Sosial xəbərlər

post-img

“ASAN xidmət indeksi”nin qalibi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirməsinin nəticələrini açıqlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında 14 xidmət üzrə ən yüksək göstərici (97,77 faiz) ilə növbəti dəfə 1-ci yeri tutub.

Agentliyin sədri Ülvi Mehdiyevin, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin, icra hakimiyyəti orqanları nümayəndələrinin iştirak etdikləri təqdimatda qiymətləndirmənin nəticələri açıqlanıb və yüksək göstərici qazanmış qurumlar mükafatlandırılıb. 2018-ci il qiymətləndirməsində 5,15 faizlik nəticə ilə 20-ci yerdə qərarlaşmış nazirlik 2022-ci ildən indiyədək artıq 3-cü dəfə (88,48; 92,38 və 97, 77 faizlik nəticələrlə) birinciliyini qoruyub saxlayır.

Qiymətləndirmənin əhatə etdiyi parametrlər– xidmət barədə məlumatlandırma və xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, informasiya ehtiyatlarının elektronlaşdırılması və digər qurumların sistemlərinə inteqrasiya, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi və s. nazirliyin son illərdə mühüm irəliləyişlərə nail olduğunu göstərir.

Xatırladaq ki, qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə, 300 xidmətin fəaliyyəti nəzərdən keçirilib.

Sosial bərpa xidmətləri 5 dəfə artırılıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində əlillərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılaraq 70-ə çatdırılıb.

Son illər aparılan sosial islahatların bir istiqaməti olaraq ölkədə müasir reabilitasiya sistemi qurulmaqla bərabər, bərpa sahəsində qabaqcıl dünya təcrübəsinə və biopsixososial modelə əsaslanan yeni xidmətlərin tətbiqi də təmin edilib. Bu xidmətlərin sırası robotik reabilitasiya, alternativ reabilitasiya, ippoterapiya, yoqa, dance ability, səyyar, icma əsaslı, telereabilitasiya, onkoloji xəstələr üçün sosial-psixoloji dəstək, rehabus layihəsi və s. ilə xeyli genişləndirilib.

Aparılan islahatlar nəticəsində bərpa xidməti göstərilən əlillərin illik sayı 2018-ci ilə nisbətən 10 dəfə artıb. Agentlik tərəfindən təkcə 2024-cü ildə 123 min nəfərdən çox əlil 1 milyona yaxın bərpa xidməti ilə təmin edilib.

Aylıq müavinət və təqaüdlər ödənib

Yanvar ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 463 min nəfərə sosial müavinət, 401 min şəxsə isə Prezidentin aylıq təqaüdü ödənilib.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 92 milyon manat, Prezident təqaüdləri üzrə 58 milyon manat ödənilib. Yanvar ayında 16 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 738 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

“Könüllü DOST”lar çoxalır

Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin yanvar ayı ərzində 2 min 900 müraciət olub, 127 nəfər proqrama cəlb edilib. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.

Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir. Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, onların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər.

Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.

Həssas qruplar üçün kiçik biznes

Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində artıq 22 min 500 işsizə aktivlər verilib və onlar kiçik bizneslərini qurublar.

Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan bu layihə 2020–2025-ci illəri əhatə edir. Layihənin məqsədi əlil olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaratmaqdır.

22 min işsizi əhatə etməsi planlaşdırılan layihənin uğurlu icrasının nəticəsi olaraq bu il həmin rəqəmin 25 minə çatdırılması nəzərdə tutulub.

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat