Akademik Zərifə Əliyevanın elmi irsi ingilis dilində

post-img

Azərbaycan oftalmologiya elmi məktəbinin yaradıcısı akademik Zərifə Əliyevanın təbabət elminə gətirdiyi yeniliklər, uğurla tətbiq etdiyi innovativ müalicə üsulları, irəli sürdüyü elmi ideyalar bu görkəmli elm xadiminin sağlığında ölkəmizdə olduğu kimi, Vətənimizin hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı tədqiqatlar akademik Zərifə xanım Əliyevanı beynəlxalq aləmdə görmə orqanı üzrə yeni elmi istiqamət açan novator alim kimi tanıtmışdır. 1977-ci ildə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun akademik Zərifə Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Bakıda keçirilməsi Azərbaycan aliminin elmi ideyalarının təbabət elmində böyük əks-səda doğurduğunu əyani şəkildə nümayiş etdirir.

Müxtəlif ölkələri təmsil edən görkəmli elm xadimlərinin Zərifə xanım Əliyevanın elmi tədqiqatları haqqındakı yüksək fikirlərini bəyan etmələri onun dünya oftalmoloqları cəmiyyətində qəbul olunan tanınmış alim-həkim olduğunu göstərir. Nəhayət, 1983-cü ildə akademik Zərifə Əliyevanın Sovetlər İttifaqında oftalmologiya üzrə görkəmli alimlər akademik Larisa Konstantinovna Moşetova və tibb elmləri doktoru, professor Nina Borisovna Şupina ilə birlikdə ərsəyə gətirdikləri “Oftalmologiyanın aktual problemləri” monoqrafiyasının rus dilində nəşr olunması və geniş elmi dairələrdə rəğbətlə qarşılanması da Azərbaycan elm xadiminin oftalmologiya sahəsində yerini və mövqeyini təsəvvür etməyə imkan yaradır. Xüsusən, oftalmologiya elminin inkişafında mühüm xidmətləri olan Sosialist Əməyi Qəhrəmanı akademik Nina Puçkovskayanın rəyi ilə nəşr olunmuş bu monoqrafiyaya təkcə keçmiş SSRİ-də yox, Avropa və Asiya təbabət məkanında da ciddi maraq göstərilməsi və əsərin yüksək dəyərləndirilməsi Zərifə Əliyevanın irsinin daha geniş dairədə yayılmasına olan real tələbatı meydana qoymuşdur. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinin qeyd olunmasına dair tədbirlər planına əsasən digər məsələlərlə yanaşı, görkəmli Azərbaycan oftalmoloqunun xidmətlərinin beynəlxalq aləmdə müstəqillik idealları işığında tanıdılması və əsərlərinin ingilis dilinə tərcümə edilərək nəşr edilməsi istiqamətində də mühüm addımlar atılmışdır.

Əlamətdardır ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin ingilis dilində nəşr olunan “Həyat elmləri və biotibb” jurnalının 2023-cü ildəki 2-ci sayı akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərinə həsr edilmişdir. Jurnalın həmin sayı ölkəmizdən kənarda da yayılmış, müxtəlif nüfuzlu xarici elmi təşkilatların ünvanına göndərilmişdir. Qeyd edilən nəşrin doğurduğu rəylərdə akademik Zərifə Əliyevanın elmi irsinin ingilis dilində səsləndirilməsinə olan maraq və ehtiyac bir daha diqqət mərkəzinə çəkilmişdir.

Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti vaxtilə akademik Zərifə Əliyevanın akademik Larisa Konstantinovna Moşetova və Nina Borisovna Şulpina ilə birlikdə çap etdirdikləri “Oftalmologiyanın aktual problemləri” monoqrafiyasının ingilis dilinə tərcümə edilməsini zəruri hesab edərək, 2023–2025-ci illərdə bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Professional səviyyədə tərcümə və redaktə edilən qiymətli monoqrafiya 2025-ci ildə ingilis dilində akademiyanın “Elm” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru, müxbir üzv Elmar Qasımov nəşrin yüksək elmi-texniki və nümunəvi poliqrafik səviyyədə çap olunması üçün zəruri elmi və təşkilati tədbirləri həyata keçirmişlər. Nəticədə Zərifə Əliyevanın həmmüəllif olduğu kollektiv monoqrafiya elmi ictimaiyyətə təqdim olunmuşdur.

Oftalmologiya elminin ən aktual problemlərinə həsr edilmiş əsərdə görmə orqanının patologiyası, diaqnostikası və müalicəsi ilə əlaqədar aparılmış araşdırmaların mühüm nəticələri yer almışdır. İlk nəşrdə olduğu kimi, akademik Zərifə Əliyevanın yazdığı “Həkimlərin mənəvi tərbiyəsi, tibbi etika və əxlaqın dientoloji məsələləri” adlı bölmə ilə açılan monoqrafiyada gözün biomikroskopiyasına dair bəhslər professor Nina Şulpinanın, görmə orqanının zədələnməsi haqqındakı tədqiqatlar akademik Larisa Moşetovanın araşdırmaları ilə təqdim olunur. Beş bölmədən ibarət olan “Oftalmologiyanın aktual problemləri” monoqrafiyasında digər fəsillərdə də oftalmoloq həmkarları ilə həmmüəllif kimi çıxış edən Zərifə Əliyeva xüsusi elmi yeniliyə malik olan şin və yod istehsalı müəssisələrində göz xəstəliklərinin başvermə səbəbləri, laborator analizləri, diaqnostika və müalicə metodlarına həsr edilmiş bölmələrin əsas müəllifidir. İstehsalat proseslərində göz xəstəliklərinin müalicəsinin elmi əsaslarından ibarət olan nəzəriyyə akademik Zərifə Əliyevanın adı ilə bağlı olan mükəmməl elmi-təcrübi təlimdir. Vaxtilə rus dili vasitəsilə, əsasən, keçmiş SSRİ-də yayılan Zərifə Əliyevanın bu təlimi yaxın və uzaq xaricdə özünəməxsus əks-səda doğursa da, ilk dəfə indi, 2025-ci ildə tam halda beynəlxalq tibb ictimaiyyətinə, dünya oftalmoloqlarına təqdim olunur. Monoqrafiyanın bu nəşrinə Rusiya Fasiləsiz Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti akademik Larisa Moşetovanın müəlliflər adından yazdığı ön sözdə kitabın müasir dövrdə də oftalmoloqlar üçün gərəkli və faydalı olmasını göstərməsi ilə bərabər, akademik Zərifə Əliyevanın peşə xəstəliklərinə həsr olunmuş tədqiqatlarının elmi yeniliyi və mühüm əhəmiyyəti xüsusi olaraq yüksək ehtiramla qeyd edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə Əziz qızı Əliyeva, akademik Larisa Konstantinovna Moşetova və professor Nina Borisovna Şulpinanın “Oftalmologiyanın aktual problemləri” monoqrafiyasını ingilis dilində nəşr etməklə göz xəstəliklərinə dair müasir dövrdə də elmi cəhətdən əhəmiyyətli və aktual olan tədqiqatların beynəlxalq tibb ictimaiyyətinə təqdim olunmasını təmin etmişdir. Hesab edirik ki, bu nəşr eyni zamanda Azərbaycan oftalmologiya elminin nailiyyətlərinin, beynəlxalq aləmə akademik Zərifə Əliyevanın elmi təliminin çatdırılması və tanıdılması baxımından da əhəmiyyətlidir. İnanırıq ki, yeni tarixi inkişaf yolunda olan ölkəmizin xarici dillərdə təhsil almış həkim oftalmoloqları, həmçinin dünyanın aparıcı tibb universitetlərinin müvafiq ixtisaslı tələbələri də bu qiymətli əsərdən böyük effektivliklə yararlanacaqlar. Bütün bunlar görkəmli elm xadimi akademik Zərifə Əliyevanın zəngin və qiymətli elmi irsinin ədəbiyaşarlığını, yeni tarixi dövrdə müstəqil dövlətçiliyimizdə tibb elminin inkişafına xidmət etdiyini göstərir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Sosial həyat