Akademik Şahin Mustafayevin tədqiqatında
Azərbaycanın tanınmış tarixçi-türkoloqu, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev “Şərqi Anadolu Ağqoyunludan Osmanlı imperiyasına”, “Səlcuqlardan Osmanlılara: XI-XV əsrlərdə Anadolunun türk mühitində etnosiyasi proseslər” və onlarca digər fundamental elmi əsərlərdən sonra illərlə üzərində çalışdığı, dərin elmi dəyərə malik olan, qiymətli bir tarixi mənbəni Azərbaycan elmi ictimaiyyətinə təqdim etmişdir. Bu, 1724–1735-ci illərdə Osmanlı dövlətinin idarəçiliyində olan Azərbaycanın Təbriz şəhərinin və ətraf ərazilərinin əhali, məşğuliyyət, gəlir və digər sahələrinə dair geniş təhlilli və məzmunlu tarixi Osmanlı maliyyə-vergi qeydiyyatıdır.
Məlum olduğu kimi, Osmanlı imperiyası Səfəvilər dövlətinin tərkib hissəsi olan Azərbaycanı, həmçinin Cənubi Qafqazın əksər bölgələrini işğal etdikdən sonra yeni idarəçilik sisteminin tələblərinə uyğun olaraq, ələ keçirilmiş ərazilər üçün dövlətin maliyyə məmurları vergi dəftərləri tərtib edirdilər. Xüsusi üslubda və ərəb əlifbası ilə hazırlanmış bu dəftərdə ayrı-ayrı bölgələrin bütün iş qabiliyyətli kişilərinin siyahısı, onların mülkiyyətləri, mal-qarası, torpaq sahələri hesaba alınır, məşğuliyyət növləri, ailə vəziyyətləri (evliliyi, subaylığı və s.) qeyd olunur, vergidən azad olunanlar istisna olmaqla hər biri vergiyə cəlb edilirdi.
Ş. Mustafayevin qeyd etdiyi kimi, 1728-ci ildə Osmanlı maliyyəçilərinin tərtib etdiyi, təqribən, doqquz yüz vərəqdən ibarət, iki kitabda yerləşdirilmiş “Təbriz livasının müfəssəl dəftəri” (liva – təqribən vilayət inzibati bölgüsünə yaxındır –E.M.) sadəcə bir statistika deyildir. Bu, XVIII əsrin ilk onilliklərində Azərbaycanın Təbriz şəhəri və ətraf bölgələrinin sosial-iqtisadi tarixinə dair mötəbər və dəyərli qaynaqlardan biridir. Qeyd edilməlidir ki, 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən tədqiqat layihəsi çərçivəsində Azərbaycanın üç tarixi vilayətinin – Təbriz, Marağa və Urmiyənin Osmanlı müfəssəl dəftərlərinin transliterasiya və nəşrə hazırlanması ilə bağlı işlər sırasında “Təbriz livasının müfəssəl dəftəri” də yer alırdı və bu iş uğurla tamamlanmış oldu.
Qeyd etmək lazımdır ki, müəllifin də vurğuladığı kimi, Azərbaycan tarixşünaslığında Osmanlı vergi dəftərlərinin öyrənilməsinin əsasını qoyan və ölkəmizin Orta əsrlər tarixinin bir çox məsələlərinin tədqiqində Osmanlı maliyyə-vergi dəftərlərinin əvəzsiz rolunu ilk dəfə gündəmə gətirən akademik Ziya Bünyadov olmuşdur. Çox az sayda tarixçi-şərqşünas alimlərimizin baş vurduğu bu zəhmətli işlərin hər biri dəyərlidir. Ş. Mustafayev bu elmi ənənəni davam etdirərək, bu irihəcmli tarixi sənədi ətraflı təhlil və şərh etmiş, Azərbaycan türkcəsinə uyğunlaşdırmış, nəticədə Bakı Dövlət Universitetinin iki cilddə nəfis şəkildə nəşr etdiyi “Təbriz livasının müfəssəl dəftəri” kitabları ərsəyə gəlmişdir. Onun bundan əvvəlki illərdə Osmanlı dövrünün “Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı.1728-ci il” və “Lori vilayətinin icmal dəftəri”ni nəşr etdirməsi təcrübəsi də bu tədqiqatda faydalı olmuşdur.
Akademik Ş.Mustafayevin bu kitaba yazdığı 60 səhifəlik “Ön söz” özü bir müstəqil elmi araşdırmadır və Təbrizin, həmçinin bütövlükdə Azərbaycanın orta əsrlər tarixinə işıq salan, bir sıra qaranlıq məsələlərə aydınlıq gətirən elmi yanaşmadır. Bu kitab, eyni zamanda, İranda Azərbaycan xalqının tarixinə, doğma türk dilinə, mədəniyyətinə qara yaxan, xalqımızın farslar kimi, guya “İran irqinə”, arilər nəslinə aid olduğunu, lakin sonralar bu bölgəni işğal edən monqollar tərəfindən türkləşdirildiyini iddia edən şovinist, paniranist ideoloqlara tutarlı cavabdır. Dəftərdəki coğrafi adların böyük əksəriyyətinin, eləcə də 50 min şəxs adının çoxunun türk-müsəlman adları olduğunun, hətta ərəb-fars mənşəli adların böyük qisminin “qulu”, “verdi” kimi türk sonluqları ilə bitməsinin ifadə olunması Azərbaycanın qədim türk yurdu olduğunu bir daha təsdiqləmiş olur.
Müfəssəl dəftərdə o dövrdə işləyən və gəliri olan əhalidən tutulan, “Xums” başlığı ilə verilmiş müxtəlif vergi və rüsumlar: cift vergisi, nim vergisi (yarı), bennak vergisi, caba vergisi, mücərrəd vergisi (subaylıq), buğda vergisi, arpa vergisi, pambıq üsrü, meyvə üsrü, bostan üsrü, sarımsaq və soğan üsrü, gəlinlik vergisi, bakirə qız üçün vergi (120 axça), dul qadın üçün (60 axça), dəyirman vergisi, saman vergisi kimi sıralanmış və digər rüsumlar barəsində, həmçinin yaşayış məntəqələri üzrə bütün gəlirlərə dair hesabatlar verilmişdir.
“Ön söz”də tədqiqatçı qeyd edir ki, Təbriz şəhəri IX-X əsrlərdə– səlcuqların fəthinə qədər Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlərin – türk sülaləsi Sacilər, deyləmi sülaləsi Salarilər, ərəb sülaləsi Rəvvadilərin adı ilə bağlı olan dövlətlərin tərkibinə daxil olmuşdur. Təbrizin önəmi Səlcuqilər dövründə, xüsusən də Eldənizlər sülaləsindən olan Azərbaycan Atabəylərinin hakimiyyəti zamanı daha da artmışdır. “Əcayib əd-dünya” adlı farsca coğrafi əsərin anonim müəllifi XIII əsrin birinci yarısında yazırdı ki, Təbriz “Azərbaycanda böyük şəhər” olmuşdur, həmçinin Eldənizlərin hakimiyyəti dövründə o, böyük əzəmət qazanmış və Azərbaycan Atabəylərinin paytaxtına çevrilmişdi.
Ş.Mustafayev diqqəti bu məqama çəkir ki, monqol istilası dövründə Azərbaycanın bir çox başqa şəhərlərindən fərqli olaraq, Təbriz dağıntılara məruz qalmamışdı. Abaqa xan (1265-1282) dönəmində paytaxta çevrilmiş Təbrizin əhalisi artıq XIII yüzilliyin sonunda Həmdullah Qəzvininin verdiyi məlumata görə, o qədər çoxalmışdı ki, şəhər qapılarının hər birinin arxasında böyüklüyünə görə Təbrizin özündən heç də geri qalmayan bir şəhərətrafı yaşayış məskəni əmələ gəlmişdi.
Elxani hökmdarı Qazan xan (1295-1304) Təbrizin ətrafında müdafiə divarlarının tikilməsi barədə fərman vermişdi. Təbriz Elxanilər dövlətinin süqutundan sonra yaranan dövlətlərin – Cəlayiri, Qaraqoyunlu və Ağqoyunluların, sonra da Azərbaycan Səfəvi dövlətinin paytaxtı olaraq qalmışdı.
Təbrizin tarixi taleyinə təsir göstərən digər ciddi amil isə XVI-XVIII əsrlərdə baş verən və uzun sürən Osmanlı–Səfəvi müharibələri idi. Təbrizin Osmanlı sərhədinə yaxınlığı səbəbindən dövlətin paytaxtının bu şəhərdən öncə Qəzvinə (1548-ci il), sonra isə İsfahana (1598-ci il) köçürülməsi lazım gəlmişdi. Paytaxt statusunu itirməsi Təbrizin sonrakı taleyinə çox ciddi və dramatik şəkildə təsir etmişdi. Dəfələrlə baş verən zəlzələlər də Təbrizin əhalisinin kəskin azalmasına, inkişafının ləngiməsinə səbəb olmuşdu.
1721-ci il aprelin 26-da bazar günü səhər baş verən güclü zəlzələ nəticəsində itki və dağıntılar çox böyük idi, 70 min və ya 80 min nəfərin həlak olması barədə mənbələrdə məlumatlar vardır. Bu da Osmanlı hakimiyyətinin 1726-1728-ci illərdə apardığı siyahıyaalma zamanı Təbriz əhalisinin sayının nisbətən az olmasının səbəblərini aydınlaşdırır.
Qeyd edilməlidir ki, 1724-cü ildə Azərbaycan ərazisinə daxil olan Osmanlı qüvvələri bir il sonra Təbriz də daxil, Azərbaycanın bir çox bölgələrində hakim idilər.
Məlumdur ki, Gilzay qəbiləsinin rəhbəri Mir Mahmudun başçılıq etdiyi əfqanlar 1722-ci ilin oktyabrında Səfəvilər dövlətinin paytaxtı İsfahanı ələ keçirərək, Səfəvi dövlətinin tənəzzülünə yol açmışdılar. Şah Sultan Hüseyn taxt-tacı itirmiş oldu. Bu məğlubiyyətdən sonra hakimiyyətə keçən oğlu II Təhmasib də (hakimiyyəti 1722-1732) atası kimi səriştəsiz və fərasətsiz hökmdar idi. Bu vəziyyətdən isə, ilk növbədə, iki böyük qonşu dövlət – Rusiya və Osmanlı imperiyaları istifadə etdi. I Pyotrun “İran səfəri” adlandırılan 1722-23-cü illər hərbi kampaniyası nəticəsində Rusiya Səfəvi dövlətinin Xəzəryanı bölgələrini işğal etməyə nail oldu.
Ş.Mustafayev vurğulayır ki, şimal qonşusunun Qafqaz və İrandakı işğalçılıq niyyətlərinə mane olacağını gizlətməyən Osmanlı imperiyası Rusiyanın Xəzəryanı regiondakı ekspansiyası ilə barışa bilməzdi. İki imperiya arasında uzun sürən danışıqlar 12 iyun 1724-cü ildə Fransa kralının elçisi Markiz de Bonnakın vasitəçiliyi ilə İstanbul müqaviləsinin bağlanmasına səbəb oldu. Bu sənədə görə Rusiyanın Xəzəryanı bölgələri öz əlində saxlamaq, Osmanlı dövlətinin isə Cənub-şərqi Qafqaz və keçmiş Səfəvi dövlətinin şimal-qərb vilayətlərində öz hakimiyyətlərini genişləndirmək hüququ tanındı. Beləliklə də, Osmanlı qoşunları hərəkətə keçdilər.
Təbrizlilər Osmanlı ordusuna qarşı şücaətlə vuruşsalar da, onların arasında möhkəm hərbi nizam-intizamın olmaması və osmanlıların sayca üstünlüyü döyüşün taleyini əvvəlcədən müəyyən etmişdi. Osmanlılar Təbriz müdafiəçilərinin həyatlarını bağışlayıb Ərdəbilə getmələrinə icazə verdilər və Təbrizdə Osmanlı hakimiyyəti quruldu.
Təbriz livasının müfəssəl dəftərindən məlum olur ki, Osmanlı hakimiyyəti dönəmində Təbriz livasına həm Təbriz şəhərinin özü, həm də onu əhatə edən 18 ətraf nahiyə daxil edilmişdi. Bunlardan səkkizinin məlumatları müfəssəl dəftərin birinci cildinə, qalan onu isə ikinci cildinə daxil edilmişdir.
Ş.Mustafayev yazır ki, Təbriz dəftəri elə bir unikal mənbədir ki, onun əsasında bu torpaqlarda yalnız Osmanlı vergitoplama praktikasının özəlliklərini deyil, həm də sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkün olur. Bu baxımdan, hər şeydən öncə, Təbriz livasının həmin dövrdəki demoqrafik vəziyyətinə nəzər salmaq gərəkdir. Onu da qeyd edək ki, dəftərdə yalnız yetkinlik yaşına çatmış, kişi cinsindən olan və vergi ödəyiciləri kateqoriyasına aid edilən şəxslərin siyahısı verilir. Eləcə də, hər bir nahiyə üzrə Təbriz livasının kəndləri, onlarda olan və vergi ödəyən təsərrüfatların (xanələrin) sayı haqqında məlumatı əks etdirən cədvəl verilmişdir.
1728-ci ildə Təbriz şəhərinin vergi ödəyən şəhər əhalisinin təqribi sayı Osmanlı dəftərinə əsasən göstərilmişdir. Bu 6351 nəfərdir, bunlardan 610-u xristian, 54-ü yəhudidir. Vergiverənlərin ailələri ilə birlikdə sayı 32949 idi. Nəzərə alınmalıdır ki, vergiyə cəlb edilməyənlərin sayı da az deyildi.
Dəftərin məlumatlarından bilinir ki, Təbriz şəhərində və vilayətin gömrük məntəqələrinin olduğu bir sıra digər yaşayış yerlərində gömrük rüsumları illik 4 milyon 560 min Osmanlı ağçası təşkil edirdi. Bu, olduqca yüksək bir məbləğ idi.
Müfəssəl dəftərin tarixi qaynaq kimi verdiyi ən dəyərli məlumatlardan biri də Təbriz livasında o dövrdə işlənən yer və şəxs adlarıdır. Dil mənşəyinə görə türkcə toponimlərin çoxluq təşkil etdiyi diqqətçəkəndir. Onların arasında qıpçaq, ağacəri, baranlu, qaracalu, kəngərli, alpaqut, bayındır, cığatay, çuvaş və başqa türk xalq və tayfalarının adları ilə bağlı toponimlər xüsusi yer tutur. Məsələn: Ağacəri, Ağbulaq, Anaxatun, Atbatan, Bahadır, Başalmalı, Başsız, Bəydərəsi, Daşalmalı, Daşbatan, Daşkəsən, Daşqın, Dəliqorçu, Dəmirli, Dəvəçi, Dəvəli, Dikmədaş, Gəmiçi, Qaraağac, Qarabulaq, Qarayazı, Qayışqurşaq Qızılca, Qıranqaya, Qoyunquzulu, Öküzdərəsi, Sonqurlu, Tavar, Topçu, Üçtəpə, Yamçı, Yayçı, Yenicə və s.
1728-ci il Osmanlı dəftərində əks olunan daha geniş bir məlumat tarixi şəxs adlarından ibarətdir. Ş.Mustafayev vurğulayır ki, antroponimlərin öyrənilməsi ona görə önəmlidir ki, onlar leksik vahidləri təmsil etməklə və ilk növbədə, dilçilik elminin tədqiqat obyekti olmaqla bərabər, eyni zamanda, tarixi, etnoqrafik və mədəni xarakterli çox önəmli informasiya daşıyıcılarıdır. Osmanlı dəftəri ümumi sayı 50 mindən çox olan kifayət qədər xarakterik antroponimlər toplusunu ehtiva edir.
Müfəssəl dəftərdə qeydə alınan türk mənşəli şəxs adlarının çoxluğu, şübhəsiz ki, XVIII əsrin əvvəllərində Təbriz livası əhalisinin böyük əksəriyyətinin türk etnik kimliyini nümayiş etdirir. Müəllif yazır ki, türk mənşəli şəxs adlarının bəziləri qədim türk dövrünün tarixi gerçəkliyini əks etdirir və bir sıra oğuz boylarının (Bayandur/Bayındır, Eymürxan, Əfşar, Qaraman, Türkman və s.) adları ilə bağlıdır, eyni zamanda, təbiət obyektləri və hadisələri (Günəş, Bulud, Tengiz/Dəniz, Qaradağ, Qaya, Qayacıq, Temirkaya/Dəmirqaya, Temirtaş/Dəmirdaş, Aydoğmuş, Çovğun, Dolu, Taşqun/Daşqın, Tufan, və s.) bağlı adlar da mövcuddur. İnsan xarakterinin müsbət xüsusiyyətlərini – Qoçaq, Qorxmaz, Ürkməz, Dönməz, Uğurlu və s., eləcə də onun xarici görünüşünü əks etdirən (Qaraca, Qaragöz, Qaragözəl, Qaraoğlan), bəzən isə fiziki qüsurları vurğulayan (Çolaq, Çopur və s. kimi) adlara da tez-tez təsadüf etmək olur.
Adları təhlil edən Ş.Mustafayevin gəldiyi qənaətlər maraqlıdır. Onun fikrincə, türk mənşəli antroponimlərin bir hissəsi insanların, heç olmazsa, adlar vasitəsilə cəmiyyətin yüksək təbəqəsinə bağlanmaq istəyini vurğulayır və bunlar da, əsasən, türk zadəgan titulları ilə əlaqəlidir, məsələn, Xanlar, Bəylər, Ağalar, Ağabəy, Ağaxan, Ağapaşa, Böyükbəy, Elbəyi, Xanbəy, Ulubəy, Uluxan və s. kimi. Əlbəttə, zoomorfik xarakter daşıyan və şübhəsiz ki, türk antroponimiyasının qədim təbəqəsini təşkil edən (Arslan/Aslan, Tavşan/Dovşan, Qaraqoç, Qoçbəy, Sarıqoç, Sonqur/Sunqur, Baysunqur, Laçın və s. kimi) adlar da vardır. Türk mənşəli adların digər bir qrupu da insanların peşə və məişət həyatı, məşğuliyyət növlərilə bağlıdır – Aşçı, Çiftçi, Dəmirçi, Dilənçi, Qorçu, Köçəri, Naxırçı, Ovçu, Pinəçi, Yolçu və s. kimi.
Ərəb əlifbasının anlaşılması asan olmayan siyaqət xəttilə qələmə alınmış, yüzlərlə qəliz toponim, on minlərlə şəxs adları, bir çox tarixi vergi, təsərrüfat və maliyyə terminlərini özündə əks etdirən bu mənbənin oxunması və ana dilimizə çevrilməsi xeyli zaman almış və böyük zəhmət hesabına başa gəlmişdir.
Sonda qeyd etmək lazımdır ki, Ş.Mustafayevin Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini türkologiya ixtisası üzrə bitirməsi, Böyük Britaniyanın Oksford İslam Araşdırmaları Mərkəzində , ABŞ-ın İndiana Universitetində uzunmüddətli elmi ezamiyyələrdə olaraq Türk-İslam tarixinə dair elmi tədqiqatlar aparması, 2008-2013-cü illərdə UNESCO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru vəzifəsində işləməsi, uzun illər AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkologiya ilə məşğul olması onun bu mürəkkəb və iri həcmli tarixi-iqtisadi-sosial sənədi, qardaş Türkiyədə adlandırıldığı kimi, tapu-dəftəri dərindən tədqiq edə bilməsinə və dəyərli elmi nəticələr çıxarmasına zəmin yaratmışdır. Türk dünyasında Azərbaycan elmini təmsil edən, əsərləri bir çox xarici ölkələrdə dərc olunan görkəmli alimimizə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Eynulla MƏDƏTLİ,
tarix elmləri doktoru