Goranboyun uğur hesabatı və hədəfləri

post-img

Bakı istiqamətindən Goranboy rayonuna daxil olan kimi magistral yolun hər iki tərəfində o qədər də hündür olmayan müxtəlif növ ağaclar diqqəti çəlb edir. Yeni əkildiyi hiss olunur. Amma maraqlıdır ki, birinin də rəngi dəyişməyib, yarpaqları tökülməyib, hamısı yamyaşıldır. Hər birinin dibi boşaldılıb, sulanıb, hətta nisbətən zəif yetişənlərə əlavə taxta parçası ilə dayaq verilib. Bütün ticarət, ictimai iaşə obyektlərinin qarşısı beləcə yaşıllığa bürünüb. Elə yerlər var ki, asfalt səliqə ilə qazılaraq orada da ağac əkilib. Hamısına da eyni qaydada qulluq göstərilir.

Vacib bir məsələyə bu cür yanaşma bilirsiniz nədən irəli gəlir? Məsuliyyət hissindən! Heç yadımdan çıxmır. Ölkə Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı sərəncamı mətbuatda cəmi iki-üç gün idi ki, dərc olunmuşdu. Tamamilə başqa bir mövzu ilə bağlı Goranboya gəlmişdim. Yol kənarlarında, müxtəlif binaların, tikililərin qarşısında minlərlə rayon sakini var idi. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev də burada idi. Görüşüb hal-əhval tutduq, qələbəliyin səbəbini soruşdum. Dedi ki, goranboylular özləri təşəbbüs göstərib bu iməciliyi keçirir. Hamı bu fikirdədir ki, Goranboy belə dünya əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsinə indidən hazır olmalıdır.

Hələ o zaman bir daha hiss etmişdim ki, məsuliyyət olan yerdə istənilən işin öhdəsindən gəlmək mümkündür. “Yaşıl dünya naminə həmrəylik İli”ndə bunu biz goranboyluların timsalında gördük. Ən çox diqqətçəkən məqam o idi ki, bu məsələdə ideoloji iş ön plana keçmişdi. Bir tərəfdən yerlərdə görüşlər, müxtəlif tədbirlər keçirilir, digər tərədən abadlıq-quruculuq işləri sürətlə aparılır, yaşıllıq zolaqları salınırdı. Fikir verin, 2024-cü il ərzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatların birgə iştirakı ilə silsilə olaraq 17 dəyirmi masa, 8 seminar, 10 konfrans, 40-dan çox digər tədbir keçirilib. Eyni zamanda, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və yaşıllıqların qorunması məqsədilə rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində su istifadəçiləri ilə 22-dən artıq görüş təşkil edilib. Nəticədə, 10 hektardan artıq sahədə 26 min 295 ədəd müxtəlif növ ağac və gül kolları əkildi, ekoloji maarifləndirmə məqsədilə 41 ədəd banner hazırlandı...

Artıq 2025-ci iin ilk ayı arxada qalıb. Bəs rayon ötən ili necə yola salıb? Statistik rəqəmlərlə oxucunu yormaq istəmirik. Amma elə faktlar var ki, onu qeyd etməmək sadəcə mümkün deyil. Əgər ötən il rayonda məhsul buraxılışı əvvəlki illə müqayisədə 21,8 faiz çoxalıbsa, onu necə müsbət fakt kimi qeyd etməyəsən? Yaxud Goranboyda əsas kapitala yönləndirilmiş investisiyaların 10,5 faiz artması məgər pis göstəricidir? Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 5-6 il qabağa kimi Goranboyda iş görmək istəyənlərin sayı kifayət qədər deyildi. Amma indi kapital yatırmaq istəyənlər xeyli artıb. Çünki rayon rəhbərliyi iş adamlarına “yaşıl işıq” yandırıb, sahibkarlarla müntəzəm görüşlər keçirir, dinləyir, kömək göstərir. Belə görüşlərin birində rayon rəhbərinin dediyi sözlər hələ də yadımdadır: “Ölkə Prezidenti cənab İlham Əliyev sizə – iş adamlarına bu qədər münbit şərait yaradıb. Ondan niyə istifadə etməyəsiniz? Goranboya yüz manat yatırım edənin əvəzində min manat götürəcəyinə inanın”.

Qeyd edək ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada bitkiçilik və heyvandarlıq sektorunun inkişafı xüsusilə diqqət çəkir. Rayon üzrə 2024-cü ildə 15.739.3 hektar arpa, 7.559.7 hektar buğda olmaqla, 23.299.5 hektar taxıl sahəsində biçin aparılmış, ümumilikdə, 71 kombayn biçinə cəlb olunmuşdur. Arpa üzrə orta məhsuldarlıq 33.6 sentner, buğda üzrə 36.2 sentner olmuşdur. Rayon üzrə baramaçılıqla məşğul olan 51 kümçüyə verilmiş 110 qutu barama qurdundan 4.174 kiloqram barama məhsulu alınmışdır. Rayon ərazisində 8 hektar sahədən 17 ton tütün məhsulu yığılaraq təhvil verilmişdir. 2024-cü ildə 1.450,4 hektar pambıq sahələrindən 4.100 ton məhsul yığılaraq məntəqələrə təhvil verilmiş, məhsuldarlıq 28 sentner olmuşdur. Payız-qış mövsümünə hazırlıqla bağlı Goranboy rayonu ərazisində növbəti məhsul ili üçün 24.692.5 hektar ərazidə şum işi, 5694.5 hektar ərazidə buğda, 12549 hektar sahədə arpa, 848 hektar sahədə xəsil, 461 hektar sahədə təzə yonca səpini və 412.14 hektar sahədə digər əkin işləri aparılmışdır.

Goranboy sudan korluq çəkən rayonlardandır. Amma rayonda bu işi nizama salmaq üçün bütün imkanlardan maksimum istifadə etməyə çalışırlar. Doğrudur, əkin sahələrinin suvarılması üçün 969 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyası və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanalları var. Buna baxmayaraq quyulara 176 ədəd təzə nasos quraşdırılmış, məhsuldarlığını tamamilə itirmiş 22 ədəd subartezian quyularında əsaslı təmir işləri aparılmış, 12 ədəd subartezian quyusuna kalon salınmışdır. Rayonun kəndlərində suvarma suyuna ciddi tələbat olan ərazilərdə 31 ədəd təzə subartezian quyusunun qazılması nəzərdə tutulmuş, ilk mərhələdə 10 ədəd subartezian quyusu istismara verilmiş, ikinci mərhələdə nəzərdə tutulmuş, 7 ədəd quyunun qazılmasına başlanacaqdır. Su itkilərinin qarşısının alınması üçün müxtəlif kanal və arxlarda on minlərlə kubmetr təmizləmə işləri aparılmışdır. Tap Qaraqoyunlu kəndində vaxtilə 30 il düşmən əsarəti altında qalan ərazidə 7 kilometr suvarma kanalı yenidən bərpa olunmuşdur.

Goranboy rayonunda ötən illər ərzində Şəmkir Maşın Kanaldan suvarma məqsədilə istifadəyə verilmiş 84 min 330 metr beton kanal 31 kəndin suvarma tələbatının ödənilməsinə xidmət edir. Kəndlərdə suvarma suyunun vəziyyətinin yaxşılaşdırılması və torpaq istifadəçilərinin suya olan tələblərinin vaxtında ödənilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiyalar vaxtaşırı olaraq kəndlərdə görüşlər keçirir və qarşıya çıxan problemlərin həlli istiqamətində işlər aparılır. Goranboy şəhəri, Qızılhacılı qəsəbəsi, Əlirzalı, Xanqərvənd, Yeniyol, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar, Nərimanlı və Zeynallı kəndlərinin su təminatının yaxşılaşdırılması məqsədi ilə layihə tərtib olunmuşdur.

Rayonda abonentlərə elektrik enerjisi xidmətində son illər müəyyən işlər görülsə də problemlər qalmaqdadır ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olur. Məlumat üçün bildirək ki, rayon ərazisində elektrik təsərrüfatı ötən əsrin 60-cı illərindən bu günədək istifadədədir. Yəni artıq bir sıra avadanlıqlar, elektrik xəttləri, dayaqlar sıradan çıxıb, köhnəlib, aşılanıb. Belə bir vəziyyət Dəliməmmədli şəhəri və digər kəndlərdə tez-tez elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına və nəticədə əhalinin istifadə etdikləri məişət avadanlıqlarının sıradan çıxmasına səbəb olur. Bununla bağlı RİH tərəfindən “Azərişıq” ASC-yə müraciət olunmuşdur. Güman edirik ki, adıçəkilən qurum vəziyyətin tezliklə nizama salınması üçün əməli addımlar atacaqdır.

Goranboyda yolların daim yaxşı vəziyyətdə saxlanması üçün bütün imkanlardan maksimum istifadə edirlər. Payız–qış mövsümünə hazırlıqla əlaqədar artıq bir neçə aydır ki, maşın və mexanizmlər saz vəziyyətə gətirilmiş, texnikaların fasiləsiz işləməsi üçün 500 litr benzin və 2000 litr dizel ehtiyatı yaradılmış, fəhlə və mexanizatorlar xüsusi geyimlə təmin olunmuş, yollarda buzlaşmanın qarşısını almaq üçün 200 kubmetr qum ehtiyatı yaradılmışdır. Hesabat dövrü ərzində rayonun Qızılhacılı qəsəbəsində Milli Qəhrəman Yunis Əliyev adına ümumi uzunluğu 1200 metr olan küçədə əsaslı təmir işləri başa çatdırılmış, 5950 kubmetr asfalt-beton örtük salınmışdır. Əlirzalı kəndində ümumi uzunluğu 800 metr olan şəhid Əzim Şahmalıyev adına küçədə əsaslı təmir işləri başa çatdırılmış, 4050 kubmetr asfalt-beton örtük salınmışdır.Tapqaraqoyunlu kəndində şəhid Vəliyev Hidi Bəxtiyar oğlunun ailəsinin yaşadığı evin həyətinə asfalt-beton örtük işləri görülmüşdür.

Rayonda telefon, rabitə, internet xidmətləri getdikcə təkmilləşir. Mərkəzi Elektron Avtomatik Telefon Stansiyası üçün star-stop tipli generator qoyulmuş, Xınnalı, Veyisli, Qarqucaq, Muzdurlar və Səfikürd kəndlərində internet abunəçi sayı artırılmış, Dəliməmmədli, Borsunlu, Veyisli, Qaraçinar, Aşağı Ağcakənd, Qızılhacılı və Qarqucaq kəndlərində akumlyatorlar qoyulmuşdur. Xınalı–Borsunlu–Ağcakənd–Xoylu–Dəliməmmədli–Xan Qərvənd kəndlərində OLT-GPON tipli stansiyalar abunəçilərin istifadəsinə verilmişdir. 2024-cü ilin ötən dövrü ərzində 18 min nəfər GPON abunəçisi olmuşdur. Lakin cari ilin ötən dövrü ərzində rayon icra hakimiyyətinə daxil olmuş müraciətlərdə bir çox kəndlərdə telefon xətti dirəklərinin qəzalı vəziyyətdə olması və internet sürətinin zəif olması qeyd edilmişdir. Hazırda Dəliməmmədli şəhəri, Sarovlu, Sarov və Quşçular kəndlərində GPON layihəsi işləri davam etdirilir. Bu müddət ərzində rayon ərazisində 2400-dən çox ədəd yeni dirək quraşdırılmış, 10 min metrdən artıq fiber-optik kabel çəkilmişdir.

Rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni məktəblərin tikilib istifadəyə verilməsi istiqamətində son illər bir sıra mühüm işlər həyata keçirilmişdir. 2024-cü ildə isə Borsunlu 1 nömrəli və Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəb binalarının tikinti işləri ilə bağlı layihələndirmə işləri aparılıb. Hazırda Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın sökülərək yenidən tikintisi işləri davam etdirilir.

Goranboyda mədəni-maarif müəssisələri az deyil. Hazırda burada fəaliyyət göstərən 113 mədəniyyət müəssisəsində 676 nəfər işçi çalışır. Rayon ərazisində Heydər Əliyev Mərkəzi, 7 musiqi məktəbi, 2 tarix muzeyi, 1 rəsm qalereyası, 1 Mədəniyyət Mərkəzi tabeçiliyində 58 filialı və 1 Mərkəzləşdirilmiş Kitabxana Sisitemi tərkibində 42 kitabxana filialı fəaliyyət göstərir. 2014-cü ildə inşa edilmiş Heydər Əliyev Mərkəzinin binasında 2024-cü ilin oktyabr ayından əsaslı təmir işlərinə başlamışdır. Rayonda fəaliyyət göstərən digər mədəniyyət müəssisələrdə əsaslı təmir və ya yeni tikinti işləri aparılmamışdır. 2018-ci ildə inşa edilmiş Bayraq Muzeyi Mədəniyyət Nazirliyi tərəfindən balansa götürülmədiyi üçün hazırda fəaliyyət göstərə bilmir. Bununla əlaqədar Mədəniyyət Nazirliyinə rəsmi müraciətlər ünvanlanmışdır.

Şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər rayonda xüsusi diqqət mərkəzində saxlanılır. Keçən il də istisna təşkil etməmişdir. Şəhid ailələri və qazilər müntəzəm ziyarət olunmuş, rayonun daxili imkanları hesabına müvafiq maddi-sosial yardımlar göstərilmişdir. 47 yaşayış məntəqəsində 172 şəhid ailəsi və 117 Vətən müharibəsi işitrakçısı ilə görüşlər keçirilmişdir. 2024-ci il ərzində 8 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili imtiyazlı mənzil növbəsinə alınmışdır. Bayramlarda şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi yardımlar, bayram sovqatları verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən 2024-cü il ərzində şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına ümumilikdə, 184 min manat maddi köməklik göstərilmişdir.

Rayonda gözəl bir ənənənin təməli qoyulmuşdur. Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirilən səyyar qəbulları məktəblərdə, icra nümayəndəliklərində, klublarda deyil, şəhid ailələrinin evlərində keçirilir. Bu, bir tərəfdən şəhid ailələrini təkcə rayon icra hakimiyyəti rəhbərliyinin ziyarət etməsinə yox, həm də rayonin digər müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarını rəhbərlərinin ora getməsinə şərait yaradır. Hərə öz sahəsi üzrə bu ailələrin sosial durumu, problemləri ilə maraqlanır, lazımi kömək göstərir. Əgər həmin yaşayış sahəsində, kənddə, qəsəbədə digər şəhid ailələri varsa, onların da üzvləri həmin gün səyyar qəbul keçirilən şəhid evinə dəvət olunur. Əslində alqışa layiq və geniş yayılması lazım olan bir təşəbbüsdür.

Onu da qeyd etmək yerinə düşər ki, 2024-cü ilin ötən dövründə rayon sakinləri tərəfindən mərkəzi orqanlara və icra hakimiyyətinin özünə ümumilikdə, 1289 müraciət ünvanlanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 406 ədəd azdır. Müraciətlərin bir ildə üç dəfədən də çox azalması icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının adamlarla sıx ünsiyyətinin nəticəsidir. Yuxarıda qeyd etdik. Səyyar qəbullara maraq çox artıb. Çünki məsələlərin əksəriyyəti yerindəcə həll olunur. Ən mühüm problemlərin həllinə isə rayon icra hakimiyyətinin başçısı bilavasitə özü nəzarət edir...Nazirliklər, şirkətlər, baş idarələr və digər əlaqədar təşkilatlarla müntəzəm əlaqə saxlanılır. Başlıcası isə həmin kənddə növbəti görüş zamanı onların qaldırdıqları problemlərin nəticələri haqqında sakinlərə məlumat verilir. Keçən il 51 yaşayış məntəqəsi üzrə keçirilmiş səyyar qəbullarda 10 min 385 vətəndaş iştirak etmiş, 337 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir. Onların müraciətləri operativ olaraq araşdırılmış, zərurət yarandığı hallarda aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müvafiq məktublar ünvanlanmışdır.

Qısaca da olsa 2024-cü ilə nəzər saldıq, görülən işləri sadaladıq, problemləri qeyd etdik. Bəs, bütövlükdə son 6 ildə Goranboyda nə kimi işlər görülüb? Axı rayon bu illərdə çox gözəlləşib, inkişaf edib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan park müasir üslubda yenidən qurulmuş, sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Goranboy şəhərində 5 mərtəbəli 40 mənzilli, Dəliməmmədli şəhərində 2 mərtəbəli 8 mənzilli yaşayış binaları, 130 çarpayılıq rayon Mərkəzi Xəstəxanası, Abbasqulular, Gürzalılar kəndlərində və Kürəkçay qəsəbəsində modul tipli məktəblər, Goranboy şəhər Olimpiya-İdman Kompleksi tikilmiş, yaşayış məntəqələrinin 81,2 faizini əhatə edən 7 avtomobil yolu, o cümlədən, 38 kilometrlik Əlirzalı–Xan Qərvənd–Yeniyol–Təklə–Aşağı Ballıqaya–Səfikürd–Rəhimli–Tap Qaraqoyunlu və 14 min nəfər əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən 16 kilometrlik Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolu çəkilmiş, 30 çarpayılıq Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir edilmişdir.

Goranboy şəhər 1 saylı uşaq bağçası-körpələr evi əsaslı yenidənqurmadan sonra Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında yeni inşa edilmiş 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli, Təhsil Nazirliyi tərəfindən yeni tikilmiş 920 şagird yerlik Dəliməmmədli şəhər, əsaslı təmir edilmiş Qaraçinar kənd və Tap kənd tam orta məktəbləri istifadəyə verilmişdir. Goranboy şəhəri də daxil olmaqla 23 yaşayış məntəqəsinin eklektik təsərrüfatı yenidən qurulmuş, 40 yaşayış məntəqəsində sib kabelləşmə işləri başa çatdırılmışdır. Rayon ərazisində 26,6 min hektar torpaq sahəsinin suvarılmasını təmin edəcək “Şəmkir Maşın” kanalının ikinci növbəsinin tikintisi başa çatdırılmışdır. Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi və Xan Qərvənd kənd Şəhidlər Abidəsi yeni layihə və memarlıq üslubunda yenidən qurulmuş, Dəliməmmədli şəhəri, Qızılhacılı qəsəbəsi, Xan Qərvənd və Fəxralı kəndlərinin Şəhidlər Xiyabanlarında yenidənqurma-abadlıq işləri aparılmışdır. Goranboy şəhərində 200 nəfərin işlə təmin olunduğu “Medlife Hospital” inşa edilmişdir.

Rayonda təbii qazla təminat 96,7 faizə çatdırılmışdır. Hazırda Goranboy şəhərində 4 mərtəbəli 16 və 20 mənzilli, Dəliməmmədli şəhərində 4 mərtəbəli 16 mənzilli yaşayış binalarının, Qazanbulaq qəsəbəsində 150 nəfərin işlə təmin olunacağı astar və üzlük gips məmulatları zavodunun, rayon Suvarma Sistemləri idarəsinin inzibati binasının tikintisində son tamamlama, “Şəmkir Maşın” kanalının üçüncü növbəsinin, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəb binasının və Goranboy şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın tikintisi, 2014-cü ildə inşa edilmiş və qəzalı vəziyyətə düşmüş Heydər Əliyev Mərkəzinin təmir-bərpa işləri davam etdirilir. Borsunlu kənd 1 nömrəli tam orta məktəb binası ilə bağlı layihələndirmə işləri aparılır.

Faktlara və rəqəmlərə fikir verdinizmi? Cəmi 5-6 ilə Goranboy rayonu kimi bir rayonda bu qədər iş görülməsi, başlıcası isə adamların sosial problemlərinin həlli istiqamətində mühüm layihələrin icrası, razılaşaq ki, o qədər də asan məsələ deyil. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə bu mövzuda söhbət edərkən dedi:

– Goranboy bu 30 ildə düşmən hücumlarına məruz qalan rayonlardan olub. Amma buna baxmayaraq, Goranboyda yeni infrastruktur layihələrin reallaşması üçün mühüm işlər həyata keçirilmişdir. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız azad olunduqdan sonra abadlıq-quruculuq işlərinə yeni bir təkan verilib. Yeni yollar çəkilib, digər sosial obyektlər istifadəyə verilib, adamların qaza, suya, elektrik enerjisinə tələbatı yaxşılaşdırılıb. Sevindirici haldır ki, cənab Prezidentimiz bu obyektlərin demək olar ki, əksəriyyətinin həm təməlini qoyub, həm də açılışlarında iştirak edib.

Goranboylular da zəhmətkeş insanlardır, torpağa bağıdırlar. Elə kəndlərimiz olub ki, tez-tez düşmən hücumlarına məruz qaldığından illərlə əkilib-biçilməyib. Amma indi tamamilə başqa bir mənzərədir.

Bəli, rayon rəhbərinin dediklərində böyük həqiqət var.

Bu torpağın adamları halal zəhmətlə dolanmağı daim üstün tutublar, əziyyət çəkməkdən qorxmayıblar. Bu gün də belədir, sabah da belə olacaq!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Goranboy









Sosial həyat