Şəhid oğluna qovuşan ana

post-img

Qarabağ həm də qəhrəmalıq dastanıdır! O dastanı yaradan oğullardan biri də şəhid Elnur Şirinzadədir.

1998-ci il fevral ayının 10-da Yevlax şəhərində sürücü Xalıqverdi kişinin ailəsində göz açmışdı Elnur. Gəlişi ilə sevinc, xoşbəxtlik gətirmişdi ata-anasına. Xalıqverdi ailəsini minbir zəhmətlə, alnının tərilə dolandırır, iki balasını böyüdürdü.

Elnur Yevlax şəhəri 5 saylı tam orta məktəbin məzunu idi. Təhsildə çox fərqlənib, nizam-intizamlı şagird olub deyirlər. 5 iyul 2018-ci ildə Agdam Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirib. Kolleci də yaxşı qiymətlərlə bitirən kimi həqiqi hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıtdıqdan sonra Yevlaxda “İdeal” komputer mərkəzində operator ixtisasına yiyələnib. İntizamlı, işində-gücündə sağlam bir gənc yetişirdi ailədə.

Uşaqlıqdan memar olmaq arzusu varmış. Odur ki, Elnur sənədlərini Azərbaycan Memarlıq və İnşaat Univerisitetinə verir və arzusuna catır. Dünya bəlası pandemiya ilə əlaqədar tələbə olması barədə cavab gec gəlir. Elnur qəbul sənədini almadan könüllü olaraq 21 sentyabr 2020-ci ildə vətənimizin azadlığı uğrunda müharibəyə yola düşən orduya qoşulub, hazırlıq keçir.

Sentiyabrın 27-dən Elnur Talış, Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlərdə mərdliklə vuruşur. Yagış kimi yağan güllələrdən, snayper atəşindən, ölümdən qorxmadan irəli gedən Elnurun bu cəsarəti döyüş yoldaşlarını narahat edirmiş. Tez-tez ona deyirmişlər ki, döyüşdə çox irəli getmə, məqamı gözlə, ara sakitləşəndə yaralıları, şəhidləri çıxaraq.

Elnur isə düşmənə nifrətdən alışıb-yanır, dayanmır, irəli cumur, həm döyüşür, həm də yaralıları qaynar xəttən kənara çıxarmağa cəhd edir. Qanlı Suqovuşan döyüşlərində əfsanəvi şəkildə döyüşür, yaralanan yoldaşlarını döyüş nöqtəsindən çıxarırdı. Üç yaralanmış yoldaşını döyüş bölgəsindən çıxarıb gətirir və yenidən geri qayıdır. Dördüncü yaralını xilas etmək istəyərkən özü də şəhid olur.

O, sentyabrın 27-dən oktyabrın 11-nə, yəni şəhidlik zirvəsinə ucalan günə qədər döyüşlərdə qəhrəmanlıq göstərib. Son nəfəsinəcən dogma torpaqlarımızın azad olunması üçün canını fəda edib. Döyüşçü dostlarının dediyi kimi, Elnur ucaboy idi, tutduğu mövqe də ucadır, əlçatmazdır.

Anası Gültəkin xanım – övlad dərdinə dözməyən ananın göz yaşları yerinə qanlı yaş axırdı yanağından, oğul deyib, nalə çəkirdi: “Oktyabrın 8-də evə zəng vurub məni soruşub. Həmin gün mən Bakıda Elnurun universitetə qəbul olması barədə sənədi alırdım, sevinə-sevinə, yaraşıqlı balamın gələcəyin ən tanınmış memarı olacağı xəyalı ilə yaşayırdım. Deyirdi ki, ana, tez-tez zəng eləməyin. Döyüş səngiyən kimi özüm mütləq sizə zəng vuracam. Əgər görsəniz ki, 2 gündür zəng etmirəm, onda özünüz zəng vurarsınız... Övladının ali məktəbə qəbul sənədini yenicə almış ana 2 gün sonra şəhid xəbərini alır. Elnur 2020-ci il oktyabrın 12-də Vətən torpağına əmanət edilir.

Arzuları vardı ananın, ona xonçalar bəzəyəcəkdi, boyunu sevəcəkdi, gəlin gözləyəcəkdi. Atası toy qonaqlarını qarşılamaq ücün qapıda duracaqdı, qohumları qol qaldırıb oynayacaqdı. Elnur isə ata-anasının arzularını vətəni yaşatmağa dəyişdi. Hər dəfə Gültəkin ananı görəndə ürəyimdən bu sözlər keçirdi: “Bizi bağışlayın, oğul toyu görməyən analar, bizi bağışlayın, barmağında nişan üzüyü nakam, qara yaylıga bürünən gəlinlər”.

Elnur Şirinzadənin həyat hekayəsi, anasının çəkə bilmədiyi dərd yükü hər kəsi kədərə boğmuşdu. Mən də göz yaşlarıma hakim ola bilmirdim. Başımı qaldırıb, qarşımda gözlərində dərin kədər, çiyinlərində daşıya bilməyəcəyi yük olan Gültəkin xanıma, Xalıqverdi kişiyə baxdığım günü xatırladıqca, o günləri təkrar yaşayıram. Mənə baxıb: “Təki Vətən sağ olsun”, – deyirdi ana. Amma ana özü yaşamadı, övlad dağına dözmədi sinəsindəki ürək. Gültəkin xanım keçən il dünyasını dəyişdi nakam taleli oğluna qovuşdu...

İndi bir evin damı altında Xalıqverdi kişi tək qalıb. Elnurun kiçik qardaşı Elmir Azərbaycan İdman Akademiyasının sonuncu kursunda təhsil alır.

Bir vaxtlar o evə, Gültəkinlə, Xudayara baş çəkməyə gedirdim, Elnurun əziz xatirəsinə bəzədikləri otaqda oturub dərdləşirdik. Ana oğul dərdinə hər gün biraz da körüklənirdi, heç səngimirdi ürəyinin yanğısı. İndi o ev ana hərarətindən, ana qayğısından da məhrum qaldı. Budur müharibə. Doğrudan da dünyada istehsal olunan bütün silahların hədəfi anaların ürəyidir.

Elnur Xalıqverdi oğlu Şirinzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

 



Sosial həyat