Milli iqtisadiyyat 2025-ci ildə 4 faiz də böyüyəcək

post-img

“Moody’s Investors” Beynəlxalq Reytinq Agentliyi 2025-ci ildə Azərbaycan iqtisadiyyatının, təxminən, 4 faiz artacağını proqnozlaşdırır. Agentliyin hesabatında bildirilir ki, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür.

2024-cü ildə real ÜDM-in artımı 4,1 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 1,1 faizlik mülayim artımdan və iyulda gözlənilən 3 faizlik göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu inkişaf əsasən, qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2 faiz olub.

Hesabatda qeyd edilir ki, karbohidrogen qiymətlərinin mülayimləşməsi və büdcə xərclərinin artması nəticəsində 2024-cü ildə konsolidə edilmiş fiskal profisit ÜDM-in təxminən 4 faizi səviyyəsində olub. Bu, 2023-cü ildəki 8,2 faizlik profisitlə müqayisədə azalmadır. Buna baxmayaraq, agentlik dövlət büdcəsi kəsirinin ÜDM-in 1-2 faizi səviyyəsində qalacağını proqnozlaşdırır. Bu, borc ehtiyaclarını məhdudlaşdıracaq və borc yükünü ÜDM-in 30 faizdən aşağı saxlayacaq.

 

İqtisadiyyat