Bu məqalə 47 il bundan əvvəl o vaxtın çox oxunulan qəzetlərindən birində – “Azərbaycan gəncləri”ndə dərc olunub. Bəs həmin yazının “Xalq qəzeti”ndə təkrar dərc olunmasına səbəb nədir.
Dünən qəzetin növbəti nömrəsinin planlaşdırılması zamanı yada düşdü ki, aprelin 12-si Kosmonavtika günüdür. Yaşlı həmkarlarımızdan biri hazırda kollektivimizin üzvü olan Qüdrət Piriyevin ilk kosmonavt Yuri Qaqarinin anası, bacı-qardaşı ilə görüşünü və maraqlı yazı hazırladığını yada saldı.
O vaxtlar kosmosun fəthi uğrunda yalnız iki super dövlət – SSRİ və ABŞ bir-biri ilə yarışırdı. Kosmonavtların sayı da bir o qədər çox deyildi. Sonradan digər dövlətlər də onlara qoşuldular. İndi kosmosa çıxanların say-hesabını dəqiq bilən də yoxdur. Amma, dünyada kosmosun ilk fatehinin Yuri Qaqarin olduğunu hamı bilir və qəbul edir. Bu mənada onun anası və yaxınları ilə görüşdən hazırlanmış həmin maraqlı yazını bugünkü oxucularımızın diqqətinə təqdim edirik:
Qədim Qjatskın dolanbac küçələri ilə dəmiryol vağzalına tərəf ev paltarında və başmaqda 58–60 yaşlı bir qadın tələsirdi. O, heç nəyə məhəl qoymadan, yaşına uyğun olmayan bir cəldliklə gah qaçır, gah da yeriyirdi. Qadın tələsik kassaya yanaşıb əlində tutduğu onluğu uzadaraq:
– Moskvaya tez bir bilet verin, – dedi.
Kassir əvvəlcə bileti ona uzatdı, 2 manat 90 qəpik çıxdıqdan sonra pulun qalığını qaytarmaq istəyəndə isə qadın artıq yox idi.
– Ay xala, pulunuzun qalığını alın.
Ancaq heç kəsdən cavab gəlmədi...
Həmin qadınla qatara oturan tanış adamlar onu göstərərək, “Qaqarinadır”, "Yuri Qaqarinin anasıdır" – deyə pıçıltı ilə bir-birinə nişan verirdilər. Hamı onun ətrafında toplaşmış, bütün baxışlar həsədlə bu bəxtəvər anaya dikilmişdi. Qadın isə elə bil heç nə görmür, hiss etmirdi. Onun fikri də, ürəyi də oğlu ilə birlikdə kosmosda uçurdu. 1961-ci il aprelin 12-si idi...
Şəhərin mərkəzində kosmosun ilk fatehinin şərəfinə ucaldılmış heykəlin yanından keçərək Qaqarin küçəsi ilə üzüaşağı düşürəm.
Budur, Qaqarin küçəsi, 106. Taxta hasara alınmış geniş və səliqəli həyətin ortasındakı birmərtəbəli evin divarına vurulmuş mərmər lövhə diqqəti cəlb edir.
Lövhədə qızılı hərflərlə yazılmışdır: "İlk təyyarəçi kosmonavt Yuri Alekseyeviç Qaqarinin valideynlərinin evi". Küçənin o biri tərəfində eynilə buna bənzər bir ev də vardı. Həmin evin divarına vurulmuş lövhədə “Yuri Alekseyeviç Qaqarinin xatirə muzeyi” sözləri yazılmışdır. Muzeyin qarşı tərəfində isə şüşə vitrində Yuri Qaqarinin 78–78 MOD nömrəli QAZ-21 markalı şəxsi avtomaşını dururdu.
Sonradan öyrəndim ki, hər iki ev Yuri Qaqarinin kosmosa çıxdığı il tikilmişdir.
Qaqarinlər ailəsi Qjatsk rayonunun (şəhər 1968-ci ildən Qaqarin adlandırılmışdır) Kluşino kəndində yaşamışdır. Yoxsulluqla yaşayan ailə müharibədən sonra, 1946-cı ildə Qjatsk şəhərinə köçmüşdür. Deyirlər, muzeyin yerləşdiyi bina inqilaba qədər Qaqarin familiyalı bir knyazın malikanəsi olmuşdur. Yurinin kosmosa uçuşundan sonra həmin nəslin xaricdə yaşayan tör-töküntüləri özlərini Qaqaringilin qohumları kimi qələmə verməyə çalışmışdılar. Yuri Qaqarin bir dəfə SSRİ EA-nın Alimlər evində keçirilən mətbuat konfransında bildirmişdir ki, bizim knyaz Qaqarin adlı heç bir qohumumuz olmamışdır...
Qapının döyülməyi ilə açılmağı bir oldu. Qarşımda orta boylu, çöhrəsi qırışlarla örtülmüş, kəndli qadınlara məxsus sadə dəbdə geyinmiş, otağın içində belə ayağına keçə çəkmə almış bir qoca qadın dayanmışdı. Ürəyimdən ani olaraq “Görəsən özüdürmü?" sualı keçdi. O, qocalara xas olan mülayimliklə:
– Xoş gəlmisiniz, – dedi, – keçin, paltonuzu soyunun. Deyəsən, soyuqdan donmuşsunuz? – sonra da, cavab gözləmədən soruşdu: – Yəqin ki, indi sizdə belə soyuqlar yoxdur?
Bəli, o özü idi. Yol çantamdan Anna Timofeyevna üçün sovqat götürdüyüm üç ədəd narı sıxıla-sıxıla çıxarıb dəhlizdəki stolun üstünə qoyuram.
– Nə qəşəng narlardır? Çox sağ olun, məni yaman sevindirdiniz, – deyə dilağız edir və narları götürüb ehmalca tumarlaya-tumarlaya mətbəxə keçir.
– Verərəm balalarıma. Yəqin ki, sevinərlər.
Anna Timofeyevnanın mənzili üç otaqdan və mətbəxdən ibarətdir. Qab-qacaq şkafını, televizoru, radio qəbuledicini, soyuducunu və yataq otağındakı iki çarpayını götürsən, bura yaşayış mənzilindən daha çox xatirə muzeyini xatırladır: portret, şəkil, kiçik büst, ağac və dəmir üzərində Yurinin təsvirləri, kosmosla bağlı müxtəlif maketlər... Hara baxırsan, Yurinin doğma siması, tanış təbəssümü ilə qarşılaşırsan. Bu təbəssümdə nə qədər təmizlik, nə qədər ülvilik var!
Bir şəklin önündə xeyli dayanmalı olursan. O vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifəsində işləyən L.İ.Brejnev Böyük Kreml Sarayında Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalını və Lenin ordenini təqdim etdikdən sonra onunla birlikdə xatirə üçün şəkil çəkdirmişdir. Bir qədər arxa planda isə qəhrəmanın atası, anası, həyat yoldaşı, qohumlar və dostlar görünür.
Başqa bir fotoşəkil. Baş konstruktor, akademik Sergey Pavloviç Korolyov ciddi görkəmdə, bir qədər də həyəcanlı dayanıb, Yuri isə gülümsəyərək, düz onun gözlərinin içinə baxır. İstər-istəməz akademik Korolyovun xatirələri yada düşür:
"Starta hazırlıq günlərində hamının qayğısı, həyəcanı, narahatlığı başından aşanda təkcə o, sakit, hətta şən görünürdü. Üzündən gülüş tökülürdü..." "Nə olub ki, həmişə gülümsəyirsən" – deyə ondan soruşdum. "Bilmirəm. Görünür, yüngül adamam" – dedi. Mən isə fikirləşdim: "Təki planetimizdə belə "yüngül" adamlar çox olaydı...".
Yurinin anası ilə çəkdirdiyi şəkil də maraqlıdır. Şəklin çəkildiyi gündən 18 il keçir.
Gah şəklə, gah da bayaqdan stol arxasında sakitcə oturub məndən sual gözləyən Anna Timofeyevnaya dönüb baxıram. Anna Timofeyevna çox düşüb bu 18 ildə.
Düşər də! Yuri kimi oğlun dağına hansı ana dözər ki?! Dağ kimi Aleksey İvanoviç heç beş il tab gətirmədi...
Anna Timofeyevna həyat yoldaşı haqqında səmimiyyət və mərhəmətlə danışır:
"Ağır xasiyyətli, inadkar olsa da, gözəl insan və yaxşı dülgər idi. Yuraya da altıncı sinifdən sonra elə hey "Get, sənət məktəbinə gir, sənət öyrən" – deyərdi.
Yuranın ölümündən sonra lap əldən düşmüşdü. Ağır eşidir, hərəkət edə bilmirdi”.
İnişil Anna Timofeyevnaya daha bir kədər üz verdi. Ağır xəstəlik sonbeşiyi Borisi də 40 yaşında ondan ayırdı. "Borya Yuraya çox oxşayırdı. Boy-buxunu, danışığı, xasiyyəti elə bil özüydü”, – deyə ana köksünü ötürdü.
– Amma deyirlər uşaq vaxtı bir-birilə heç keçinməyiblər, – deyə qəsdən söhbətin mövzusunu bir qədər irəli çəkməyə çalışdım.
– Hə, olurdu. Valentinlə Zoya yaşca böyük idilər. Yura Boryadan iki yaş böyük idi.
Həmişə bir yerdə oynardılar. Amma Yura yaman nadinc idi. Bir dəfə şüşə qırıntısı ilə oynayarkən vurub Boryanın başını yarmışdı.Yura qorxusundan düz iki gün evə gəlmədi.
– Anna Timofeyevna, Yuridə təyyarəçiliyə, uçmağa meyl lap uşaqlıqdan vardı, yoxsa bu təsadüfi oldu?
– Səhv eləmirəmsə, müharibə illərində Kluşino üzərində gedən hava döyüşlərinin ona böyük təsiri oldu. Ancaq onu bilirəm ki, müharibədən sonra o, tez-tez atasının alətlərini götürər, müxtəlif təyyarə modelləri düzəldərdi. Təyyarəçilər haqqında əzbərdən şeirlər söyləyirdi. Yanımda o qədər şeir demişdi ki, bəzisini məndə əzbərləmişdim. Eh. Qocalıq hamısını unutdurub. Gərək ki, biri beləydi:
Я хочу как Водопъянов
Быть страны своей пилотом.
Чтобы слетать среди туманов,
Управляя самолетом...
Anna Timofeyevna yavaş-yavaş, çaşmadan, təmkinlə, səbrlə danışırdı. Bu qadın 75 ildə həyatın hər üzünü görmüşdü. Pis günlər, çətin günlər də görmüş, yaxşı, unudulmaz günlər də. Elə günlər olub ki, özünü dünyada ən xoşbəxt, ən bəxtəvər ana hesab edib. Elə günlər də olub ki, özünü dünyanın ən bədbəxti sayıb.
Ən xoş gün: 12 aprel 1961-ci il. Moskva vaxtı ilə saat 10.01 dəqiqədir. Bütün dünya Moskvanı dinləyir. Diktor Levitanın təntənəli, bir qədər də həyəcanlı səsi Qjatsk şəhərinə də xoş xəbər gətirir: "1961-ci il aprelin 12-də dünyada ilk dəfə Sovet İttifaqında, içərisində insan olan "Vostok" kosmik gəmi-peyki Yerin orbitinə çıxarılmışdır. "Vostok" kosmik gəmi-peykinin pilot-kosmonavtı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşı, mayor Yuri Alekseyeviç Qaqarindir".
Anna Timofeyevnanın o səhər başı işə elə qarışmışdı ki, radionu açmaq belə fikrindən çıxmışdı. Bu vaxt böyük gəlin, Valentinin arvadı Mariya qaça-qaça gəlib qışqırdı: "Tez olun, radionu açın! Bizim Yurka kosmosdadır!...".
Sevincdənmi, həyəcandanmı, yaxud ilk dəfə eşitdiyi "kosmos" sözünün qorxusundanmı, həmişə özünün soyuqqanlılığı, təmkini və səbri ilə fərqlənən ananın dizləri tutuldu, oturdu. Bir qədər toxdadıqdan sonra yaylığını alıb elə ev paltarında qapıdan çıxa-çıxa:
– Mən getdim Valyanın yanına. Uşaqları balacadır, indi onu tək qoymaq olmaz, – deyərək dəmiryol vağzalına tərəf üz qoydu...
Qəzetlərdən: "İyirminci əsrdə xoşa gələn heç bir hadisə olmasaydı belə, təkcə bu böyük gün üçün yaşamağa dəyərdi".
Qəzetlərdən: "Mərakeşin Ucda şəhərinin sakini tacir Məhəmməd ət-Tacının oğlu olmuşdur. Ata oğlunu Qaqarin adlandırmışdır".
Ana da bu sətirləri oxuyub, fərəhlənir, taleyinə, bəxtinə "min şükür" deyirdi.
Ancaq narahatliq onu bir an belə tərk etmirdi. Hər görəndə Yuriyə tapşırırdı ki, özünü gözlə, ehtiyatlı ol. Elə bil ürəyinə nəsə dammışdı:
Ən dəhşətli gün: 27 mart 1968-ci il. Yenə də həmin radio, həmin səs. Lakin bir qədər titrək və kədərli: "Sov İKP Mərkəzi Komitəsi, SSRİ Ali Sovetinin Rəyasət Heyəti və SSRİ Nazirlər Soveti dərin hüznlə bildirirlər ki, dünyanın ilk kosmos fatehi, SSRİ-nin məşhur təyyarəçi-kosmonavtı, Sov İKP üzvü, SSRİ Ali Sovetinin deputatı, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Yuri Alekseyeviç Qaqarin 1968-ci il martın 27-də təyyarədə məşq uçuşu zamanı qəza nəticəsində faciəli surətdə həlak olmuşdur".
Anna Timofeyevnanın həmin günü təsvir eləməyə dili gəlmədi. Bir-iki kəlmə danışmışdı ki, qəhərləndi, gözləri doldu, iki damla yaş seyrək kirpiklərinin arasından süzülərək üzündəki qırışlarla çənəsinə doğru yuvarlandı. Elə bil bu qırışları göz yaşları açmışdı.
Bu vaxt qapı döyüldü. İçəri orta yaşlı bir kişi ilə qadın daxil oldu. Hər ikisi növbə ilə gəlib Anna Timofeyevnanın üzündən öpdü. Anna Timofeyevna əvvəlcə məni onlara, sonra isə onları mənə təqdim etdi. "Oğlum Valentin və qızım Zoyadır. Siz söhbət edin, mən bu dəqiqə gəlirəm", – deyib mətbəxə keçdi.
– Gözəl ananız var, – deyə mən üzümü Valentinə və Zoyaya tutdum. Zoya Alekseyevna ah çəkərək yavaş-yavaş danışmağa başladı:
– Belə deyildi bizim anamız. Deyən-gülən idi, duzlu-məzəli söhbətlərindən doymaq olmurdu. Yuranın, Boryanın, atamın dərdi onu çox saldı. Amma darıxmağa qoymuruq, tez-tez ona baş çəkirik. Şagirdlər, tələbələr, başqa respublikaların şəhərimizdə zərbəçi komsomol tikintilərində işləyən gənc elçiləri onun yanına gəlir, müxtəlif yerlərə dəvət edirlər. Səhv etmirəmsə, Bakıdan gələn gənclərdən bir qrupu da onun qonağı olmuşdur. Bilməmiş olmazsınız, gənclərin vətənpərvərlik tərbiyəsindəki böyük xidmətlərinə görə və anadan olmasının 70 illiyi münasibətilə anam Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.
Kosmonavtlar onunla sıx əlaqə saxlayırlar. Ötən il dekabrın 21-də, anadan olmasının 75 illiyində kosmonavtlardan bir dəstəsi gəlmişdi. Həmişə deyirlər ki, Anna Timofeyevna təkcə Yuranın deyil, bütün kosmonavtlar nəslinin anasıdır.
Onlar anamı Ulduz şəhərciyinin fəxri vətəndaşı seçmişlər. Elə o da kosmonavtları bizi istədiyi qədər, bəlkə bizdən də artıq sevir.
– Valentin Alekseyeviç, ananız haqqında bəlkə sizin də deyiləsi sözünüz var?
– Nə deyim ki. Anam haqqinda Yura öz kitablarında, söhbətlərində o ki var danışıb. "Kosmosa yol" əsərində yazır ki, qazandığım bütün nailiyyətlər üçün ona minnətdaram... Anamı mən çox sevirəm. Uçuş zamanı hey onun haqqında düşünürdüm...
Bu vaxt Anna Timofeyevna əlində iki fincan çay gətirib stolun üstünə qoydu.
– Deyirlər, Qafqazda çayı çox sevirlər. Azərbaycan çayından dəmləmişəm, qonaq olun...
Sonra bir də mətbəxə qayıtdı. Bu dəfə əlində üç narla içəri girdi, övladlarına müraciətlə:
– Alın, hərənizə biri, bu da Yuranın payı, – deyib narın birini şkafın gözünə qoydu...
Mən bu mehriban, qayğıkeş qadına – kosmonavtlar anasına öz təşəkkürümü bildirib ayağa qalxdım. Salamatlaşarkən Anna Timofeyevna kitab rəfindən bloknot və qələm götürərək dedi:
– Bilirsiniz, jurnalistlərlə tez-tez görüşməli oluram. Unutmamaq üçün onların familiyalarını qeyd edirəm. Siz bayaq özünüzü təqdim etdiniz, ancaq adınız dilimə yatmadığı üçün yadda saxlaya bilmədim. Zəhmət olmasa bir də təkrar edin.
Mən də dedim...
Qüdrət PİRİYEV,
“Azərbaycan gəncləri”nin xüsüsi müxbiri
(23 yanvar 1979-cu il