Erməni siyasi şüurunun “Paşinyan sindromu”

post-img

III MƏQALƏ

Manipulyasiya həmişə özündə yalanı ehtiva edir.
O.Yokoyama

Qarabağ manipulyasiyası

II Qarabağ müharibəsindən sonra erməni analitik və ekspert dairələrinin Qarabağla bağlı dərc etdirdikləri məqalələrdə əsas yeri N.Paşinyanın sələflərindən fərqli hansı siyasi-diplomatik mövqedə olması tutur. Əlbəttə, bu zaman onlar erməni siyasi şüurunu ancaq şovinist erməni maraqları prizmasında təhlil etməyə çalışırlar. Onları birləşdirən ümumi məqam ondan ibarətdir ki, N.Paşinyan L.T.Petrosyan, R.Koçaryan və S.Sarkisyandan fərqli olaraq, Qarabağ məsələsində Azərbaycanın qəti qələbəsi faktını nəzərə alaraq hərəkət edir.

Əslində, ümumilikdə, onun Petrosyan, Koçaryan və Sarkisyandan fərqli mövqeyi yoxdur – Qarabağ onun üçün məğlubiyyətdən sonra da şovinist erməni anlamında “Arsax”dır və bütün diplomatik hiyləgərliyi “Arsax xalqının azadlıq və hüquqlarının tam təmin edilməsinə” yönəlmişdir. Ritorikada isə N.Paşinyan Vaşinqtonda, Brüsseldə və Moskvada belə ifadələr işlətməkdə idi – “Ermənistan sülh tərəfdarıdır, Azərbaycanla barış arzusundadır, sərhədlər beynəlxalq hüquqa uyğun müəyyən edilməlidir” və s.

Bu cür ifadələr onun həm Ermənistanda, həm də beynəlxalq miqyasda təşkil edilən görüşlərdə dilindən düşmürdü. Analitik Ayk Xalatyan bununla bağlı N.Paşinyanın nitqlərindən konkret nümunələr gətirir. Məsələn, o, “İrəvanın Qarabağa yeni yanaşmaları” altbaşlığı kontekstində yazır ki, 2022-ci il iyunun 15-də N.Paşinyan erməni parlamentində çıxışı zamanı bəyan etmişdir ki, “Ermənistan regionda “sülh epoxası” açmaq niyyətindədir”. Bunun üçün Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmalıdır.

Ancaq bunun fonunda N.Paşinyan siyasi şüurunun sindromunu da büruzə verirdi. Məsələn, elə həmin çıxışında deyirdi ki, “Azərbaycanın məqsədi ermənilərin etnik təmizlənməsini həyata keçirməkdən ibarətdir”. Eyni zamanda, “hər şeyi əhatə edən sülh müqaviləsi” məntiqinə keçid edirdi.

Ümumi mənzərənin tam aydın olması üçün, erməni baş nazirin bu fikirlərinin təməlində duran başlıca siyasi-diplomatik mövqeyi ifadə etmək lazımdır. Məhz bu məqamı ermənilər rəsmi İrəvanın Qarabağ məsələsinə “yeni yanaşması” kimi təqdim edirdilər. Bu barədə N.Paşinyan parlamentdəki çıxışında demişdir: “Əvvəllər rəsmi İrəvan “müstəqil Qarabağ” statusundan ermənilərin hüquq və azadlıqlarının təmininə keçid edirdisə, indi əksinədir – öncə Qarabağda ermənilərin hüquq və azadlıqları təmin olunmalıdır və onun əsasında “Arsaxın statusundan danışmaq olar”.

İlk baxışdan yenilik kimi görünən bu fikirlər mahiyyətcə ağır məğlubiyyətdən sonra süni ideoloji və diplomatik manipulyasiyadan başqa bir şey deyildir. Bunu nəinki Azərbaycan diplomatiyası, hətta ermənilərn ənənəvi havadarları belə qəbul etmədilər və rəsmi İrəvana xəbərdarlıq etdilər. Bu barədə N.Paşinyan parlamentdəki çıxışından bir neçə ay əvvəl – 2022-ci ilin aprelində danışmışdı. O etiraf etmişdi ki, “dünya ictimaiyyəti bizə (yəni ermənilərə – F.Q.) aydın deyir ki, dünyada Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü ikitərəfli qaydada tanımayan yeganə ölkəsiniz. Bu, Arsax (erməni anlamında – F.Q.) və Ermənistan üçün böyük təhlükədir”. Buna görə də N.Paşinyan fikirlərinə davam edərək söyləyirdi: “Dünya ictimaiyyəti erməni tərəfinə çatdırır ki, status məsələsində tələblərinizi bir qədər aşağı salın, əks halda biz sizə dəstək verməyəcəyik”.

İndi bu siyasi məntiqin manipulyativ tərəfinə baxaq. İlk baxışdan N.Paşinyan erməni cəmiyyətinə özünü yeni mövqe tərəfdarı kimi təqdim edir və burada müəyyən həqiqət vardır. Lakin son məqsəd baxımından baş aldatmaqdan başqa bir addım atmır. Çünki N.Paşinyan sətiraltı ifadə edir ki, Azərbaycan və Türkiyə xarici təhlükə mənbəyidirlər. Ona görə də bunu neytarllaşdırmaq lazımdır.

Gerçəkdə isə vəziyyət tamamilə fərqlidir. N.Paşinyan həqiqi mənada yenilikçi olsaydı, o, erməni cəmiyyətinə anladardı ki, Bakı haqlıdır, o, tarixi ədaləti beynəlxalq hüquq normalarına uyğun bərpa etmişdir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdən başqa bir iş görməmişdir.

Yəni doğru mövqedə olmayan rəsmi İrəvan və erməni cəmiyyətidir ki, buna görə də region üçün təhlükə mənbəyi Ermənistandır. Odur ki, ermənilər ilk növbədə özlərinin siyasi şüurlarında olan natamamlıq kompleksini təmizləməli və birmənalı olaraq, haqlı Azərbaycanla mehriban qonşuluğun şərtlərini müzakirə etməlidirlər.

Bunları etiraf etmək əvəzinə, “yenilikçi” N.Paşinyan sələflərindən bir qədər fərqli müstəvidə və kontekstdə siyasi-diplomatik spekulyasiyalara baş vurur, özündən xarici təhlükə mənbərləri uydurur və bunu da “daxili vəziyyət”lə əlaqələndirməyə çalışır. Guya, erməni cəmiyyətinin mütləq həqiqəti ifadə edən mövqeyi vardır və ondan kənara çıxa bilməz! Yenə də şovinist erməni marağı, lakin bir qədər başqa formulada.

Bütün bunların fonunda N.Paşinyanın Zəngəzur dəhlizi məsələsində tutduğu mövqe də ayrıca bir siyasi şüur sindromudur. Onun dərk edilməsi “3+3” platformasına rəsmi İrəvanın münasibətində özünü göstərən spekulyasiyaların arxasında dayanan məntiqi süniliyin aydınlaşması ilə bağlıdır.

Zəngəzur – ermənilərin “çətin problemi”

Deyə bilərik ki, II Qarabağ müharibəsindən sonra erməni diplomatiyasının “ilişib qaldığı” problemlərdən biri Zəngəzur dəhlizidir. Hələlik bu istiqamətdə də N.Paşinyanın “yenilikçi siyasi məntiqi” keçərli ola bilmir. Bir neçə mənbədən aldıqları məsləhətlərlə erməni siyasiləri Zəngəzura “alternativ kimi” təklif irəli sürmüşlər. Bunun mənası belədir ki, Azərbaycan və Türkiyənin təsiri olmadan Cənubi Qafqazda “real əməkdaşlıq platforması” yaratmaq olar ki, onun sayəsində “dünya kəsişər”. Bu qondarma və antisivil təklifin əsas qüsurunu Prezident İlham Əliyev sadə terminlərlə dəqiq ifadə etmişdir. Dövlət başçımız demişdir ki, əgər söhbət regional əməkdaşlıqdan gedirsə, orada Azərbaycanı necə nəzərə almamaq olar? Çünki bu, bəri başdan region dövlətlərindən birini kənarda qoymağa cəhddir. Həmin səbəbdən də N.Paşinyan və onun havadarları özlərinə gülürlər.

Digər tərəfdən, Azərbaycanın təklif etdiyi “3+3” formulu prizmasında N.Paşinyanın “layihəsi” olduqca gülünc və süni görünür. Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizi “3+3” kontekstində ciddi real faktor kimi ümumi geosiyasi mənzərəyə yerləşir. Çünki Zəngəzur regionun bütün dövlətlərinin (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) ortaq razılığı ilə işə salınır. “3+3” platformasının mahiyyəti bunu tələb edir. Burada regiona daxil olan heç bir dövlət kənarda qalmır, təcrid olunmur. Əksinə, “qazan-qazan” prinsipi üzrə hər kəs fayda götürür.

N.Paşinyanın qondarma “dünyanın kəsişməsi” isə bəri başdan uzaq Hindistan kimi dövlətləri nəzərə alır, sonra Qara dənizə uzanır və ortada olan Rusiya, Azərbaycan və Türkiyəyə aidiyyatı olmur. Bu, gerçəkdən köhnə konfrontasiya mahiyyətli geosiyasətin absurd və primitiv təzahürlərindən biridir. Bizim anlamımızda həm də erməni siyasi şüurunda “Paşinyan sindromu”nun konkret təzahürüdür!

Bununla həmin spekulyativ və qeyri-real məzmununa görə, erməni diplomatiyası Zəngəzur məsələsini özü üçün “çətin problemə” çevirmişdir. Sadə, dürüst və sağlam yanaşma əsasında onu asan həll etmək əvəzinə, müxtəlif qondarma yanaşmalarla həm öz şüurlarını ləkələyirlər, həm də regional geosiyasi dinamikada risklərin yaranmasına səbəb olurlar.

Regional risklərin artması

Yekunda erməni siyasi şüurunun sindromlarının regional miqyasa mümkün təsirləri üzərində dayanmaq lazım gəlir. Çünki bu tendensiya bütövlükdə regional geosiyasətin yalanlar, spekulyasiyalar və manipulyasiyalar üzərində qurulmasına imkan yarada bilər ki, onun acı nəticələri bütövlükdə regionun xalqlarına mənfi təsir edər.

Bir tərəfdən Azərbaycanın əməkdaşlıq və təhlükəsizliyə xidmət edən addımları regionda sağlam geosiyasi mühit yaratmağa xidmət edirsə, digər tərəfdən Ermənistanın manipulyativ cəhdləri bölgəni köhnə destruktiv müstəvidə saxlamağa yönəlmişdir. Bu baxımdan Qərbin Ermənistana hərbi kontingent yeritmək planı son dərəcə təhlükəli bir gedişata işarədir. Əgər proseslər bu istiqamətdə inkişaf edərsə, Cənubi Qafqaz geridönməz neqativ geosiyasi dinamikanın şahidi olacaq.

Bunlar bir daha onu təsdiq edir ki, siyasi şüurlardakı manipulyasiyalar praktikada vəziyyəti mürəkkəbləşdirir və ziddiyyətləri kəskinləşdirir. Deməli, regionda yerləşən ölkələrə rəhbərlik edənlərin siyasi şüur məsələsi reallıqda Cənubi Qafqaz üçün əhəmiyyətlidir. Yəni bu məsələ yalnız konkret ölkə və cəmiyyətin sərhədləri ilə məhdudlaşmır. Əgər vurğulanan məqamı nəzərə alsaq, indi erməni siyasi şüurunda özünü göstərən sindromların region üçün təhdidlər yaratdığını qəbul etməliyik.

Bununla yanaşı, siyasi manipulyasiyaların bəzi psixoloji əlamətlərindən də danışmaq olar. Sağlam mövqeyi olan siyasətçi öz daxili aləmini dəyişməklə dünyanı yeniləşdirməyə çalışır. Bu, manipulyasiya deyildir. Siyasi manipulyator ətraf aləmi özündən asılı vəziyyətə salmağa çalışır. Yəni nə özü yeniləşir, nə də ətraf aləmdəki yenilikləri qəbul edir. Bunun əvəzinə isə dünyanı özünün eqoist maraqlarına tabe etdirməyə çalışır. Bu da sonu görünməyən absurd siyasi fəaliyyət seçimidir.

Siyasi şüurun sindromları aspektində başqa bir dərin psixoloji məqam da mövcuddur. Dünyanı bizim daxili aləmimizi əks etdirən ayna kimi təsəvvür etsək, onda biz o aynada həm də əlaqələrimizi, zəif və güclü keyfiyyətlərimizi görməyi bacarmalıyıq. Bunu edə bilməyən insan hər yerə və hər kəsə özünün eqoizmindən qaynaqlanan problemlərini proyeksiya edəcək. Siyasi şüurun sindromu kimi bu xüsusiyyət ən təhlükəlisidir. Nikol Paşinyan indi məhz bu paradoksun duyğusal və məntiqi ağrılarını yaşayır! Bu vəziyyətdən çıxış yolu yoxdur.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sosial həyat