Tarix yazan zərif güc– Azərbaycan qadını

post-img

Qadın təkcə ailə ocağının qoruyucusu deyil, həm də cəmiyyətin siyasi və ictimai həyatında öz izini qoyan qüvvədir. Tarix boyu qadınların siyasətdəki rolu müxtəlif qiymətləndirilsə də, Azərbaycan qadını daima cəsarəti, zəka və iradəsi ilə tarix yazmağı bacarmışdır. Azərbaycan qadını bir vaxtlar diplomatik masalarda müzakirələr aparmış, hökmdarların yanında dövlət işlərini istiqamətləndirmişdir. XX əsrdə isə seçki hüququnu bir çox Avropa ölkələrindən əvvəl qazanan yenə də Azərbaycan qadını olmuşdur.

Bu gün də Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, beynəlxalq arenada və sosial-siyasi platformalarda söz sahibi olan bir liderdir. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınının siyasətdəki rolunu daha da təbliğ etmək üçün bir fürsətdir. Gün Azərbaycan qadınının dövlət idarəçiliyində, parlamentdə, beynəlxalq arenada və sosial-siyasi platformalarda söz sahibi olan liderlər kimi fəaliyyətini qeyd etmək və onların ölkə həyatına qatdıqları müsbət təsirləri təhlil etmək üçün bir imkan yaradır.

Qadınlarımızın keçmişi bizə göstərir ki, onlar həmişə cəmiyyətin aparıcı qüvvələrindən biri olmuş, ölkənin iqtisadi, siyasi və mədəni inkişafında mühüm rol oynamışlar. Tarixi mənbələr göstərir ki, Albaniyada qadınlar hakimiyyət strukturlarında da yer almış, döyüşlərdə iştirak etmiş və dini ayinlərin icrasında xüsusi mövqeyə sahib olmuşlar. Arxeoloji qazıntılar və tarixi sənədlər qədim Azərbaycan ərazilərində qadınların iqtisadi və ictimai həyatda mühüm rol oynadığını təsdiqləyir.  Bu, Azərbaycan qadınının hələ qədim zamanlardan bəri yalnız ailədaxili rolla məhdudlaşmadığını göstərir.

Orta əsrlər Azərbaycan qadınlarının ictimai rolunun daha da inkişaf etdiyi dövr olmuşdur. Azərbaycan tarixində qadınların dövlət idarəçiliyində və diplomatiyada mühüm rol oynamasının ən bariz nümunələrindən biri Sara Xatundur. XV əsrdə yaşamış bu görkəmli şəxsiyyət Uzun Həsənin anası olmuş, eyni zamanda, dövlət siyasətində fəal iştirak etmişdir. Onun diplomatik bacarığı, siyasi uzaqgörənliyi və diplomatik məharəti dövrünün tarixi hadisələrində mühüm iz qoymuşdur. Sara Xatunun diplomatik fəaliyyəti təkcə Osmanlılarla danışıqlarda məhdudlaşmamış, eyni zamanda, Ağqoyunluların İran və Orta Asiya dövlətləri ilə münasibətlərində də fəal rol oynamışdır. Sara Xatun, həmçinin Ağqoyunlu sarayında dövlət məsələlərinin həllində də əsas rol oynamışdır. Onun ağıllı məsləhətləri və diplomatik bacarığı Uzun Həsənin hakimiyyətini gücləndirən mühüm amillərdən biri hesab edilə bilər. Sara Xatun Azərbaycan tarixində ilk qadın diplomat kimi mühüm yer tutur. Bu gün Sara Xatun Azərbaycan tarixində yalnız bir diplomat və dövlət xadimi kimi deyil, həm də güclü, müdrik və cəsarətli bir qadın obrazı kimi yaddaşlardadır. 

Azərbaycan tarixinin ən görkəmli qadın simalarından digəri də Xurşidbanu Natəvan olmuşdur. O, yalnız şair kimi deyil, həm də maarifçi, xeyriyyəçi və ictimai xadim kimi xalqına xidmət etmişdir. XIX əsrdə yaşamış Natəvan Qarabağ xanlığının sonuncu varisi olmaqla yanaşı, Şuşada sosial rifahın yüksəldilməsi, elm və ədəbiyyatın inkişafı üçün mühüm işlər görmüşdür. Onun ən mühüm xeyriyyəçilik fəaliyyətlərindən biri Şuşaya su kəmərinin çəkilməsi olmuşdur. Şuşanın mərkəzi hissəsində bu kəmərə "Xan qızı bulağı" adı verilmişdir. Qız məktəblərinin açılmasını dəstəkləyən ilk azərbaycanlı qadınlardan biri Natəvan olmuşdur. O, maarifçiliyin inkişafına töhfə vermiş, mədəniyyətin və təhsilin yayılması üçün çalışmışdır.

XX əsr Azərbaycan qadını üçün möhtəşəm dəyişikliklər və irəliləyişlər dövrü olmuşdur. Bu dövr xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara seçki hüququ verərək, onların cəmiyyətdəki yerini möhkəmləndirdiyi və dövlətin qadınlara qarşı tutduğu liberal yanaşmanın inkişaf etməsi ilə yadda qalır. Seçki hüququnun verilməsi qadınların siyasi iştirakını təmin etmiş, onların cəmiyyətin daha geniş sahələrində fəal iştirak etmələrinə şərait yaratmışdır. Bu dövrün ən mühüm nailiyyətlərindən biri qadınların siyasi azadlıqlarının tanınması ilə yanaşı, onların hüquqi və sosial statuslarının yüksəlməsi idi. 1918-1920-ci illərdə maarifpərvər qadınlar milli məktəblərin, xeyriyyə cəmiyyətlərinin qurulmasında fəallıq göstərərək milli dirçəlişin qurucularından olmuşlar. 

XX əsrdə Azərbaycan qadınının cəmiyyətdəki rolunun artması qadınların təhsil və iş həyatında göstərdikləri uğurlarla müşahidə edilmişdir. Əsrin əvvəllərində Azərbaycanın tanınmış maarifçilərindən biri Həmidə Cavanşir olmuşdur. O, kənd yerlərində məktəblər açmaqla qadınların təhsilə cəlb olunması üçün mübarizə aparmış və Azərbaycanın intellektual inkişafına böyük töhfə vermişdir. Həmidə Cavanşir öz fəaliyyətləri ilə yalnız qadınların təhsilinə deyil, həmçinin cəmiyyətin ümumi maarif səviyyəsinin yüksəlməsinə də əhəmiyyətli təsir göstərmişdir. O, həm də xeyriyyəçilik fəaliyyəti ilə tanınmış və çox sayda insanın həyatını dəyişdirmişdir. 

1920-ci ildən sonra Respublika qadın hərəkatı özünün əhatə dairəsini daha da genişləndirmişdir. 1921-ci ildə Bakıda Azərbaycan qadınlarının birinci qurultayının keçirilməsi yeni şəraitdə Respublika qadın hərəkatının mühüm göstəricisi olmuşdur. Sovet hakimiyyəti illərində Azərbaycan qadınlarının keçirilmiş qurultayları (1957, 1967, 1972) Respublika qadın hərəkatının inkişafında mühüm rol oynamışdır. Azərbaycan qadını müstəqillik uğrunda gedən ümumxalq hərəkatın da ön sıralarında olmuş, ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə də fədakarlıq göstərmişdir. 1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hüquqi və dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş konstitusiyada qadınlara kişilərlə bərabər hüquqlar verilməsi onların dövlət quruculuğunda fəal iştirakının hüquqi bazasını yaratdı. 

Müasir dövrdə Azərbaycan qadını siyasətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qadınların qanunvericilik sahəsindəki fəallığı ölkənin sosial, iqtisadi və humanitar sıyasətlərinin daha çoxşaxəli və əhatəli olmasına imkan yaratmış, qadın haqlarının qorunmasında əhəmiyyətli rol oynamışdır.

Azərbaycan qadınının siyasi fəallığından danışarkən, Mehriban Əliyevanın rolunu xüsusi qeyd etmək lazımdır. O, Azərbaycanın Birinci Vitse-Prezidenti kimi siyasi, mədəni və humanitar sahələrdə ölkənin inkişafına dəstək verən əsas simalardan biridir. Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fondu vasitəsilə təhsil, mədəni irs və sosial rifahla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir. Fondun təşəbbüsü ilə məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin tikintisi və bərpası, mədəniyyət abidələrinin qorunması və təbliği istiqamətində mühüm işlər görülmüşdür. Mehriban Əliyevanın qadın hüquqlarını qorumaq istiqamətində gördüyü işlər həm yerli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli təsirə malikdir. O, BMT-nin, UNESCO-nun və ICESCO-nun fəxri səfiri kimi Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və humanitar layihələrin reallaşdırılmasına böyük töhfələr verir. Xüsusilə qadınların təhsil imkanlarının genişləndirilməsi, onların ictimai-siyasi həyatda daha fəal iştirakı üçün görülən tədbirlər onun strateji baxışını və qadın liderliyinin gücləndirilməsinə verdiyi önəmi nümayiş etdirir. Bütün bunlar onu təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin diqqətində olan qadın liderlərdən biri kimi tanıdır.

Siyasi elmlər sahəsində fəaliyyət göstərən qadın alimlər də Azərbaycanın siyasi düşüncəsinin formalaşmasında və inkişafında mühüm rol oynayırlar. Onlar təkcə akademik mühitdə nəzəri biliklər ortaya qoymaqla kifayətlənmir, eyni zamanda ölkənin ictimai-siyasi proseslərini dərindən təhlil edərək, strateji baxışlar və yeni ideyalar təqdim edirlər. Qadın alimlərimiz Azərbaycanın daxili və xarici siyasətinin müxtəlif aspektlərini araşdırır, cəmiyyətin inkişafına töhfə verəcək konseptual yanaşmalar irəli sürürlər. Bu gün siyasi elmlər üzrə çalışan qadın mütəxəssislər yalnız universitetlərdə deyil, beynəlxalq konfranslarda, dövlət strukturlarında, diplomatik missiyalarda və beyin mərkəzlərində də fəal iştirak edirlər. Onlar Azərbaycanın siyasi kursunu təhlil edərək, ölkənin milli maraqlarına uyğun yeni strategiyalar formalaşdırılmasına yardım edirlər. Qadın alimlərin apardığı tədqiqatlar həm regional, həm də qlobal miqyasda Azərbaycanın mövqeyini gücləndirən elmi əsaslar yaradır. Xüsusilə, Azərbaycanın geosiyasi mövqeyi, enerji diplomatiyası, beynəlxalq münasibətlərdəki rolu və Qafqaz regionundakı balans siyasəti ilə bağlı araşdırmalar ölkənin strateji inkişafına töhfə verir. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru olaraq mən də bu sahədəki qadınların yüksəlişinin təkcə şahidi deyil, eyni zamanda bu prosesin bir parçasıyam. Mən də öz fəaliyyətimlə bu yüksəlişə töhfə verməyə çalışır, siyasi elmlər sahəsində çalışan qadınlarla birgə Azərbaycanın siyasi inkişafına və beynəlxalq arenada mövqeyinin güclənməsinə dəstək oluram. Qadın alimlərimiz ictimai rəyin formalaşmasında da mühüm rol oynayırlar. Publisistik məqalələr, analitik hesabatlar və beynəlxalq məqalələr vasitəsilə Azərbaycan cəmiyyətində siyasi maarifləndirmə işinə töhfə verirlər. Onların apardığı tədqiqatlar yalnız akademik dairələrdə deyil, həm də dövlət qurumlarında və diplomatik münasibətlərdə də öz əksini tapır.

Azərbaycanın siyasi elmlər sahəsində qadınların fəallığı günbəgün artır. Bu tendensiya ölkənin intellektual potensialının daha da güclənməsinə və qadınların cəmiyyətin idarə olunmasında daha aktiv rol oynamasına şərait yaradır. Bugünkü siyasi arenada qadınlar təkcə müşahidəçi və təhlilçi deyil, həm də qərar qəbul edən, siyasət formalaşdıran və gələcək strategiyaları müəyyən edən əsas aktorlardandır. Onların bu yüksəlişi Azərbaycan qadınının siyasi və intellektual gücünün parlaq göstəricisidir.

Bu tendensiyanın daha da genişlənməsi gələcəkdə Azərbaycanın beynəlxalq siyasətində daha çox qadın liderinin yer almasına və ölkənin dünya səhnəsindəki mövqeyinin daha da güclənməsinə imkan yaradacaqdır. Azərbaycan qadınlarının bu inkişafı həmçinin digər ölkələr üçün nümunə olmalı, dünya miqyasında gender bərabərliyinin və qadın liderliyinin daha da güclənməsinə təkan verməlidir.

ŞƏBNƏM ZEYNALOVA,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

 

Sosial həyat