Sentyabrın 22-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Naxçıvanda qonaq olan professor İlbər Ortaylının yerli ictimaiyyətlə görüşü olub.
Görüşdə dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri və bir sıra tanınmış şəxslər iştirak ediblər.
Tədbir professor İlber Ortaylının həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Sonra Naxçıvan Dövlət Universitetin rektorun Elbrus İsayevin rəhbərliyində beş modul üzrə İlber Ortaylının çıxışları dinlənilib.
İlbər Ortaylı ilk dəfədir Naxçıvanda olduğunu və məmnunluq duyduğunu söyləyib və bu xüsusi diqqət üçün hər kəsə təşəkkürünü bildirib. Ortaylı proqram çərçivəsində “Azərbaycan və Naxçıvan tarixi”, “Tarix və müasirlik”, “Türk dünyası”, “Gənclik və zaman”, “Təhsil və elm” başlıqlı mövzularda zəngin bilgilərini bölüşüb. Professor Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında çıxış edib. Tanınmış elm xadimi İlber Ortaylı bildirib ki, “Böyük öndər Heydər Əliyev necə gözəl ifadə edib. Bir millət, iki dövlətik". Bu fikir sehirli bir düstur, tarixi ifadədir. Türkiyə və Azərbaycanı birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var. Bu iki dövlət ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib ölkələr olub, bir birinə dostluq, qardaşlıq münasibətləri ilə bağlıdır. İlber Ortaylı Naxçıvanın tarixən önəmli region olduğunu, Osmanlı dövründə, XIII,XIV,XV əsrlərdə xüsusən diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, “ Bu gün də Türk dünyasına açılan qapı Naxçıvanda, Naxçıvan Dövlət Universitetində anadolulu gənclərin də təhsil aldığını, buradakı tələbələrlə gözəl ünsiyyət qurduğunu görmək məni xoşbəxt etdi".
Görüş tarixə, elm, mədəniyyətə dair tədbir iştirakçılarının ünvanladığı suallarla davam edib.
Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüşdən xatirə olaraq Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Mömünə xatun türbəsinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib
Qeyd edək ki, 20-22 sentyabr tarixlərində tanınmış türkiyəli tarixçi alim, Türk Tarix Qurumunun Fəxri Üzvü, yazıçı İlber Ortaylının Naxçıvana səfəri baş tutub. Elm xadimi muxtar respublikada bir sıra görüşlər keçirib və çıxışları olub.
Səbuhi HƏSƏNOV