Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Gürcüstanın Laqodexi rayonunda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”nin müəllim və tələbələri Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Mərkəzin rəhbəri Yavər Məmmədov AZƏRTAC-a bildirib ki, təkcə “Qabal İnkişaf Mərkəzi”nin müəllim və tələbələri deyil, bütün dünya bilir ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi ilk illərdən etibarən Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atılıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran, dövlətin ideoloji-siyasi əsaslarını yaradan Ümummilli Liderin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.
Onun sözlərinə görə, dünyaşöhrətli siyasi xadimin Gürcüstana və bu ölkədə yaşayan soydaşlarımıza da xüsusi diqqət və qayğısı olub. Məhz onun əsasını qoyduğu siyasi xəttə uyğun olaraq iki ölkə arasında əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dahi şəxsiyyətin əziz xatirəsi Gürcüstanda yaşayan soydaşlarımızın qəlbində daim yaşayacaq.
Sonra Mərkəzin tələbələri Tbilisidəki Mirzə Fətəli Axundzadənin ev-muzeyi ilə tanış olublar.
Bildirilib ki, ömrünün əsas hissəsini Gürcüstanda keçirən M.F.Axundzadənin Tiflis şəhərindəki evində xatirə muzeyi 1982-ci ildən fəaliyyət göstərir. 2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən, ev-muzeyə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri və digər rəsmi şəxslər iştirak ediblər. Hazırda muzeyin nəzdində Azərbaycan Mədəniyyət Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Qeyd olunub ki, muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir. Zallarda dramaturğun həyatına aid müxtəlif əşyalar və xatirələri əks etdirən fotolar var. Muzeyin altı zalından biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Otaqlardan biri M.F.Axundzadənin iş otağı kimi qorunub saxlanılır. Orada onun şəxsi əşyaları, о cümlədən yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Həmin otaqda M.F.Axundzadənin müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir. Muzeydə Tbilisi şəhərində yeganə olan Azərbaycandilli kitabxana fəaliyyət göstərir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi