Son dövrlərdə Azərbaycanın və qonşu ərazilərin orta əsrlər sosial-iqtisadi tarixinin Osmanlı maliyyə-vergi reyestrlərinin – tapu təhrir dəftərlərinin əsasında tədqiqi ölkəmizdə ənənəvi elmi istiqamətlərdən birinə çevrilmişdir. Azərbaycan tarixşünaslığında bu elmi istiqamətin əsasını qoymuş böyük alim akademik Ziya Bünyadovun görkəmli davamçılarından olan akademik Şahin Mustafayevin ötən ilin sonunda çapdan çıxmış 2 cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabı elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.
1728-ci ildə Osmanlı məmurları tərəfindən tərtib olunan və iki hissədən ibarət olan müfəssəl dəftərin əlyazma nüsxəsi İstanbulda Türkiyə Cümhurbaşqanlığı Osmanlı Arxivində saxlanılır. Altı əsrdən artıq mövcud olmuş Osmanlı dövləti bu cür sənədlərdən vergitutma məqsədilə istifadə edirdi. Akademik Ş.Mustafayev həm də bu qəbildən olan 1595-ci il tarixli “Lori vilayətinin icmal dəftəri”ni və 1728-ci ilə aid “Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və Borçalı)” kitablarını da nəşr etdirmişdir.
Müəllif müfəssəl dəftəri osmanlıcadan tərcümə etmiş, ön söz yazmış və şərhlər vermişdir. Əhatəli ön sözdə Təbriz şəhərinin müxtəlif dövrlərə aid tarixi, Təbrizdə baş verən dağıdıcı zəlzələlər, Təbrizin xarici səyyahların gözü ilə təsviri, şəhərin meydanları və küçələri və s. barədə geniş məlumat verilir.
Məsələn, bildirilir ki, Elxanilər dövründə Təbriz paytaxt olduğuna görə insanlar kütləvi surətdə oraya axışıb gəlməyə başlamış, şəhərin əhalisi o qədər çoxalmışdır ki, şəhər qapılarının hər birinin arxasında Təbrizin özündən geri qalmayan şəhərətrafı yaşayış məskəni əmələ gəlmişdir. Böyük Elxani hökmdarı Qazan xan (1295-1304) Təbrizin ətrafında müdafiə divarlarının çəkilməsi haqqında fərman vermişdir. Sonrakı dövrlərdə Təbrizə gələn xarici səyyahlar onu tamamilə bağ-bağçalar və yaşıllığa qərq olmuş bir şəhər kimi təsvir edirdilər. Qazan xanın ölümü səbəbindən tikintisi başa çatmamış müdafiə divarlarının uzunluğu 25 min addıma (təxminən 15 km) çatırdı. Qazan xan Təbrizdə çoxlu bazarlar, karvansaralar, hamamlar, emalatxanalar və s. də tikdirmişdi. Təbriz böyük ticarət, elm, sənətkarlıq və mədəniyyət mərkəzi idi.
Və ya kitabın ön sözündə Təbrizin tarixi meydanları barədə məlumat verilərkən bildirilir ki, qədim Xiyaban məhəlləsinin mərkəzi meydanı orta əsrlərdə xalq arasında “Qurd meydanı” adlandırılırdı. Burada əhilləşdirilmiş canavarların döyüşü baş verir və Təbriz əhalisi bu yarışları həddindən artıq çox sevirdi. Lakin belə əyləncələr insanlar üçün təhlükəli olduğu səbəbindən I Şah Abbas tərəfindən qadağan edilmişdir.
Ümumiyyətlə, Təbriz şəhəri Rəvvadi, Eldəniz, Elxani, Cəlairi, Qaraqoyunlu, Ağqoyunlu və erkən Səfəvi sülalələrinin dövründə Azərbaycanın paytaxtı və Şərqlə Qərbi birləşdirən İpək Yolu üzərində əsas ticarət və sənətkarlıq mərkəzi kimi bəşər tarixində möhtəşəm iz buraxmışdır.
Lakin XVIII əsrin əvvəllərində təcavüzkar Rusiya imperiyası Səfəvi dövlətinin zəifləməsindən istifadə edərək onun Xəzəryanı vilayətlərini işğal etdi. Rusiyanın cənuba, Azərbaycan torpaqlarına yayılmasını istəməyən Osmanlı dövləti də 1723-cü ildə hərəkətə keçib şimal və şimal-qərb ərazilərini tutdu. Osmanlılara ən ciddi müqavimət Təbrizdə göstərildi. 1725-ci ilin yayında Azərbaycan türklərinin uzun əsrlər boyu siyasi, mədəni və elmi mərkəzi olan Təbriz şəhəri də işğal olundu.
Osmanlıların həyata keçirdiyi yeni inzibati-ərazi bölgüsünə görə Təbriz şəhəri və ətraf ərazilərə liva və ya sancaq inzibati statusu verilmişdi. Təbriz livasına Təbriz şəhərinin özü və 18 nahiyə daxil idi. XVI əsrin sonlarında əvvəlki Osmanlı fəthindən sonra tərtib edilmiş icmal dəftərinə görə Təbriz livası 15 nahiyədən ibarət olmuşdur ki, bu nahiyələrdən ikisi – Dehharqan (xalq arasında “Tufarqan”) və Məvazixan nahiyələri diqqətimizi xüsusilə cəlb edir.
XVI əsrdə yaşamış və “Azərbaycan aşıqlarının şahı” sayılan Aşıq Abbas doğulduğu yerə görə Tufarqanlı Aşıq Abbas adlandırılır. Müfəssəl dəftər bir daha təsdiq edir ki, ərazinin daha düzgün adı Dehharqandır. Azərbaycanın siyasi mühacirlərinin 1930-cu illərində Türkiyədə nəşr etdikləri “Azərbaycan Yurd bilgisi” dərgisində onun haqqında yer alan bir məqalədə də aşığın adı Aşıq Abbas Dehharqanlı kimi verilib.
Məvazixan nahiyəsinin adı isə 1727-ci il tarixli Naxçıvan sancağının müfəssəl dəftərində qeydə alınan Məvazixatun nahiyəsi adının oxşarlığı ilə diqqəti cəlb edir.
Təbriz şəhəri böyük və məskun ərazi olduğundan əhalinin siyahıyaalınması məhəllələr və küçələr üzrə keçirilir və müfəssəl dəftərdə onların da adı yer almışdır.
Bu mənbəni nəşrə hazırlayan akademik Ş.Mustafayev onun əhəmiyyəti barədə yazır: “Təbriz dəftəri elə bir unikal mənbədir ki, onun əsasında bu torpaqlarda yalnız Osmanlı vergitoplama praktikasının özəllikləri deyil, həm də sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkün olur”.
Osmanlı idarəçilik qaydalarına uyğun olaraq yeni fəth edilmiş ərazilərdə inzibati-ərazi bölgüsü aparılır, vergi ödəyən əhali siyahıya alınır, vergi obyektləri müəyyən edilir və müvafiq sənədlər tərtib edilirdi. Bu sənədlər iki cür olurdu: “müfəssəl” və “icmal” dəftərləri.
Müfəssəl dəftərdə vergi obyektləri və subyektləri dəqiqləşdirilirdi. Əkilən taxıl, mal-qara, meyvə və üzüm bağları, dükanlar, sənətkarlıq emalatxanaları, dəyirmanlar və s. vergi obyektləri idi.
Vergi ödəyən əhali isə “rəiyyət” adlandırılır, iqtisadi durumuna görə fərqli statusa sahib olur və dövlət xəzinəsinə müvafiq qaydada müxtəlif rüsumlar verməklə mükəlləf olurdular.
Osmanlı idarəçiliyində əkinçilik üçün rəiyyətə verilən torpaq sahələri “ciftlik” deyilən parçalara ayrılırdı. Ciftliyin sahəsi torpağın keyfiyyətindən asılı olaraq dəyişirdi. Əla növ məhsuldar torpaqlarda 1 cift ərazi 80 dönümə, orta keyfiyyətli torpaqlarda 100 dönümə, məhsuldarlığı az olan aşağı keyfiyyətli torpaqlarda isə 130 dönümə bərabər götürülürdü. Eni və uzunu 40 iri addım olan ərazi 1 dönüm hesab edilirdi. Onun ərazisi təxminən 919,3 kv. metr və ya 0,092 ha-ya bərabər idi.
Evli olmayan şəxslərə cift verilmirdi. Yarım ciftdən az əkin sahəsi olanlara bennak deyirdilər, cabaların isə əkin sahəsi yox idi.
Müfəssəl dəftərlər bir qayda olaraq fəthlərdən 2-3 il sonra tərtib edilirdi. Bunun səbəbi o idi ki, Osmanlı hökuməti müharibə vaxtı qaçıb getmiş əhalinin geri qayıtması, eləcə də onun iqtisadi cəhətdən ayağa qalxması üçün vaxt verirdi.
Ailə vəziyyətinə görə bütün kəndlilər evli və subay olmaqla iki qrupa, sosial durumuna görə isə 1 cift əkin sahəsinə malik olanlar, yarım cift əkin sahəsinə malik olanlar, yarım ciftdən az əkin sahəsinə malik olanlar (bennak), az torpaqlı, subay, atasının təsərrüfatında çalışan kəndlilərə (mücərrəd) və torpaq sahəsi olmayan kəndlilərə (caba) bölünürdlər. Müəllifin hesablamalarına görə 1728-ci ildə Təbriz livasında 2.729 ciftçi, 2.221 yarımciftçi, 8.125 bennak, 4.413 mücərrəd və 5.928 caba, cəmi 23.416 nəfər vergi ödəyicisi qeydə alınmışdır. Osmanlı araşdırmalarında qəbul edilmiş demoqrafiya prinsiplərinə görə hər hansı bir inzibati vahidin əhalisini hesablamaq üçün orada qeydə alınmış ailə sayını 5-ə vurmaq lazımdır (subayların ayrıca ailəsi olmadığına görə bu hesablamalarda onları nəzərə almırıq). Beləliklə, 1728-ci ildə Təbriz livasında 19.003 ailə və 95 min nəfər əhalinin yaşadığı məlum olur.
Yuxarıdakı rəqəmlərdən həm də məlum olur ki, vergi ödəyicilərinin yalnız 21 %-i 1 cift və ya 0,5 çift əkin sahəsinə malik idi. Cabalar, yəni özünün torpaq sahəsi olmayanlar ümumi əhalinin 25 %-ni təşkil edirdi.
Təbriz şəhərində 5.687 müsəlman, 610 xristian, 54 yəhudi, cəmi isə 6.351 vergi ödəyicisi qeydə alınmışdır. Onların 18 %-nin subay (1.143 nəfər) olduğunu nəzərə alsaq, həmin vaxt Təbriz şəhərində 5.206 ailə qeydə alınmışdı ki, bu da təxminən 26 min nəfər demək idi. Müsəlmanlar əhalinin 89,6 faizini təşkil edirdilər.
Beləliklə, 1728-ci ildə Təbriz şəhəri də daxil olmaqla bütün Təbriz livasında təqribən 121.000 nəfər əhali yaşayırdı. Müqayisə üçün deyək ki, İrəvan livasının 1727-ci il tarixli müfəssəl dəftərinə görə orada təqribən 70 min nəfər əhali yaşayırdı (Bakı, 2021). Gəncə-Qarabağ əyalətinin 1728-ci il tarixli müfəssəl dəftərində 19.395, başqa sözlə, Təbriz livasının kənd əhalisindən 4 min az vergi ödəyicisi qeydə alınmışdır. Təbriz livasında 23.416 vergi ödəyicisinin 4.413-ü, yəni 22,7 %-i subay olmuşdur. 19.395-dən bu faizi çıxdıqda təxminən 15.000 ailə qalır ki, bu da 75.000 nəfər deməkdir. Beləliklə, eyni dövrdə Təbriz şəhərindən və 18 nahiyədən ibarət Təbriz livasının əhalisi (121.000 nəfər) İrəvan şəhərindən və 13 nahiyədən ibarət İrəvan livası əhalisindən 72,9 %, 37 nahiyəyə bölünmüş 5 livadan ibarət Gəncə - Qarabağ əyaləti əhalisindən 61,3 % artıq olmuşdur.
Təbriz şəhərinin 1728-ci ildəki durumu onun əhalisinin kəskin azaldığını, iqtisadi cəhətdən tənəzzülə uğradığını və öz əvvəlki əhəmiyyətini itirdiyini göstərir. Bu isə uzun sürən Osmanlı – Səfəvi müharibələri, onun paytaxt statusunu itirməsi və 1721-ci ildə şəhərdə baş vermiş dəhşətli zəlzələ ilə bağlı idi.
Təbriz livasının əhalisinin həyat səviyyəsini araşdırmaq üçün ustad şairimiz M.Şəhriyarın uşaqlığının keçdiyi Xoşginab kəndini (Xanımrud nahiyəsi) seçdik. Bu kənd məşhur Heydərbaba dağının ətəklərində yerləşirdi.
1728-ci ildə bu kənddə 3 nəfər cift sahibi, 2 nəfər yarımciftçi, 4 bennak, 6 caba, cəmi 15 ailə və ya vergi ödəyicisi yaşayırdı. Onlar əldə etdikləri dənli bitkilərdən vergi kimi xüms (beşdə bir deməkdir) ödəyirdilər.
Əldə etdikləri dənli bitkilərdən və digər gəlir mənbələrindən ildə 4.879 ağça vergi verdikdən sonra təxminən ailəbaşına 900 ağça gəlir götürmüşdülər. Xoşginablılar ildə ailəbaşına cəmi 509 kq taxıl (buğda, arpa, darı), noxud və mərcimək istehlak etmişdilər ki, bu da 5 nəfərlik ailə üçün adambaşına təxminən 100 kq demək idi. Bu rəqəm tələb olunan miqdardan ən azı 2 dəfə az idi. Məhsuldarlıq da çox aşağı olmuşdu: 40 ha-dan artıq əkin sahəsindən cəmi 10,5 t məhsul götürülmüşdü.
Müfəssəl dəftərdə əkin məhsullarının qiyməti haqqında məlumat da öz əksini tapmışdır: buğdanın 1 kilesi (təxinən 25 kq-a bərabər çəki vahidi) 40, arpanınkı 30, darınınki 20, noxud və mərciməyinki isə 60 ağça olmuşdur. Həmin vaxt İrəvan livasında buğdanın 1 kilesi 30, arpa və darınınki isə 20 ağça idi.
Göründüyü kimi kitabda əhalinin sosial-iqtisadi vəziyyəti barədə dolğun və son dərəcə qiymətli məlumatlar da yer almışdır.
Müfəssəl dəftərin bir tarixi qaynaq olaraq verdiyi ən dəyərli məlumatlardan biri də Təbriz livasında o dövrdə mövcud olan yer və şəxs adlarıdır. Müəllif haqlı olaraq hesab edir ki, kitabda yer alan antroponimik vahidlər – şəxs adları o dövrün mədəni dəyərlər sistemi haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eyni zamanda şəxs adları arasında türkmənşəli adların çoxluğu Təbriz əhalisinin türk etnik mənsubiyyətini təsdiq edən faktdır.
Fikrimizi yekunlaşdıraraq deyə bilərik ki, Beynəlxalq Türk Akademiyasının prezidenti kimi böyük və məsul vəzifə daşıması səbəbindən vaxtının darlığına baxmayaraq, akademik Şahin Mustafayevin böyük zəhmət hesabına başa gətirdiyi bu kitab Azərbaycanın məşhur tarixçisinin və tarixşünaslığının böyük uğurudur. Bundan sonrakı fəaliyyətində də Şahin müəllimə yeni-yeni uğurlar arzulayırıq.
Nazir ƏHMƏDLİ,
tədqiqatçı alim,
Azərbaycanda Atatürk Mərkəzi