Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində Qazaxıstanın Aktau şəhərində beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, həmin universitetdə fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşəbbüsü və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli diaspor təşkilatlarının dəstəyi ilə baş tutub.
Konfransa qədər universitetin rektoru Berik Axmetov və Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, baş konsulluğun əməkdaşları, Türkiyə, Özbəkistan, Türkmənistan və İranın Aktau şəhərindəki baş konsulları, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri “Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov açaraq “Konstitusiya və Suverenlik ili” ilə bağlı ümumi məlumat verib. Baş konsul Ayxan Süleymanlı isə çıxışında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk Konstitusiyamızın əhəmiyyətindən bəhs edib. O, 12 noyabrın ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunduğunu vurğulayıb.
Baş konsul həmçinin Dövlət Suverenliyi Günü ilə bağlı da məlumat verib. O bildirib ki, 2020-ci ildə başlanmış Vətən müharibəsində əldə olunan Qələbə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü elan olunub.
Ayxan Süleymanlı Azərbaycan-Qazaxıstan münasibətlərinə də toxunaraq, ölkə rəhbərləri və xalqlar arasında etimada əsaslanan əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Konfransda daha sonra universitetin rektoru Berik Axmetov, professorlar Eldar Cəfərov, Akmaral Medixanova, kafedra müdiri Bağdad Aueşova, eləcə də onlayn şəkildə qoşulan Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışinski və Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Şəbnəm Zeynalovanın çıxışları dinlənilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Aktau