Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günündə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən xatirə mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Onlar bildiriblər ki, Mübariz İbrahimov gələcək qələbəmizə dərin inamı, əfsanəvi qəhrəmanlığı, düşmənə vurduğu sarsıdıcı zərbəsi ilə Qarabağ zəfərimizin müjdəçisi olub. Toplantıda əbədiyaşar qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
T.AYDINOĞLU
XQ