Qərbi Azərbaycana qayıdış hərəkatında gənclərin rolu

post-img

Qərbi Azərbaycan İcmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu qurumla birgə keçirdiyi “Qərbi Azərbaycan əsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri” mövzusunda konfransda yeni nəslin Qərbi Azərbaycana qyıdış hərəkatında fəal iştiraka təşviq edilməsi diqqət mərkəzində olub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, soydaşlarımızın ata-baba yurdlarından zorla qovulmaları, onların fiziki və mənəvi əzablara düçar edilməsi təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir. Qərbi Azərbaycandakı soydaşlarımızın izlərini silmək üçün aparılan siyasət nəticəsində maddi-mədəni irsimiz məhv edilib.

Tarixi ədalətin bərpa edilməsinin və soydaşlarımızın öz doğma yurdlarına geri qayıtmalarının beynəlxalq hüquqa əsaslanan, legitim tələb olduğunu vurğulayan icma rəhbəri deyib ki, bu gün uşaqların və gənclərin bu məsələlər haqqında məlumatlandırılması, onların tariximizi və hüquqlarımızı dərindən bilmələri gələcək mübarizənin uğurla davam etdirilməsi baxımından vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycan gəncləri ölkənin inkişafında və milli maraqların qorunmasında mühüm yer tuturlar. O, Qərbi Azərbaycan mövzusunun yalnız Qərbi azərbaycanlıların deyil, bütün azərbaycanlıların milli məsələsi olduğunu deyib. Komitəsədri Gənclərin Qərbi Azərbaycanla bağlı həqiqətləri öyrənərək beynəlxalq ictimaiyyətə çatdırmalarının, bu məsələdə milli maraqları müdafiə etmək üçün üzərilərinə düşən tarixi məsuliyyəti dərk etmələrinin vacibliyini vurğulayıb.

Digər çıxış edənlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar. Bildirilib ki, gənclərimiz tarixi yurd yerlərimizlə bağlı məlumatlı olmalı, milli kimlik məsələsində fəallıq göstərməli və bu həqiqətlərin dünya səviyyəsində tanıdılması üçün müxtəlif platformalarda fəal iştirak etməlidirlər.

Z.BƏŞİRQIZI
XQ



Sosial həyat