Azərbaycan-Türkiyə əlaqələri: Strateji müttəfiqlik və iqtisadi tərəfdaşlıq.

post-img

“Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunda keçirilən 4-cü Antalya Diplomatik Forumu (ADF) qlobal siyasi proseslərin, dövlətlərarası münasibətlərdə yeni çağırışlar və perspektivlərin ən yüksək səviyyədə müzakirə olunduğu nüfuzlu platformadır. Üç gün davam edən tədbirdə dünyanın 140-dan artıq ölkəsindən 4 mindən çox nümayəndə, o cümlədən 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir  və 60-a yaxın beynəlxalq təşkilatın yüksək səviyyəli təmsilçiləri iştirak edir. 

Türkiyədə keçirilən Forumun gündəliyini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, forum çərçivəsində iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi müasir qlobal çağırışlar üzrə 50-dən çox panel müzakirəsi keçirilir. Bu çərçivədə ADF yalnız diplomatik əlaqələrin gücləndirilməsi üçün deyil, həm də çoxşaxəli qlobal əməkdaşlıq platforması kimi çıxış edir.

Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni imkanlar və prioritet istiqamətlər müzakirə olunub. Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər son illərdə təkcə artan ticarət dövriyyəsi ilə deyil, eyni zamanda investisiya, enerji, nəqliyyat-tranzit və regional əməkdaşlıq sahələrində yeni strateji mərhələyə qədəm qoyub. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi son 10 il ərzində davamlı artım nümayiş etdirib. İkitərəfli ticarət dövriyyəsi 2023-cü ildə 6 milyard ABŞ dollarından 2024-cü ildə 7,6 milyard ABŞ dollarına çatıb. Azərbaycanın əsas ixrac məhsullarına xam neft, təbii qaz, neft-kimya məhsulları və kənd təsərrüfatı malları daxil olduğu halda, Türkiyədən idxal olunan məhsullar arasında sənaye avadanlıqları, maşınqayırma komponentləri, tikinti materialları və dərman vasitələri üstünlük təşkil edir. İkitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi və qeyri-neft sektorunun ixracda rolunun artırılması yaxın dövrdə iki ölkə arasında iqtisadi gündəliyin əsas prioritetlərindən biridir.

TDAM rəhbərinin sözlərinə görə, Azərbaycanın Türkiyəyə sərmayələri strateji xarakter daşıyır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki ümumi investisiya həcmini 18 milyard ABŞ dollarından çox səviyyəyə çatdırıb.  Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard ABŞ dolları dəyərində olan “STAR” Neft Emalı Zavodudur. 2018-ci ildən fəaliyyət göstərən “STAR” zavodu hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, SOCAR-ın iştirakı ilə fəaliyyət göstərən “Petkim” neft-kimya kompleksi və TANAP layihəsi vasitəsilə təbii qaz nəqli enerji sahəsində tərəfdaşlığın genişliyini əks etdirir. Eyni zamanda, Türkiyə şirkətləri də Azərbaycanın infrastruktur, nəqliyyat və kənd təsərrüfatı sektorlarında aktiv fəaliyyət göstərir.

Azərbaycan və Türkiyə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində strateji məna kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu bu istiqamətdə ən uğurlu layihələrdən biridir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru əlaqənin bərpası təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirəcək. 

Vüsalə Cəfərova əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərində Türkiyə şirkətləri və dövlət qurumları fəal iştirak edir.  Füzuli Beynəlxalq Hava Limanının inşası, Ağdam şəhərinin Baş planının hazırlanması, Zəngilan rayonundakı ağıllı kənd layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Bundan əlavə, digər türkiyəli tərəfdaşlar vasitəsilə infrastruktur layihələri həyata keçirilir. Qarabağda yaşıl enerji zonalarının yaradılması üzrə strateji tərəfdaşlıq da diqqət mərkəzindədir.

Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) əsas lokomotivlərindəndir. 2023-cü ilin noyabrında Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş qərarlar ticarət, gömrük inteqrasiyası və nəqliyyat bağlantılarının daha da inkişaf etdirilməsinə yönəlib. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) TDT-də müşahidəçi statusu qazanması da bu təşkilatın siyasi və iqtisadi baxımdan genişlənməsini göstərir. Azərbaycanın ŞKTC-ə dəstəyi Azərbaycan Prezidenti İlham Əliyevin 4-cü Antalya Diplomatik Forumu çərçivəsində ŞKTC-nin prezidenti Ersin Tatarla görüşdə bir daha ifadə edilib. 

Forum çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər və növbəti günlərdə davam edəcək panel müzakirələr Azərbaycan-Türkiyə münasibətlərinin regional və qlobal səviyyədə nümunəvi bir strateji tərəfdaşlıq modeli olduğunu bir daha təsdiq edir. Ticarət dövriyyəsinin artması, enerji təhlükəsizliyində birgə təşəbbüslər, Qarabağın bərpasında tərəfdaşlıq və Türk dünyasında iqtisadi inteqrasiya bu münasibətlərin əsas sütunlarını təşkil edir.

Sosial həyat