Müharibə atəşdir, düşdüyü yeri yaxıb yandırır. Döydüyü qapı açılmasa, bacadan girib qocasından uşağına hər kəsi qarsıb-qovurur, körpələrin üzündəki sevinci, gülüşü dondurur. 30 ildən çox bir zamanda yurdumuza dadanmış yağı xalqımızın evinə-ocağına atəş yağdırdı.
Ta o vaxta qədər ki, Kamran kimi oğullar böyüyüb boy göstərdilər düşmənə. Bizim qiyamətə saxlamayacağımız bir qisasımız var deyə, iki körpəsini ömür-gün yoldaşına əmanət edib, vətən övladlarının işıqlı gələcəyi üçün azadlıq savaşına girdi.
27 sentyabr, o payız sabahı illərdir sinəmizdə kösöv kimi tüstülənən dərdimizin üstünə su səpildi. İşıq görünürdü qaranlığın son ucunda. Torpaq uğrunda torpağa düşürdü oğullarımız. Onlar şəhid düşdükcə, ata-anaların ürəyinə atəş düşürdü. Yevlaxlı Vaqif kişi də o atalardan biridir. Mən onu əvvəldən tanıyırdım, zəhmətsevər, alnının tərilə halalından qazanıb, ailəsini, övladlarını da halal çörəyilə saxlamışdı. Kişilər ağlamaz deyirlər. Niyə axı, Vaqif Kamran kimi çinarboylu oğul itirmişdi. Şəhid balasının dəfn mərasimində onun göz yaşlarını ürəyinə necə axıtdığının şahidiyəm.
Vaqif İsmayılov ömür-gün yoldaşı Şərafət xanımla alınlarının təri, əllərinin zəhmətilə 2 oğul böyütmüşdülər. Biri-birindən yaraşıqlı, tərbiyəli, vətənpərvər. Kamran evin böyük oğlu idi, 4 ildi evlənmişdi. Həsrətlə ikinci nəvələrinin yolunu gözləyirdilər. Otuz il əvvəl başlayan ədalətsiz savaşın ədalətli sonu başlamışdı. On minlərlə oğul heç düşünmədən, göz qırpmadan cəbhəyə yollandı. Onlardan biri də Kamran idi.
İsmayılov Kamran Vaqif oğlu 1991-ci ilin bir soyuq qış günündə – fevralın 9-da Yevlaxda doğulmuşdu. Milli qəhrəmanımız Mübariz İbrahimov da bir fevral günündə doğulmuşdu. O vaxtlar böyüyən oğlan uşaqları özlərini Mübarizə bənzədirdilər, böyüyəndə Mübariz olacam, deyirdilər. Mübariz kimi oğul olmaq istəyən Kamran orta təhsilini anasının riyaziyyat müəllimi işlədiyi Yevlax şəhər 3 nömrəli tam orta məktəbdə bitirmişdi. Valideynlərinin təkidilə təhsilini davam etdirmək üçün sənədlərini ali məktəbə vermiş və qəbul olunmuşdu. Ancaq anası Şərafət müəllim Kamranın “Mən yalnız hərb üzrə oxuyacağam” sözünün qətiliyini görüb, təslim olmuşdu.
Bütün qəlbi ilə hərb sənətinə bağlı olan Kamran Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məkəbinə daxil olur və 2012-ci ildə buranı müvəffəqiyyətlə başa vurur. Gənc zabitin vətəninə ilk xidmət yeri Tovuzdakı “N” saylı hərbi hissədən başlayır. Göstərdiyi nümunəvi xidmətə görə 2015-ci ildə baş leytenant rütbəsinə layiq görülərək, tağım komandiri vəzifəsinə irəli çəkilir. 2017-ci ildə xidmətinə Qazax rayonunda davam edir. 2018-ci ildə bölük komandiri vəzifəsinə təyin edilir. 2020-ci ildə isə ona kapitan rütbəsi verilir.
General-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissələrdən birində xidmət etməsindən qürur duyur, “Belə generallarımızla müharibəni tezliklə Qələbə ilə başa vuracağıq” – deyirdi. Hər bir hərbçinin sevimli generalı olan Polad Həşimovun şəhid xəbəri Kamranın da ermənilərə intiqam hissini coşdurmuşdu.
Komandiri olduğu əsgərlər Kamranı hədsiz çox sevirdilər. Köhnə Qışlaq kəndində onlar üçün gözəl bir şərait düzəltmişdi. 2600 metr hündürlüyündə olan posta düşmənlər çox cəhd göstərsələr də, yaxın dura bilmirdilər. Müharibə başlananda Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə təyinatlanır Kamran. İlk gündən ön cəbhədə ağır savaşlara girir və qəhrəmanlıqlar göstərir. Talış və Suqovuşan azad edilir, düşmənin alınmaz qala hesab etdiyi istehkamları igidlər darmadağın edir.
Valideynlərinə, həyat yoldaşı Lamiyəyə, oğluna çox bağlı idi Kamran. İmkan tapan kimi bir dəqiqəlik də olsa anasının, xanımının səsini eşitmək üçün telefona cumurdu. Ailəsindən, övladından arxayın olmaq, onların səsini eşidib, bir hovur nəfəs almaq istəyirdi. Lamiyə xanıma son telefon zəngində “Mən haqqımı hamınıza halal edirəm. Siz də haqqınızı halal edin. Bir də balam Kənanı çoxlu-çoxlu öpün”, – deyib.
Oktyabrın 8-də Suqovuşan uğrunda gedən növbəti qanlı döyüşlərin birində kapitan, tağım komandiri Kamran İsmayilov qəhrəmanlıqla şəhid olur. Nəşi oktyabrın 10-da aktiv döyüş bölgəsindən çıxarılaraq, ailəsinə təhvil verilir. Oktyabrın 11-də Yevlaxın Şəhidlər xiyabanında dəfn olunur. Onu yola salmağa döyüş yoldaşları ilə yanaşı, rayonun bütün rəsmiləri, yevlaxlılar gəlmişdi.
Dəfnindən bir neçə gün sonra telefonundan bir mesaj tapıldı: “Qızım olsa, adını Günay qoyun”. 2021-ci il yanvarın 2-də Kamranın Günayı dünyaya gəldi. O, bu torpağın üstündə xoşbəxt yaşasın deyə, torpağa baş qoydu atası. Kamranın yadigarları Kənan 7, Günay isə 4 yaşındadır. Dövlət şəhidin xanımını və uşaqlarını Sumqayıtda mənzillə təmin edib. Həyat yoldaşın Lamiyə xanım deyir ki, yoldaşımın yarımçıq qalmış arzularını Kənanın və doğulmadan adını qoyduğu Günayın həyatında gerçəkləşdirəcəm, övladlarını istəydiyi kimi böyüdəcəm.
İsmayılov Kamran Vaqif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı”, “III dərəcəli Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.