Tərəqqinin yeni iqtisadi qaynağı

post-img

Yeni sənaye zonalarına 7 milyard manatlıq yatırım qoyulub

Azərbaycanın sənaye xəritəsi son illərdə köklü şəkildə dəyişir. Bir vaxtlar, əsasən, neft gəlirləri ilə ifadə olunan iqtisadi model artıq sənaye zonaları vasitəsilə yeni bir mərhələyə qədəm qoyur. Rəqəmlər göstərir ki, bu keçid təsadüfi proses deyil, sistemli və məqsədyönlü siyasətin nəticəsidir.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan sənaye zonalarına indiyədək 7 milyard manat həcmində investisiya yatırılıb. Ümumi investisiya portfeli isə 8,7 milyard manatdan artıqdır. Bu fakt bir daha sübut edir ki, sənaye parkları və məhəllələri artıq kağız üzərində qalan layihələr deyil, real iqtisadi güc mərkəzlərinə çevrilib.

Təkcə son bir ildə 136 milyon manat sərmayənin yönləndirilməsi, 25 rezident və 4 qeyri-rezidentin qeydiyyata alınması sənaye zonalarına marağın davamlı artdığını göstərir. Ümumilikdə, 138 rezident və 13 qeyri-rezidentin fəaliyyət göstərdiyi bu məkanlarda 82 müəssisə artıq istehsala başlayıb. Bu müəssisələr 9 700-dən çox daimi iş yeri yaradıb ki, bunun da 1100-ü ötən ilin payına düşür.

Sənaye zonalarının iqtisadi təsiri xüsusilə istehsal və ixrac göstəricilərində aydın görünür. 2015–2025-ci illər ərzində burada 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib. Bu məbləğin 6 milyard manatdan çoxu ixracın payına düşür. Təkcə ötən il satış həcmi 4 milyard manata yaxın, ixrac isə 1,2 milyard manat təşkil edib. Bu göstəricilər qeyri-neft ixracının genişlənməsində sənaye zonalarının aparıcı rol oynadığını təsdiqləyir.

Vergi və gömrük güzəştləri mexanizmi də sənaye mühitinin formalaşmasında mühüm alətə çevrilib. Rezidentlər indiyədək 547 milyon manat vəsaitə qənaət ediblər. Bu güzəştlər investisiya risklərini azaldır, yeni layihələrin reallaşmasını sürətləndirir və istehsalın genişlənməsinə stimul yaradır.

Diqqətçəkən digər məqam isə xarici investisiyanın artım dinamikasıdır. Əgər 2016-cı ildə sənaye zonalarına cəmi 10,4 milyon manat xarici sərmayə cəlb olunmuşdusa, 2025-ci ildə bu rəqəm 87,9 milyon manata yüksəlib. Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Bolqarıstan, Rusiya və Pakistan kimi ölkələrin sahibkarlarının Azərbaycan sənaye zonalarına sərmayə yatırması ölkənin regional sənaye platformasına çevrildiyini göstərir.

Bu gün Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsal genişlənir, yeni layihələr icra mərhələsinə keçir. 2024-cü ilin sonunda yaradılan Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis olunan Qərb Sənaye Parkı isə sənaye coğrafiyasının daha da genişləndiyini göstərir. Naxçıvanda artıq ilk rezidentin qeydiyyatı gözlənilir və infrastrukturun qurulması istiqamətində işlər davam edir.

Bütün bu proseslər sənaye zonalarının regionların iqtisadi dirçəlişinin mühərrikinə çevrilir. İnfrastrukturun yaradılması, sahibkarlığın təşviqi, istehsalın balanslı bölgüsü və ixrac potensialının artması Azərbaycanın sənaye strategiyasının dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir.

Qeyd edək ki, əldə olunan uğurda dövlət dəstəyinin birbaşa imzası var. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üzrə ƏDV tutulmur, həmçinin bu malların idxalı zamanı 10 il müddətinə gömrük rüsumları tətbiq edilmir.

Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Bununla yanaşı, Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verir.

Zahid Fərrux MƏMMƏDOV,
İqtisad Universitetinin İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini, professor

Artıq sənaye zonaları milli inkişaf modelinin əsas dayaqlarından biridir. Bu model qeyri-neft sektorunun gücləndirilməsini, regional inkişafın sürətləndirilməsini və Azərbaycanın qlobal istehsal zəncirində mövqeyinin möhkəmləndirilməsini hədəfləyir. Rəqəmlər isə bu yolun real nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir.

İlk növbədə, sistem kompleks xarakter daşımalıdır. Yəni burada yalnız fabrik və zavodların yaradılması kifayət etmir; eyni zamanda texnologiyanın, insan kapitalının, maliyyə resurslarının və satış bazarlarının inteqrasiyası tələb olunur. Strateji baxımdan yanaşdıqda qeyri-neft sənayesinin genişləndirilməsi, kimya və maşınqayırma sənayesinin gücləndirilməsi, ixracyönümlü istehsal modellərinin qurulması əsas prioritetlər kimi çıxış edir.

Bununla yanaşı, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, mühəndislik ixtisaslarının inkişafı və təşviqi xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı ölkələrində mühəndislik sahələrinə geniş diqqət ayrılır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Həmçinin uzunmüddətli sənaye kreditləri, vergi güzəştləri və ixrac subsidiyaları kimi alətlərdən daha geniş istifadə edilə bilər.

Prioritet məsələlərdən biri də rəqəmsal sənayenin və süni intellekt tətbiqlərinin genişləndirilməsidir. Eyni zamanda, kənd təsərrüfatı sahəsinin gücləndirilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi vacib istiqamətlər sırasındadır. Sənayenin inkişafı nəticə etibarilə texnologiya, insan kapitalı və institusional mühit kimi üç əsas sütun üzərində iqtisadiyyatın dayanıqlı yüksəlişini təmin edir, ixrac imkanlarını artırır, elmi tədqiqatların real sektora inteqrasiyasını sürətləndirir və universitetlərin rolunu daha da gücləndirir.

Bütün bunları həyata keçirmək üçün ölkədə kifayət qədər potensial mövcuddur. Lakin unutmaq olmaz ki, texnologiyanı tətbiq edən əsas amil insandır. Buna görə də güclü və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması ən vacib şərt kimi çıxış edir.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat