Ankarada türk dövlətlərinin tarixinə dair beynəlxalq seminar keçirilib

post-img

Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən türk dövlətlərinin tarixinə dair beynəlxalq seminar təşkil edilib. 

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Türk Tarix Qurumunun ev sahibliyi, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının dəstəyi ilə gerçəkləşən tədbirdə TDT-yə üzv ölkələrin tarix və arxeologiya sahəsində aparıcı mütəxəssisləri, tarixçi və ekspertləri iştirak ediblər.

Beynəlxalq seminarda türk tarixinə dair ortaq akademik işin konsepsiyası müzakirə edilib.

Türk Dövlətləri Təşkilatının 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən XI Zirvə görüşündə türk ölkələrinin ortaq tarixinin hazırlanması ideyası irəli sürülüb. Dövlət rəhbərlərinin göstərişi ilə irimiqyaslı layihənin koordinasiyası Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilir. 

Tədbiri giriş nitqi ilə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev açaraq layihəyə fəal dəstək verən bütün iştirakçılara təşəkkür edib, birgə fəaliyyətin vacibliyini vurğulayıb. 

“Hətta bir ölkənin tarixi ilə bağlı araşdırma aparmaq heç də asan məsələ deyil. Bizim işimiz daha çətindir. Missiyamız qardaş xalqların və ölkələrin ümumi tarixini yazmaqdır”, - deyə bildirən akademik Şahin Mustafayev ilk addım kimi kollektiv monoqrafiyanın konseptual əsaslarının müəyyənləşdirilməli olduğunu vurğulayıb. O, əsərin həm akademik dərinliyə, həm də sadə üsluba malik olmasının vacibliyini qeyd edib. Bildirib ki, iş yalnız ciddi elmi xarakter daşımamalı, eyni zamanda tələbələr və gənc tədqiqatçılar da daxil olmaqla geniş auditoriya üçün anlaşıqlı olmalıdır.

Onun sözlərinə görə, kollektiv monoqrafiyanın əsas məqsədi Türk dünyasının tarixinin əsas mərhələlərini işıqlandırmaq, qardaş xalqların ümumi tarixi şüurunun formalaşdırılması, xüsusən də gənclər arasında milli qürurun möhkəmləndirilməsi, həmçinin beynəlxalq arenada türk tarixi və mədəni irsinin tanıdılmasıdır.

Sonda Türk Akademiyasının prezidenti, TDT-yə üzv ölkələrin tarix və arxeologiya institutlarının rəhbərləri türk dövlətlərinin tarixi üzrə akademik işin ortaya qoyulması üçün əməkdaşlıq haqqında protokolu imzalayıblar.

Qeyd edək ki, tədbirdə TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri professor Derya Örs, Türk Tarix Qurumunun sədri Yüksel Özgen və tarix elmləri doktoru Həsən Həsənov da iştirak ediblər.







Sosial həyat