Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Mehdiyev Münasib Namaz oğlu Samuxda dəfn edilib.
33 il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Mehdiyev Münasib Namaz oğlunun nəşinin qalıqları doğulduğu Qovlarsarı kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Firdovsi Əliyev şəhidimizin ailə üzvlərinə bir daha başsağlığı verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb. Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Mərasimdə şəhidimizin tabutu üzərindəki Azərbaycan Respublikasının üçrəngli bayrağı onun ailəsinə təqdim edilib.
Qeyd edək ki, şəhid Mehdiyev Münasib Namaz oğlu 1973-cü il avqustun 23-də Samux rayonunun Qovlarsarı kəndində anadan olub. 1982-ci ildə Samux rayon Qovlarsarı kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 1988-ci ildə Gəncədəki peşə məktəbində təhsil alıb. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət göstərib.
Münasib Mehdiyev 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə həlak olmuş və itkin düşmüşdü. 2025-ci ilin aprel ayında şəhidin meyiti DNT analizi edilərək aşkar edilib. Subay olub. Allah rəhmət eləsin.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Samux rayonu