Ukrayna müharibəsi qlobal nizamı sarsıdır

post-img

2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə qədəm qoydu. İndi hamıya aydındır ki, bu qarşıdurma təkcə iki qonşu dövlət arasında münaqişə deyil, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizamın əsaslarının sarsılmasıdır. Müharibənin dördillik mərhələsi Avropanın təhlükəsizlik konsepsiyasını köklü şəkildə dəyişdirdi, NATO-nun şərq cinahının gücləndirilməsinə, müdafiə xərclərinin rekord səviyyəyə yüksəlməsinə səbəb oldu və İsveçlə Finlandiyanın alyansa qoşulması nəticəsində Şimali Avropada yeni strateji balans formalaşdırdı.

Bu müddət ərzində Rusiya Qərblə münasibətlərdə ən dərin böhran mərhələsinə daxil oldu, tətbiq edilən misli görünməmiş sanksiyalar isə Moskvanı alternativ iqtisadi və siyasi tərəfdaşlıqlara, xüsusilə Çin və Hindistan bazarlarına yönəltdi. Ukrayna isə bu illər ərzində yalnız hərbi müqavimət göstərməklə kifayətlənmədi, eyni zamanda, Qərb təhlükəsizlik sisteminin və Avropa institutlarının ayrılmaz hissəsinə çevrildi.

Müharibənin dördillik xronikası qlobal enerji və ərzaq xəritəsinin yenidən formalaşması ilə müşayiət olunur. Avropa Rusiya qazından asılılığı minimuma endirmək üçün mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırır və bu kontekstdə Cənubi Qafqazın, xüsusilə Azərbaycanın enerji dəhlizi kimi rolu strateji əhəmiyyət qazanır. Eyni zamanda, Qara dəniz marşrutlarının bağlanması qlobal taxıl bazarında ciddi dalğalanmalara səbəb olur, inkişaf etməkdə olan ölkələrdə inflyasiya təzyiqini artırır və ərzaq təhlükəsizliyini beynəlxalq gündəmin ən həssas mövzularından birinə çevirir. Hərbi-sənaye kompleksinin genişlənməsi və dövlət büdcələrində müdafiə xərclərinin payının artması isə qlobal iqtisadiyyatın yeni hərbiləşmə mərhələsinə daxil olduğunu göstərir.

2026-cı ilin fevralında sülh danışıqları ətrafında formalaşan vəziyyət daha mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Vaşinqtondan gələn son siqnallar, xüsusilə prezident Donald Trampın xüsusi nümayəndələrinin artan fəallığı göstərir ki, ABŞ artıq müharibəni "dondurmaq" və tərəfləri birbaşa dialoqa cəlb etmək üçün konkret ssenarilər üzərində işləyir. Xüsusi elçi Stiv Uitkovun açıqlamaları yaxın həftələrdə üçtərəfli və ya birbaşa görüşlərin keçirilməsi ehtimalını artırır. Bununla belə, Ukraynanın "ərazi bütövlüyü" tələbi ilə Rusiyanın "mövcud reallıqların tanınması" şərti arasındakı ciddi ziddiyyət qalmaqdadır. Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatları göstərir ki, tərəflər siyasi razılaşmadan daha çox, hərbi detallara – atəşkəs xəttinin və təhlükəsizlik zonalarının müəyyənləşdirilməsinə dair texniki danışıqlara yaxın görünürlər.

Gələcək proqnozlar göstərir ki, dördillik müharibənin nəticələri yaxın perspektivdə tammiqyaslı sülh müqaviləsindən daha çox, münaqişənin "Koreya ssenarisi" üzrə dondurulması ehtimalını önə çıxarır. Bu isə hərbi əməliyyatların dayandırılması ilə yanaşı, siyasi gərginliyin onilliklər boyu davam edə biləcəyi yeni "soyuq müharibə" reallığını vəd edir. Dünya artıq daha parçalanmış vəziyyətdədir. Bu müharibə beynəlxalq hüququn gücünü deyil, gücün beynəlxalq hüququ formalaşdırdığı bir mərhələnin başlandığını nümayiş etdirir. Görünən odur ki, 2026-cı il həm döyüş meydanında, həm də diplomatik masada bu uzunmüddətli qeyri-sabitliyin yeni status-kvoya çevrilib-çevrilməyəcəyini müəyyən edən həlledici mərhələ olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya