Nazirliyində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Nazirliyin rəhbərliyi, məsul əməkdaşları, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları mərasimdə iştirak ediblər.

Nazir müavini, general-mayor Adil Abdullayev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribat törətməsinə cavab olaraq başlayan, 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.

Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Emil Məmmədov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili-xidmət kapitanı Əlibala Əlizadə, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Mətanət Qəhrəmanova və FHN Akademiyasının kursantı Ruslan Cəbiyev Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən qürur hissi ilə danışıblar.

Sonda Anım Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Nazirliyin Mülki müdafiə qoşunlarının komandanlığında da Anım Günü ilə əlaqədar mərasim keçirilib.

ANAMA

Anım Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 44 günlük Vətən müharibəsində iştirak etmiş agentliyin bir qrup əməkdaşı ilə görüş keçirib.

İdarə Heyətinin sədri müharibədə qazanılan Zəfərin xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və siyasi iradəsi, Ordumuzun böyük şücaəti və yüksək döyüş hazırlığı nəticəsində 44 gün davam edən müharibədə torpaqlarımız işğaldan azad edilib: “Bugünkü müstəqil, təhlükəsiz və yenidən qurulan Qarabağ uğrunda apardığınız mübarizəni dövlətimiz və xalqımız daim yüksək qiymətləndirir. Sizin xidmətləriniz yalnız döyüş meydanında deyil, hazırda da mina təhlükəsi ilə mübarizə fəaliyyətində davam edir və bu, olduqca şərəfli bir missiyadır”.

Döyüşlərlə bağlı təəssüratlarını paylaşan müharibə iştirakçıları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əsgərlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının birliyi və dəstəyi sayəsində Zəfər qazanıldığını bildiriblər. Hazırda isə mina təhlükəsi ilə mübarizə fəaliyyətində iştiraklarının onlar üçün mənəvi borc olduğunu qeyd ediblər.

Şəhərsalma və Arxitektura Komitəsi

Dövlət Komitəsində Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Yaddaşlarda iz qoyan kadrlar” adlı anım mərasimi keçirilib.

Komitə sədrinin birinci müavini Namiq Hümmətov, 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığından bəhs edib. Sonra tədbir iştirakçıları “Yaddaşlarda iz qoyan kadrlar” adlı xüsusi təqdimatı izləyiblər.

Ön cəbhədə çəkiliş aparmış fotomüxbirlər Reza Deqati, Emin Səfərov və Aydın Oqtayoğlu arxiv fotoları əsasında müharibənin yaşatdığı ağrı-acıları, eyni zamanda Azərbaycan Ordusunun şücaəti və xalqımızın ruh yüksəkliyi ilə bağlı təəssüratlarını bölüşüblər.

AMEA

Dünən də AMEA-da “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” mövzusunda konfrans keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq beşinci ildir 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edildiyini vurğulayıb. O qeyd edib ki, bu tarixi gün 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Vətən müharibəsi son yüz ilin ən qısa və uğurlu, qalibiyyətlə bitən müharibəsidir. Bu Zəfər həm respublika, həm də beynəlxalq miqyasda Azərbaycanın strateji mövqelərinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və həmrəyliyin qorunmasına xidmət edir.

Məclisdə Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Böyük Zəfərin start nöqtəsi - 27 sentyabr: tarix və müasirlik” adlı məruzə ilə çıxış edib. Arxeologiya və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva və digər çıxış edənlər Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yerini və bu günün milli yaddaşda daim yaşadılmasının əhəmiyyətini qeyd ediblər.

AMEA-nın Tarix və Etnologiya İnstitutunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Vətən müharibəsi qəhrəmanları və dövlət suverenliyinin bərpası” mövzusunda dəyirmi masa keçirilib.

Prezident Kitabxanası

Prezident Kitabxanasının konfrans zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxananın direktoru, professor Afət Abbasova 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxan və əbədi yaşadılacaq bir tarix olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik sərkərdəlik bacarığı və uzaqgörənliyi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, xalqımızın qəhrəmanlıq salnaməsini yazmışdır.

Direktor müşaviri Nazim Mustafa, bölmə müdirləri Kəmalə Qasımova, Zakir İsmayılov, biblioqrafı Rəxşan Quliyeva 44 günlük Vətən müharibəsinin milli tariximizdəki mühüm rolundan bəhs edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Sonda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Paytaxt məktəbləri

Bakı şəhərinin ümumi təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı müxtəlif tədbirlər təşkil edilib, şәhid ailәlәri, qazilər və müharibə veteranları ilә görüşlәr keçirilir.

Anım mərasimlərində şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir, Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verilir. Görüşlərdə Prezident İlham Əliyevin sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid əsgər və zabitlərimizə, ümumxalq ehtiramının ifadəsi olduğu vurğulanır.

Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Naxçıvan

Naxçıvan Dövlət Universitetində 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət 40-a yaxın rəsm əsərinin təqdim olunduğu “Unudulmayanlar” adlı sərgiyə baxış olub. Məclisdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının şanlı tarix səhifələrindən biridir. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq 30 illik işğala son qoyub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Zəfərin ədəbiyyatda əksi”, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanlı Azərbaycan tarixində Qarabağ, Hüquq fənləri kafedrasının müəllimi Əli Qədimov “Vətən müharibəsinin diplomatik aspektləri” mövzularında çıxış ediblər.

Sonda Universitet Televiziyasının hazırladığı, şəhidlərin qəhrəmanlıq yolunu əks etdirən “Qəhrəmanlıq salnaməsi” adlı reportaj nümayiş olunub.

***

Muxtar Respublikada Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası da təşkil olunub.

Naxçıvan–Çalxanqala avtomobil yolunun sağ kənarında keçirilən aksiyada muxtar respublika ekoloqları 1 hektar sahədə 400 tut tingi əkiblər.

Qubadlı

Anım Günü ilə əlaqədar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının iştirakı və birgə təşkilatçılığı ilə Qubadlı rayonunda bir hektar ərazidə ağacəkmə aksiyası təşkil olunub.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq keçirilən tədbirdə rayonun torpaq-iqlim şəraitinə uyğun 1200-dən çox müxtəlif növ ağac əkilib.

Türkiyə

Türkiyənin Egey Universitetində təhsillərini davam etdirən Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramı tələbələri 27 Sentyabr – Anım Günü münasibətilə toplantı keçiriblər.

Çıxış edən tələbələr Vətənə bağlılığın, milli birlik və vətənpərvərliyin təcəssümü olan bu günün Azərbaycan xalqı üçün əhəmiyyətini qeyd edərək, xalqımızın haqq savaşının dünya ictimaiyyətində tanıdılmasının vacibliyini vurğulayıblar. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri diqqətə çatdırılıb, şəhidlərin göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açılıb.

Qazaxıstan

Azərbaycanın Qazaxıstandakı səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir təşkil edilib.

Səfir Ağalar Atamoğlanov Azərbaycan torpaqlarının bir hissəsinin 30 il ərzində işğal altında qalmasından bəhs edib. O bildirib ki, mübarizə nəticəsində bu torpaqlar azad edilib və bununla da ədalət bərpa olunub, insanlar yenidən öz yurdlarına qayıdıblar. Bu gün Azərbaycan inamla müstəqilliyini möhkəmləndirir, dövlətçiliyini inkişaf etdirir. “Anım Günü milli yaddaşda saxlanmalı və Azərbaycanın şanlı tarixinin bir hissəsi kimi gələcək nəsillərə ötürülməlidir.

Qazaxıstanda “Xəzər” Etnomədəni Birliyinin dəstəyi ilə şəhidlərin xatirəsinə ehsan süfrəsi də təşkil olunub. Azərbaycan icmasının nümayəndələri Vətənin müdafiəçilərinin xatirəsini yaşatmağın vacibliyini vurğulayıblar.

Sonda ictimai fəaliyyətlərində fərqlənən Azərbaycan gənclərinə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda da Anım Gününün beşinci ildönümü ilə bağlı mərasim keçirilib.

Macarıstan

Azərbaycannın Macarıstandakı səfirliyi Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunan onlayn konfrans keçirib.

Assosiasiya sədri Fərqanə Bayramlının moderatorluğu ilə keçirilən məclisdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış ediblər.

Mərasimdə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünü və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının təmin edildiyi qeyd olunub.

İndoneziya

Anım Günü ilə əlaqədar İndoneziyanın paytaxtı Cakartadakı İstiqlal məscidində cümə namazı mərasimi keçirilib.

Məscidin imamı mərasimin Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunduğunu, Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə ədalətin bərqərar deyib. Səfir Ramil Rzayev Anım Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin müqəddəs məsciddə yad edilməsinin Azərbaycan və İndoneziya xalqları arasında möhkəm qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu bildirib. O, tədbirin təşkilində dəstəyə görə məscid rəhbərliyinə, dini işlər üzrə nazirə təşəkkür edib.

İndoneziyanın dini işlər üzrə naziri Nasruddin Umar çıxışında 27 sentyabr tarixinin səfirliyin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə ehsan verməsini təqdir edib.

Sonra səfirlik tərəfindən İstiqlal məscidində 1300-ə yaxın şəxsə ehsan payı verilib.

Paris

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş məclis keçirilib.

Səfir Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və səfirliyimizin hərbi attaşesi Cavid Abdullayev çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıblar. Natiqlər Prezident İlham Əliyevin sərəncamı ilə 27 sentyabrın Anım Günü kimi qeyd edilməsinin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbaycan hərb tarixində qəhrəmanlıq salnaməsi yazıb. Bu azadlığı və fəxarəti bizə bəxş edən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Hazırladı:
T.RÜSTƏMLİ

XQ













Sosial həyat