Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir

post-img

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu və ətraf rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumat görə, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə müasir suvarma sistemlərinin alınmasına köməklik və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbul zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.

Qəbuldan sonra AKİA sədri rayon ərazisində salınmış intensiv meyvə bağlarına baş çəkib, müasir suvarma sistemi quraşdırılan əraziləri gəzib, bağlarda aparılan mövsümi qulluq işləri ilə tanış olub, fermerlərə müasir bağçılığa dövlət tərəfindən dəstək tədbirləri barədə geniş məlumat verib.

Sosial həyat