(əvvəli ötən sayımızda)
Hər kitabın öz taleyi...
Həyat çox qəribədir, bəzən ovçu, vurmaq istədiyi ovu, düzü-dünyanı ayaqladıqdan sonra, evinin qarşısındakı dərədə tapır. Çevrəmizdə yaşca bizdən kiçik olanlara, nədənsə, yaşını-başını aldıqdan sonra da uşağa baxan kimi baxırıq. Halbuki, bir az diqqətli olsaq, ola bilsək, çevrəmizdəki insanların içində nə qədər fərqli talelərin olduğunu görərik.
İş otağımdakı kitab rəflərində bir-birinin üstündə qalaqlanmış kitabları dərslik aramaq üçün qarışdırarkən Akif Əhmədgilin “Ürəyimin sümüyü yoxdur” kitabı qarşıma çıxdı. Bu kitabı oxumuşdummu? Yadıma gəlmir! Adətimdir, oxuduğum kitabları karandaşla oxuyur, qeydlər edirəm, açıb baxdım, qeyd-filan yoxdu. Oxumağa başladım. İsti-isti oxusaydım, bəlkə də əyər-əskiyini görməyəcəkdim, ya da belə desəm daha doğru olar, görmək istəməyəcəkdim. İndi aradan bir bu qədər vaxt keçdikdən sonra bu kitabın az da keçməyən zaman sınağından necə çıxacağı, əlbəttə, maraqlı idi. Rus yazarı A.F.Losyevin haçansa belə bir fikrini oxumuşdum: Həqiqi bədii əsərlərin başqa yazılardan fərqi orasındadır ki, onlar tükənməzlik özəlliyinə sahibdir. Başqa sözlə, belə əsərləri bir dəfə yox, dəfələrlə oxumaq istəyirsən. Və hər dəfəsində də sənətkar ilhamının yeni keyfiyyətləri ilə qarşılaşırsan.
Akifin kitabını bu istəklə oxumağa başladım. Və oxuya-oxuya da nədənsə onunla ilk tanışlığım günlərə getməli oldum. Tovuzun “Həqiqət” adlanan rayon qəzetində ədəbiyyat dərnəyi vardı. Dərnəyi Oğuz torpağının ən önəmli ağsaqqallarından biri, qəzetin o zamanlardakı dəyişməz redaktoru Musa Musayev açmışdı. Musa Musayevin və onun təşkil etdiyi dərnəyin Tovuzdan çıxan ədəbiyyat adamlarının taleyində ayrıca, danılmaz bir yeri var. Hardasa yetmişinci illərin sonuna doğru rayona səfərlərimin birində “Həqiqət” qəzeti redaksiyasına getmişdim. Təsadüfən o gün ədəbiyyat dərnəyinin növbəti məşğələsi keçirilirdi. Musa müəllim məni dərnək iştirakçıları ilə tanış etdi. Yan-yana oturan, hələ bığ yerləri tərləməmiş iki qardaşı göstərib: – “Namiqlə Akif dərnəyə Alakoldan gəlirlər, – dedi, – çox istedadlı uşaqlardır”.
Akif Moskvada Lomonosov adına Universitetin jurnalistika fakültəsini bitirəcək, çeşidli yerlərdə çalışacaqdı. Sonralar həyatın müxtəlif mərhələlərində qarşı qarşıya gələcək, hətta 1988-ci ildə yollarımız “Gənclik” jurnalında kəsişəcək, Akiflə eyni iş yerini də paylaşacaqdıq. Amma buna qədər Akifi şair kimi mənə tanıdan bir şeiri diqqətimi çəkəcəkdi: ”Dəniz yaman şirindir”:
...Sərt sular arada çəpərdi bizə,
Vallah ləpələrin suyu bal dadır;
Sənin şirinliyin hopub dənizə,
Dəniz yaman şirindir.
...Düşmüsən könlümə, bəxtimə mənim,
Dəniz sularına düşən ay kimi.
Bir gün qapınıza elçi gələndə
Anan verəcəyi şirin çay kimi
Dəniz yaman şirindir.
...Əl çəkmir dənizdən qağayılar da,
Tamı şirinləşib göy ləpələrin.
Bəlkə çəmənlərin, bəlkə dənizin,
Bəlkə heç sənin də yoxdu xəbərin –
Dəniz yaman şirindir.
Yaddaşıma hopan bu misralar Tovuzdan yeni bir şairin də doğulduğunun xəbərçisi olacaqdı.
“Tovuz, tovuzlu” dedim, yadıma neçə il əvvəl bir köşə yazarının ünvanıma atdığı daşlar düşdü. Ünvanıma daş atanlara cavab verib onları şərəfləndirmək adətim deyil. Amma bu dəfə fikrimdən keçdi ki, heç olmasa, bir tovuzlu haqqında bir şey yazım ki, bu köşə yazarının yalanını gerçəyə döndərib, onu Yalançıoğlu Yartacıq olmaqdan qurtarım. Həm də Akiflə yollarımızın “Gənclik” jurnalında kəsişdiyini demişdim axı.
“Gənclik” jurnalının arxivi az-çox yaşamını sürdürə bilən bütün kitabxanalarda saxlanılır. Jurnalın arxivinə adi gözlə belə baxılsa, yuxarıda xatırlatdığım yazının yalan və iftira olduğu anlaşılar. Sadəcə onu demək yerinə düşər ki, əksinə, mən tovuzlullara “yer vermədiyimə”, “çaplarına əngəl olduğuma” görə, aradan 25 il keçməsinə baxmayaraq, xatirə burulğanında hələ də qulağıma vətəndən qürbətə giley-güzarlar gəlməkdə davam edir. Əsərləri “Gənclik” də yer alan, deyək ki, yalnızca Yardımlıdan olan istedadların ümumi sayı Tovuzdan, Qazaxdan olanlardan qat-qat çoxdur. İlk oxuduğumda əhəmiyyət vermədiyim bu “tənqid”i, aradan bir bu qədər vaxt keçdikdən sonra indi niyə xatırlayası oldum? Hə, dedim axı, ən azından bir tovuzlu haqqında nəsə yazım ki, bir köşə yazarını yalançı çıxmaqdan xilas edim...
Kitabını uzun aradan sonra oxuduğum Akif Əhmədgil, yuxarıda dediyim kimi, ədəbiyyata gəliş baxımından “ara nəsillər”in təmsilçisidir. Amma elə indi mənim gec olsa da oxuduğum kitabı bunu deməyə haqq verir ki, Akif Əhmədgil gündəmdə tutulan, dəbdə olan şairlərdən heç də az iş görməyib. Servantes demişkən, hər kəs öz gördüyü işin övladıdır.
Tərif deməkdə və yazmaqda hamıdan xəsis olan Ə.Əylisli hələ qırxını yeni haqlayan Əhmədgilə ünvanladığı “Qırx yaşına salam olsun, Akif bəy!” məqaləsində, baxın, nə yazmışdı: “Lap elə bu günlərdə sənin kitabını oxuyub, o kitabın hesabına bir az da kövrəlib qövr eləyən ürəyimi bu şəhərdə küçə-küçə gəzdirəndə çox məhsuldar yazıçılarımızdan birinin çox təntənəli yubiley mərasimində bir vaxt sevdiyim bu fikir birdən yadıma düşdü: “Təbiətdə güclü, selləmə, şıdırğı yağışlar da olur, adicə, sakitcə, aram-aram yağan yağışlar da. Və lap bir anlıq, bircə dəqiqəlik sakit yağan o yağışdan sonra haradasa bir yolun qırağında doğulub dünyaya gələn bir cüt bənövşə bir böyük sevinc olub, bir uşağın xatirində ömürlük qala bilər”. Sən mənim aləmimdə, bu yurddan şairlərin payına düşən sonsuz-sərhədsiz, adsız-ünvansız toprağa asta-asta, aram-aram yağan o YAĞIŞA bənzəyirsən, əzizim Akif”.
Əkrəm Əylislinin bu dəyərli fikirlərinə nə əlavə etmək olar? Niyə mən hər zaman ona sadəcə mənə sayğı göstərən bir insana baxan kimi baxmalı idim? Söhbət Akifin həyat hekayəsindən yox, şair taleyindən gedir. Gözümdə onun şair sehrinin az olmasının səbəbini eyni yerdə çalışmağımızda və mənim ona hardasa istedadlı bir işçi kimi baxmağımda aramaq lazımdır. Burada onun öz günahı da az deyil, çünki jurnalın şeir şöbəsinin müdiri kimi öz şeirlərindən daha çox, köşə yazarının iddia etdiyi kimi, qazaxlıların, tovuzluların şeirlərini yox, istedadlı cavan şairlərin şeirlərini çap etdirmək üçün çalışırdı. Və özünə qarşı təvazö örnəyi olduğundandır ki, budur, bax, mən də o keçmiş alışqanlıqla Akifin kitabını 12 ildən sonra oxuyuram.
Kitabın ilk səhifələrindəki şeirlərdən biri “Adından böyük adamlar” adlanır:
Adından böyük adamlar –arıdı.
Adları – bal.
Hərdən uyub balına
Unutmuşuq
Baldan şirin arını...”
Akif – adından böyük adamdır və elə bilirəm, özü bunu yuxarıda gətirdiyim misaldan da göründüyü kimi, hamıdan yaxşı dilə gətirib. Və mənə elə gəlir ki Akif hardasa elə bir az özü ilə mənim aramdakı münasibətləri düşünərək, ona istedadlı bir şairdən daha çox, istedadlı bir işçi kimi baxılmağın yanlış olduğunu sübut etmək üçün yazıb bu şeiri. Oxuduğum kitab da bunu deyir hardasa: Mənim sahibimdən yaxşı insan kimi yox, yaxşı bir şair kimi danışmağa səni məcbur edəcəm, hələ bir məni oxu!
Və...”Bu adam”ın:
Ölüm göndərdilər dalınca bir gün
Adına çatmadı, özünə çatdı.
Atlını öldürüb ata mindilər,
Adından kiçik adamlar.
...Dəyərmi, dəyməzmi səhv edilməyə!
Səfərə çıxıbsa Kolumb gəmisi,
Deməli, yenidən kəşf edilməyə
Hardasa yeddinci bir materik var.
Kəşfolunmazlığın kəşfi! Ya da kəşf olunmaq həsrəti! Adına nə deyirsiniz deyin, kitabı oxuduqca yavaş-yavaş adam kimi tanıdığın Akifi şair kimi də kəşf eləməyə başlayırsan.
Həyatın qəribə işləkləri var, bəzən sənin dürüstlüyün, halalığın, mərdliyin, istedadın hamıdan çox sənin başına bəla olur. “Niyə onun etdiyini mən edə bilmədim” qibtəsi hansı fəsadlar törətmir ki?! O adamlar ki halalla yaşamaq üçün yalnız yuxularına haram qatırlar, onlara qarşı kin bəsləyənlərin kini öz qursaqlarında qalacaq:
Mənim bir əlimin beş küçəsi var...
Şəhadət küçəsi, baş küçəsi var.
“Mənim bir əlimin beş küçəsi var.”
Ay mənə ümiddən dərs verən adam,
Verdiyin ümidi saydım minəcən.
Əsnəmə, əsnəyin əsnək gətirər,
Gözlərin yol çəkər gözlüyünəcən...
(“Ümid adamına”)
Akifin şeirlərindəki kənd də, onun idillik görüntüsü də kimsəyə bənzəməyən bir başqa kənd mənzərəsidir:
...Bənövşə əlləri bəndəmi düşmüş,
Sevən ürəklərin səbri tükənmiş.
Bir qızla oğlanın şəkli bulaqda –
Bu sular nə gözəl şəkilçəkənmiş!
Və...
Nərgiz qoxusu var yaz buludunda,
Torpaq qazansa da, göylər itirir.
Bahar kol dibində kövrək bənövşə
Bulud yamacında şimşək bitirir.
(“Yaz günləri”)
Rəssamlar gözəlliyi əbədiləşdirib, anı daşlaşdırmağı bacaran bəxtiyarlardır. Zaman daxilində yaşamağa məhkum olanları zaman xaricində tutmaq mümkün deyil, L.N. Tolstoya görə. Sənət dünyası zaman dışında öz dövranını sürdürməkdədir, onda nə Keçmiş var, nə Gələcək, onda sənətkar ilhamı ilə tutulub saxlanılan əbədiyyət ünvanlı İndi var.
(ardı var)
Məmməd İSMAYIL