Tanınmış araşdırmaçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Əməkdar jurnalist Eyruz Məmmədov uzun sürən xəstəlikdən sonra, fevralın 23-də 73 yaşında yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişib. Ondan doğmalarına, dostlarına, çoxsaylı oxucularına uzun illər Azərbaycan, rus və ingilis dillərində yazıb-yaratdığı kitabları, ssenari müəllifi olduğu sənədli filmləri və işıqlı xatirələri qalıb.
Gələcəyin işıqlı söz adamı dünyaya gələndə adını “göz işığı” mənasını verən Eyruz qoydular. İllər keçdikcə, yurd sevgili oğlan işıqlı duyğu-düşüncələri ilə təkcə yaxınlarının deyil, el-obasının, xalqının Eyruz oldu, gözlərə-könüllərə çıraq oldu. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsini bitirib jurnalist kimi fəaliyyət göstərdi. İmzasını Sumqayıt və respublika mətbuatında ciddi araşdırmalarla, çoxsaylı publisist yazıları ilə tanıtdı. Hekayə, povest və romanları ilə həm də istedadlı yazıçı olduğunu sübuta yetirdi.
Eyruz müəllimlə eyni şəhərdə yaşayır, tez-tez görüşürdük. Hər dəfə də istər-istəməz, ömrünün 38 ilini həsr etdiyi erməni ekstremizminin Sumqayıt səhifəsi ilə bağlı həqiqətlərə əlavə etdiyi yeni fakt və epizodlardan söhbət açırdıq. Onun xalqımızın düşmənlərinin dinc əməkçi şəhərində qurduğu təxribatçı oyunun gizlinləri barədə söhbətlərini böyük maraqla dinləyirdik. Ümumiyyətlə, Sumqayıtın yaxın-uzaq tarixini o hamımızdan, dəqiq və hərtərəfli öyrənmişdi. Həmkarları Eyruzu mehriban, qayğıkeş, geniş dünyagörüşlü, bir sözlə, əsl ziyalı kimi çox istəyir, xətrini əziz tuturdu.
Atası Əməkdar poliqrafçı Surxay Məmmədov uzun illər Sumqayıt mətbəəsinin direktoru olmuşdu. Elə 15 yaşından mətbəədə jurnalistlərlə ünsiyyəti sayəsində Eyruz da bu peşəyə könül vermiş, ilk sınaq yazılarının fərəhini yaşaya-yaşaya tədricən ciddi bir qələm sahibinə, cild-cild kitabların müəllifinə çevrilmişdi. “Exo Sumqaita” qəzetinin baş redaktorluğuna qədər yüksəlmişdi. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “Araz” ali ədəbi mükafatlarına layiq görülmüşdü. Onun “Redaktor köşəsi”ndə təqdim edilən yazılar aydın səmada şimşək kimi çaxırdı.
Eyruz Məmmədov 30-dək kitabın, o cümlədən “2-ci paralel”, “Anata”, “P.S”, Dama Pika”, “Mister Riç”, “Bir, iki, üç… və yaxud Dağ çiçəyi”, “Gecə… İncə gecə”, “Zöhra və Kənan”, “Qaranlığın çırağı”, “Sən kimsən, Armando?” kimi bədii və tarixi əsərlərin müəllifi kimi tanınır. Ssenarist kimi “Sumqayıt: Azadlığın əks-sədası”, “Cəbhə bölgəsində”, “Sumqayıtın bir axşamı” və digər filmlərinə mətn yazıb. “28-dən 29-na keçən gecə”, professor Ramazan Məmmədovla birgə müəllifi olduğu “Sumqayıt-1988. Cinayət və cəza” tarixi əsərləri erməni millətçilərinin Sumqayıtda törətdikləri irimiqyaslı təxribatın təhqiqinə, daşnak ideologiyasının ifşasına həsr edilib.
Mərhum qələmdaşı Rəhman Orxan yazmışdı ki, Eyruz Məmmədov heç nə yazıb-yaratmasaydı belə, rejissor Davud İmanovla birgə min bir əziyyətlə, ciddi təhlükələrlə üzbəüz qalaraq ərsəyə gətirdiyi “Sumqayıtın əks-sədası” filmi ilə daim seviləcək, yüksək dəyərləndiriləcək. Onların həmin filmdə milli zəmində təxribatdan az sonra Moskvaya gedərək, xalqımıza qarşı qanlı cinayətlərin baiskarları olmuş bədnam SSRİ diktatoru Qorbaçovu, Kremldəki Mərkəzi Komitə katibləri Liqaçovu, Yakovlevi, Lukyanovu, eləcə də müdafiə naziri Yazovu, dövlət təhlükəsizlik komitəsi sədri Kryuçkovu və digərlərini ittihamedici suallarla “divara dirəmələri”, ermənipərəst imperiya rəhbərlərini öz cavabları ilə ifşa etmələri yaradıcı qəhrəmanlıq idi.
Eyruz Məmmədov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın informasiya blokadasının yarılmasında, Qarabağ həqiqətlərinin oxuculara doğru-dürüst çatdırılması, yayılması işində də əsl fədakarlıq göstərib. Onun eyruzunsesi.az internet saytı erməni və rus opponentlərinin hədələrinə tutarlı cavabları ilə tanınmışdı. Eyruz erməni xislətini elə məharətlə açırdı ki, düşmənlər bundan sarsılırdı. Hətta Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mətbuat katibi Eyruzu beynəlxalq məhkəməyə verəcəkləri ilə hədələmişdi. O isə haqqa söykəndiyi üçün heç nədən çəkinmirdi.
Həmkarımız vaxtaşırı “Xalq qəzeti”nin səhifələrində də maraqlı araşdırma yazıları ilə çıxış edirdi. Onun haqqında artıq keçmiş zamanda danışmaq çətin olsa da, təsəllimiz həyatda silinməz izlər qoya bilməsidir. İşıqlı xatirəsi isə onun yoxluğunu, az da olsa unutduracaq.
Allah rəhmət eləsin!
Əli NƏCƏFXANLI
XQ
Sumqayıt

