I Türkoloji Qurultay – 100
Repressiya illərində I Türkoloji Qurultayda iştirak, türk xalqlarının tarixi, dili və ədəbiyyatı üzrə tədqiqat aparmaq, ali məktəblərdə türkoloji fənninin tədrisi siyasi ittihamların hədəfi olmuş, belə fəaliyyətlə azacıq əlaqəsi olanlar xalq düşməninə çevrilmişdi. 1937-ci ildə “alimlərin işi” kimi tanınan 12493 nömrəli istintaq dosyesi sovet repressiya mexanizminin türkoloji elmə qarşı yönəldiyini aydın göstərir. M.C.Bağırovun Xalq Daxili İşlər Komissarlığına göndərdiyi məktubda pantürkizm və panislamizm damğası ilə alimlərin casusluqda suçlanması, xüsusilə Çobanzadə və başqalarının hədəfə alınması, mədəni həyatın “millətçi təhlükə” kimi təqdim edilməsi bu siyasətin mahiyyətini açır. Bu sənədlər göstərir ki, repressiya təkcə fərdləri deyil, bütöv bir elmi məktəbi susdurmaq məqsədi güdmüşdü.
I Türkoloji Qurultayın iştirakçılarının demək olar hamısı millətçi və pantürkist damğası ilə məhv edildi. Repressiyalar kommunist rəhbərlərdən də yan keçmədi: Mir Bəşir Qasımov və Yusif Qasımov istisna olmaqla, bütün “Hümmət” üzvləri repressiya qurbanı oldular, adları çəkilənlər isə həbs edildilər. Kommunist elitasının Dadaş Bünyadzadə, Sultanməcid Əfəndiyev, Həmid Sultanov, onun həyat yoldaşı Ayna Sultanova, Teymur Əliyev, Ruhulla Axundov, Hüseyn Rəhmanov, Çingiz İldırım, Mirzə Davud Hüseynov, Mustafa Quliyev, Əliheydər Qarayev, Qəzənfər Musabəyov kimi ən parlaq təmsilçiləri xalq düşməni kimi güllələndilər. Səməd Ağamalıoğlunu isə vaxtsız ölüm bu siyahıdan “sildi”. 1956-ci ildə Nikita Xruşşovun hakimiyyəti dövründə onlara bəraət verildi.
Sadiq leninçilər necə millətçi və “xalq düşməni” olmuşdular?
İndi onları xatırlamağa dəyərmi? Kim olduqları, hansı tərəfdə dayandıqları tarixə məlumdur və bu baxımdan cavab ilk anda mənfi görünür. Milli dövlətçiliyimizə qarşı çıxmış şəxslərə simpatiya göstərmək nə tarixi vicdana, nə də milli yaddaşa uyğundur. Adı, mövqeyi və fəaliyyəti bəlli olan fiqurlar üçün əlavə “bəraət” axtarmaq da mənasızdır.
Tarix yalnız qaliblərin yazdığı şanlı səhifələrdən ibarət deyil, eyni zamanda, səhvlərin, yanlış seçimlərin və faciəli tərəddüdlərin toplusudur. Bu baxımdan belə fiqurları xatırlamaq onları haqlı çıxarmaq demək deyil, əksinə, hansı yollara düşməməli olduğumuzu göstərən canlı dərslər kimi qəbul etməkdir. Əgər biz yalnız qürur doğuran simaları yada salsaq, tariximiz birtərəfli və natamam qalar. Halbuki xalqın tarixi bütöv bir mənzərədir: həm qəhrəmanlıq, həm də yanılma ilə. Milli dövlətçiliyə düşmən mövqedə dayanmış şəxslər də bu mənzərənin qaranlıq, lakin vacib hissəsidir. Onları unutmaq yox, düzgün adlandırmaq, doğru qiymətləndirmək lazımdır.
Tarix xatırlatmağı sevir, amma həmişə tərif üçün yox. Bəzən xəbərdarlıq etmək üçün xatırladır. Keçmişdə buraxılmış səhvləri unutmaq yeni səhvlərə yol açır. Bu səbəbdən xatırlamaqla barışmaq, anlamaqla bəraət qazandırmaq arasında sərhədi qorumaq vacibdir. Deməli, onları xatırlamaq lazımdır – sevmək üçün yox, nəticə çıxarmaq üçün.
Ruhulla Axundov (1897-1938)
Ruhulla Axundov sovet dövlət və partiya xadimi, publisist və alim kimi tanınırdı. 1925–1926-cı illərdə AKP-nin I katibi olmuş, Azərbaycan dilinin elmi terminologiyasını hazırlamışdır. Latın əlifbasına keçidi dəstəkləmiş, Marksın əsərlərini ilk dəfə Azərbaycan dilinə çevirmişdir.
1897-ci ildə Şüvəlanda müəllim ailəsində doğulmuş Ruhulla Axundov atasını erkən yaşda itirmişdir. Kənd və şəhər məktəblərində, sonra Bakı realnı məktəbində oxumuşdur. Kiçik yaşlarından istedadı müəllimi Abdulla Şaiqin diqqətini çəkmişdi. Müəllimi onu az danışan, gur səsi, səlis oxusu və parlaq baxışları ilə seçilən şagird kimi xatırlayırdı.
Sovet dövründə Ruhulla Axundov “Kommunist” qəzetinin ilk redaktoru olmuşdur. 1920-ci ildə Leninlə görüşmüş, Bakıya döndükdən sonra məsul partiya vəzifələrində çalışmışdır. 1927–1928-ci illərdə “İnqilab və mədəniyyət” jurnalına redaktorluq etmiş, klassik Azərbaycan şairlərinin və folklor nümunələrinin nəşrinə xüsusi önəm vermişdir. Jurnalın məsul katibi Süleyman Rüstəmin xatirələrinə görə, onun mənzilində Tağı Şahbazi, Mehdi Hüseyn, Məmməd Arif, Mikayıl Rəfili kimi ziyalılar tez-tez toplaşardılar.
Bakıda I Türkoloji Qurultayın işində Ruhulla Axundov yaxından iştirak edib. O, xüsusilə latın qrafikasına keçidi strateji məsələ kimi dəyərləndirir, bunu yalnız Azərbaycan üçün deyil, bütün Şərq dünyası üçün mühüm mədəni dönüş nöqtəsi sayırdı. Axundov, eyni zamanda, Azərbaycan dilinin saflığının qorunmasını milli varlığın əsas şərti kimi qəbul edir və bu yolda ardıcıl mübarizə aparırdı.
Ziya Bünyadovun “Qırmızı terror” əsərində qeyd olunur ki, DTK rəhbərliyində olan erməni məmurların uydurmalarına görə Ruhulla Axundov “gizli antisovet təşkilatı” yaratmış və gələcək “burjua respublikasının prezidenti” olacağı kimi absurd ssenarilər qurmuşdu. Həbs edilən Axundov ağır işgəncələrə məruz qalmış, saxta etiraflara məcbur edilmişdi. İşgəncələr Ruhulla Axundovu elə hala salmışdı ki, tanımadığı insanları belə “təşkilatın üzvü” adlandırmağa məcbur olmuşdu.
17 dekabr 1937-ci ildə səhər tezdən yaşadığı binanın qarşısında işə gedərkən “Əks-inqilabçı millətçi təşkilat”ın üzvü kimi həbs edilən Ruhulla Axundov “trotskçi” kimi mühakimə olunmuş, 1938-ci ildə güllələnmişdi.
Ruhulla Axundov milliyyətcə yəhudi olan həyat yoldaşı Frida ilə ailə qurmuş, bu nikahdan iki övlad dünyaya gəlmişdi: Fərid və Aneliya (bəzi mənbələrdə Rəna). 1937-ci il iyunun 20-də Frida da həbs olunmuş, 8 il həbsdə qalmışdı. Oğlu Fərid isə müharibədə həlak olmuşdur. Onların qarışıq illərdə Gürcüstana köçdükləri də bildirilir.
Həbib Cəbiyev (1899-1938)
Həbib Cəbiyev XX əsrin əvvəllərində formalaşan Azərbaycan bolşevik hərəkatının fəallarından, eyni zamanda, milli-siyasi və elmi-mədəni proseslərdə mühüm rol oynamış ziyalılardandır. O, inqilabçı kommunist kimi tanınmaqla yanaşı, mətbuat və elmi mühitdə də dərin iz qoymuşdur. Bir neçə dəfə “Kommunist” qəzetinə redaktorluq etmiş, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın fəal nümayəndəsi olmuşdur. 1929-cu ildə “Azərbaycanı Tədqiq və Öyrənmə Cəmiyyəti”nin bazasında yaradılan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ilk həqiqi üzvlərindən biri kimi də elmi həyatın təşəkkülündə iştirak etmişdir.
Həbib Cəbiyev 1899-cu ilin sentyabrında Bakının Balaxanı kəndində neft sahibkarı ailəsində dünyaya gəlmişdir. Atası Nobel qardaşları ilə əməkdaşlıq etmiş, Hacı Zeynalabdin Tağıyev və Arafelovla birlikdə şəxsi neft şirkətinin yaradıcılarından olmuşdur. O, Həbibi gələcəkdə ailə işinin varisi kimi görmək arzusuyla Bakı Kommersiya məktəbinə göndərmişdi. 1911-ci ildə Bakı Kommersiya məktəbinə daxil olmuş, məktəbin son kursunda oxuyarkən “Hümmət” təşkilatının Balaxanı şöbəsinin katibi seçilmişdir.
Gənc yaşlarından siyasi fəaliyyətə qoşulan Həbib 1919-cu ildən “Hümmət”in fəal üzvü kimi Gəncə, Qazax, Tovuz, Gədəbəy və Şuşada təşkilatın özəklərini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə gizli fəaliyyət göstərən Həbib Cəbiyev partiya konfransı keçirmək məqsədilə Şuşaya “çoban libasında” getməsi ilə də xatırlanır.
XI qızıl ordunun Azərbaycanı işğalından sonra digər “Hümmət”çilər kimi Həbib Cəbiyev də rəhbər partiya işlərinə irəli çəkilmişdir. 1920–1921-ci illərdə Şamxor (indi Şəmkir), Qazax və Tovuz qəzalarına fövqəladə komissar göndərilmiş, daha sonra Balaxanı partiya komitəsində çalışmışdır. 1922–1923-cü illərdə Moskvada nəşr olunan “Qızıl Şərq” jurnalının redaktoru olmuş, 1923–1927 və 1929–1930-cu illərdə isə Bakıda “Kommunist” qəzetinə rəhbərlik etmişdir.
1930-cu ildən sonra Həbib Cəbiyev Moskvada məsul dövlət və partiya vəzifələrinə irəli çəkilmiş, SSRİ Kolxoz Mərkəzinin sədr müavini, daha sonra SSRİ Xalq Yeyinti Sənayesi Komissarlığı Siyasi İdarəsinin rəis müavini kimi fəaliyyət göstərmişdir. Lenin ordeni ilə təltif olunmuş bu dövlət xadimi 1938-ci il aprelin 12-də “Əks-inqilabi Hümmətçi təşkilatın üzvü” kimi güllələnmiş, yalnız 1957-ci ildə ona bəraət verilmişdir.
Həbib Cəbiyevin ailə taleyi də faciəli olmuşdur. Oğullarından Cahangir repressiya illərində güllələnmiş, Teymur isə Buzovnada dənizdə faciəli şəkildə həlak olmuşdur. Həyat yoldaşı Azneftin sədri olmuş Mixail Vasileviç Barinovun bacısı olan Aleksandra Barinova sürgündən sonra Moskvada yaşamış və orada vəfat etmişdir.
Bu gün də Balaxanıda Həbib Cəbiyevin doğulduğu evdə qardaşı Ağahüseyn Cəbiyevin oğlu Rəhim Cəbiyev yaşayır. Ağahüseyn Cəbiyev Neft Akademiyasını bitirmiş, 1949-cu ildə həbs edilərək Moldovanın Saransk şəhərinə sürgün edilmişdir. Qeyd edək ki, Həbib Cəbiyevin atası da 1930-cu illərin repressiyaları zamanı həbs olunaraq Moldovaya göndərilmiş və sürgündə vəfat etmişdir. Bunlar bolşevik rejiminin öz sadiq adamlarının, hətta onların ailələrinin taleyində repressiya izlərinin nə qədər dərin olduğunu göstərən faktlardan olsa-olsa az bir qismidir.
Ayna Sultanova (1895-1938)
Ayna Sultanova XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi səhnəsinə çıxan nadir qadın simalardan biri olub. O, təkcə Bakı Türkoloji Qurultayının yeganə qadın nümayəndəsi deyil, həm də dövrünün ən ziddiyyətli və diqqətçəkən siyasi fiqurlarından biri kimi tarixə düşmüşdür. Ayna Sultanova ideyasına kor-koranə deyil, fanatik sədaqətlə bağlanan qadın idi.
1895-ci ildə Şabranın Pirəbədil kəndində dünyaya gələn Ayna gənc yaşlarından maarif və ictimai fəaliyyətə meyil göstərmişdir. Bakıda “Müqəddəs Nina” gimnaziyasını bitirdikdən sonra müəllimlik etməsi onun qadın maarifçiliyi yolunda ilk addımları olmuşdu. Lakin Ayna Sultanova təkcə təhsillə kifayətlənməmiş, siyasi mübarizənin ön cəbhəsinə atılmışdı.
Bolşevik ideologiyasını qəbul edən ilk azərbaycanlı qadın kimi Azərbaycan Xalq Cümhuriyyətinə qarşı fəaliyyət göstərmiş, Müsavat hakimiyyətinin süqutunu sürətləndirmək üçün bolşevik dairələrlə sıx əməkdaşlıq etmişdir. Həştərxandan Moskvaya uzanan siyasi yolu onu Sovet aparatının müxtəlif pillələrinə aparmış, Sverdlov adına Kommunist Universitetində təhsil alması və RSFSR Xarici İşlər Komissarlığında çalışması siyasi portretini daha da sərtləşdirmişdi.
XI qızıl ordunun Azərbaycana girişi ilə Ayna Sultanova Bakıya qayıdaraq qadın hərəkatının təşkilatçılarından birinə çevrilmişdi. “Şərq qadını” jurnalının ilk redaktoru kimi o, Şərq qadınının ictimai həyata çıxarılması ideyasını sovet ideologiyası çərçivəsində formalaşdırmağa çalışmışdı. Maarif və ədliyyə sahəsində yüksək vəzifələr tutaraq Azərbaycan tarixinin ilk qadın naziri səviyyəsinə yüksəlmişdi. Lakin sovet rejimi amansızlıqlarını onun övladlarınından da əsirgəmədi. 1938-ci ildə Ayna Sultanova həyat yoldaşı Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyovla birlikdə repressiyanın qurbanı olmuşlar.
SSRİ dağıldıqdan sonra Ayna Sultanovaya münasibət köklü şəkildə dəyişmiş, onun bolşevik ideologiyasına sədaqəti, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı fəaliyyəti və sovet hakimiyyətinin qurulmasında oynadığı rol, müasir ictimai düşüncədə ancaq mənfi çalarlarla yadda qalmışdır. Bu gün Ayna Sultanova milli dövlətçilik ideyasına zidd mövqedə dayanmış simalardan biri kimi qəbul edilir.
Bununla belə, müasir Bakının həyatından onun adı və siması hələ də silinməyib. Maraqlıdır ki, digər sovet xadimlərinin abidələri ya sökülmüş, ya da şəhər məkanından kənarlaşdırılsa da, Ayna Sultanovanın heykəli hələ də şəhərin mərkəzində qalmaqdadır. Abidənin müəllifinin Azərbaycanın yeganə qadın heykəltaraşı Münəvvər Rzayevanın olması isə sovet ideologiyasının qadın simvolunun qadın sənətkarın əli ilə daşda əbədiləşdirməsi maraqlı tarixi paralellik yaradır...
Həmid Sultanov (1889-1938)
Azərbaycan tarixindən izi silinməyən, şəxsiyyəti və fəaliyyəti isə mübahisə doğuran fiqurlardan olmuş Həmid Sultanovun adı küçələrdə, abidələrdə, yaşadığı binanın divarındakı xatirə lövhəsində bizim günlərə çatıb.
Həyatı sovet hakimiyyətinin qurulması ilə paralel formalaşmış, siyasi yüksəlişi də məhz bu sistemin daxilində baş vermişdir. Sultanov repressiya illərində güllələnsə də, bu fakt onun bütövlükdə sovet repressiya mexanizmindən kənar qaldığını demir. Əksinə, bir çox araşdırmalar göstərir ki, o, müəyyən mərhələlərdə həmin mexanizmin rəhbər iştirakçılarından olmuşdur.
Bu isə onu həm qurban, həm də sistemin bir parçası kimi dəyərləndirməyə əsas verir. Onun siması sovet dövrü Azərbaycan ziyalısının ziddiyyətli taleyini özündə cəmləşdirir: bir tərəfdən yüksəliş, digər tərəfdən faciə. Məhz bu ikililik onun adını tarixdə mübahisəli, lakin unudulmaz edən əsas amildir. I Türkoloji Qurultaya nümayəndə seçilməsi də onun elmi nüfuzu ilə deyil, daha çox tutduğu vəzifə və siyasi statusu ilə bağlı olub.
Həmid Həsən oğlu Sultanov 26 may 1889-cu ildə Qazax bölgəsinin Şınıx-Ayrım kəndində anadan olmuşdur. Təhsilini Almaniyada – Leypsiq Politexnik İnstitutunda alması dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, Avropa mühitində qazandığı bilik və təcrübə sonradan siyasi fəaliyyətinə təsir göstərmişdir.
1918-ci ildə Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası dövründə Sultanov Bakı şəhər və rayonları üzrə Hərbi İnqilab Komitəsinin üzvü, eyni zamanda, Bakı Xalq Komissarları Şurasının qəza müvəkkillərindən olmuşdur. 1919-cu ildə isə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı gizli mübarizədə, silahlı üsyanların təşkilində fəal iştirak etmişdir.
Azərbaycanın sovetləşdirilməsindən sonra Sultanov Azərbaycan İnqilab Komitəsinin üzvü, ilk daxili işlər komissarı, sənaye və ticarət komissarı, Xalq Təsərrüfatı Şurasının sədri, Naxçıvan MSSR Xalq Komissarları Şurasının sədri, ZSFSR MİK-in katibi və digər mühüm vəzifələrdə çalışmışdır. 1920-ci ilin 28 aprelində təyin olunduğu daxili işlər komissarı postunda 1921-ci ilin iyununa qədər qalmışdır.
Həmid Sultanovun adı yüzlərlə günahsız insanın həyatına son qoyan sərt və qəddar qərarlarların müəllifi kimi çəkilir. O, sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi naminə aparılan repressiv tədbirlərin fəal icraçılarından olmuş, xüsusilə Gəncə üsyanının qanlı yatırılması ilə yadda qalmışdır. Bu hadisələr zamanı günahsız insanların həlak olması Sultanovun adını Azərbaycan tarixinin qaranlıq səhifələrinə yazmışdır. O, həmçinin Azərbaycanın görkəmli maarifçisi, publisist və ədəbiyyatşünası Firidun bəy Köçərlinin güllənmə əmrini vermişdir.
Həmid Sultanovun şəxsi həyatı da siyasi fəaliyyəti qədər ziddiyyətli və faciəli olmuşdur. O, Azərbaycan tarixinin ilk qadın naziri, Maarif Xalq Komissarı, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri Ayna Sultanovanın həyat yoldaşı idi. Bu ailə sovet hakimiyyətinin ilk illərində siyasi elitanın ön sıralarında yer alsa da, onların taleyi sistemin amansız mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoymuşdur.
Lakin tarixin ironiyası ondadır ki, rejimə sədaqətlə xidmət edən Sultanov da sonda eyni sistem tərəfindən “vətən xaini” damğası ilə məhv edilmişdir. 1938-ci ildə Həmid Sultanov həyat yoldaşı Ayna Sultanova və qaynı, Azərbaycan SSR-də yüksək vəzifələr tutmuş Qəzənfər Musabəyovla birlikdə repressiyaya məruz qalmış, “xalq düşməni” kimi güllələnmişdir.
Mirzə Davud Hüseynov (1894-1938)
Azərbaycan sovet tarixinin ən mürəkkəb və ziddiyyətli simalarından biri də Mirzə Davud Hüseynovdur. O, AK(b)P MK-nın ilk azərbaycanlı rəhbəri kimi siyasi zirvəyə yüksəlsə də, bu yol həm milli yaddaşda, həm də tarixi qiymətləndirmələrdə ciddi mübahisələr doğurur. Gənclik çağlarında çar rejiminin milli və sosial zülmünə qarşı çıxan Mirzə Davud, sonradan Azərbaycan Xalq Cümhuriyyətini devirmiş bolşevik siyasətinin fəal icraçılarından birinə çevrilmişdir. Mirzə Davud Hüseynovun I Türkoloji Qurultaya nümayəndə kimi qatılması da elmi fəaliyyətindən çox, daşıdığı yüksək siyasi statusla bağlı idi.
1894-cü ilin martında Bakıda ruhani ailəsində doğulan Hüseynov ilk təhsilini şəhər məktəbində almış, sonra Bakı realnı məktəbində oxumuşdur. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdu. 1917-ci ildən inqilabi fəaliyyətə qoşulan Hüseynov tələbə gənclər arasında bolşevik ideyalarının yayılmasında fəal rol oynamış, “Hümmət” təşkilatının rəhbərliyində yer almışdı.
Sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycan SSR İnqilab Komitəsi sədrinin müavini, maliyyə və xarici işlər komissarı, Ali İqtisadi Şuranın sədri, daha sonra ZSFSR və SSRİ miqyasında yüksək vəzifələrdə çalışmışdı. 1930–1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi kimi Orta Asiya siyasətinin mərkəzində dayanmışdı. I Türkoloji Qurultaya nümayəndə seçilməsi isə onun elmi nüfuzundan çox, siyasi çəkisi ilə bağlı idi və bu, dövrün elmlə ideologiya arasındakı sərhədlərinin necə silindiyini göstərirdi.
Mirzə Davud Hüseynovun şəxsi həyatı da siyasi taleyi qədər dramatikdir. O, Cümhuriyyətin qurucularından olan Fətəli xan Xoyskinin qızı Tamara Xoyski ilə evlənmişdi. Paradoks ondadır ki, biri sovet hakimiyyətinin aparıcı simalarından, digəri isə Cümhuriyyət elitasının nümayəndəsi olan bu iki insan eyni rejimin qurbanına çevrilmişdir. Onlar Moskvada eyni gündə, eyni “voronka”da - NKVD tərəfindən istifadə olunan, insanların gecə vaxtı həbs edilib aparılması üçün nəzərdə tutulmuş qapalı xüsusi maşında gedər-gəlməzə aparılmışlar. 1938-ci il martın 21-də, Novruz bayramı günündə Mirzə Davud Hüseynov güllələnmişdir.
Tamara Xoyski isə uzun sürgün və həbs illərindən sonra 1950-ci illərdə Azərbaycana qayıtmışdır. 1990-cı ildə Bakıda, Neftçilər prospektində yerləşən, tənha yaşadığı birotaqlı mənzildə vəfat etməsi onun keşməkeşli həyatının səssiz və kədərli yekunu oldu.
Azərbaycanın sabiq xarici işlər naziri, filologiya elmləri doktoru Vilayət Quliyev Tamara Xoyskinin taleyini xüsusi bir tarixi paradoks kimi dəyərləndirir. Onun fikrincə, Tamara xanım həm atasının – Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, həm də sonuncu xarici işlər naziri Fətəli xan Xoyskinin və bütövlükdə Cümhuriyyətin siyasi reabilitasiyasını görmüş, həm də həyat yoldaşı Mirzə Davud Hüseynovun timsalında Sovet Azərbaycanının və ümumilikdə sovet sisteminin süqutuna şahidlik etmişdir.
Son söz yerinə və bütövləşən tarix
Bu siyahını uzatmaq da mümkündür. Çünki rejimin amansızcasına məhv etdiyi, böyük qəddarlıqla güllələdiyi “öz övladları” arasında I Türkoloji Qurultayın nümayəndələri də vardı. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk günlərdən məsul vəzifələr tutmuş, partiya və dövlət aparatının mərkəzində yer almış ziyalılar da həmin taleyi yaşadılar. Adlarını çəkdiyimiz və Sovet dövründə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi yüksək vəzifə tutmuş Səməd Ağamalıoğlu, yaxud, AK(b)P MK-nın ilk azərbaycanlı rəhbəri kimi siyasi zirvəyə yüksəlmiş Mirzə Davud Hüseynov onlardan biri idi. Amma adını çəkmədiyimiz Mustafa Quliyev də bu sırada idi. 1922–1929-cu illərdə qısa fasilələrlə Azərbaycan SSR-in xalq maarifi komissarı olmuş Quliyev və başqaları bir vaxtlar qurduqları nəhəng sistemin təkərləri altında əzilərək tarixdən silindilər. İdeologiyanın daşıyıcısı olanlar, sonralar ideologiyanın “təhlükəli” yükünə çevrildilər.
Onlardan bir qismini xatırlamaqla biz yalnız fərdi taleləri deyil, həm də tariximizdə mühüm və simvolik bir hadisənin – I Türkoloji Qurultayın görünməyən, danışılmayan tərəflərini yenidən yada salırıq. Bu, təkcə elmi toplantı deyildi, sonradan repressiya dəhlizlərinə açılan təhlükəli bir qapı idi.
I Türkoloji Qurultayın nümayəndələrinin bir qismi vaxtilə milli dövlətçiliyə düşmən mövqedə dayanmışdı. Lakin tarix yalnız ağ və qara rənglərdən ibarət deyil. Onlar da bu mənzərənin qaranlıq, lakin inkaredilməz hissəsi, həm də böyük faciələri ilə qurbanlarından oldular. Tarix isə yalnız qurbanların deyil, qurban edən sistemə xidmət göstərib sonra onun tərəfindən məhv edilənlərin bədbəxt taleləri ilə də bütövləşir.
Namiq QƏDİMOĞLU

