Mark ENDEVELD
(əvvəli qəzetin ötən saylarında)
Hakimiyyətdə olan homoseksuallar Hollanddan narazıdırlar
Bütün siyasi partiyalar arasında müzakirə olunan, ancaq heç kimin hələ ki, real bir çıxış yolu təklif etmədiyi bu məsələdən Makron prezident seçkiləri zamanı dördəlli yapışacaq. Ona görə də respublikanın homoseksual şəbəkələri bunun müqabilində gənc namizədin zəif damarını – onun heç bir partiyanın üzvü olmaması problemini – hamıya unutdurmağa çalışacaqlar. “Hollandın yanında olanda, o, hər şeyi dərindən təhlil etdi, hər şeyə diqqətlə nəzər yetirdi və məqam düşən kimi Hollanddan narazı olanları ətrafında səfərbər etdi”, – deyə Makronun köhnə dostlarından biri onun strategiyasını təhlil edir. 2017-ci ilin fevral ayında Lion şəhərindəki seçicilər qarşısında, Makron Şarl de Qoldan tutmuş Fransua Mitt erana qədər bütün prezidentlərə istinad edərək barokko stilində uğurlu bir çıxış edir. Bir neçə gündən sonra isə o, homoseksualların jurnalı “Tetu”ya müsahibə verir. Ancaq bununla da kifayətlənmir, bir həftə sonra aylıq “Causeur” jurnalının baş redaktoru Elizabet Leviyə, eləcə də “Le Nouvel Observateur” jurnalının mədəniyyət şöbəsinin müdiri Jerom Qarcinə verdiyi müsahibədə dönə-dönə vurğulayır ki, bəs Hollandın dövründə LMPT (eynicinsli cütlüklərin nikahına və onların övlad götürməsinə icazə verən qanuna qarşı çıxan ən böyük nümayişlərin və aksiyaların arxasında duran kollektiv) “təhqir olunub alçaldı”.
İndi Makron xoşbəxtdir: sağçı konservatorların hakimiyyətə yenidən gəlməsindən qorxuya düşən homoseksuallar nə sağçıların namizədi Fransua Fiyyona, nə mütərəqqi katolik və ekstremist solçuların namizədi Jan-Lük Melanşona, nə də ekstremist sağçıların qarşısında qırmızı bayraq yellədən frank-masonlara etibar edirlər... Ona görə də belə bir şəraitdə təbii ki, bütün homoseksuallar nə sağçı konservator, nə mütərəqqi katolik, nə ekstremist solçu, nə də frank-mason olan Emmanuel Makronun seçki kampaniyasına üz tuturlar. Makrona da elə bu lazımdır. Düzdür, homoseksualları Makronun başqa ideyaları o qədər də maraqlandırmır... amma nahaq, çünki namizəd bütün günü ağız dolusu, ölkədə yeni sosial model yaratmaqdan dəm vurur.
Fransanın media, eləcə də iqtisadiyyat dünyasındakı homoseksuallar çevrəsində, demək olar ki, hamı Makronu dəstəkləyir. Məsələn, Sosialist Partiyasının üzvü, bir zaman homoseksualların “Tetu” jurnalının səhmdarı olan iş adamı Jan-Jak Oqier də Emmanuel Makrona qoşulur. Bu adam bir vaxtlar dostu Fransua Hollandın eynicinsli insanların bir-biri ilə evlənmə azadlığından öz siyasi məqsədləri üçün istifadə etməsini həzm edə bilməmişdi. Bundan başqa, o, Fransua Hollandın seçki kampaniyası zamanı lezbiyanlara verdiyi sözün üstündə durmamasını da ona bağışlamamışdı. (O vaxt – prezidentliyə namizəd olanda – Holland lezbiyənlərin xoşuna gəlmək üçün onlara söz vermişdi ki, əgər prezident seçilsə, bir-biri ilə evlənən qadınlara süni mayalanma yolu ilə hamilə qalmağa icazə verəcək.)
Bu kontekstdə Makron, həmçinin vaxtilə Siyasi Elmlər İnstitutunda onun müəllimi olmuş, ona ENA-ya (Milli Administrasiya Məktəbi) girməsinə kömək edən, 17 000 işçisi olan SOS qrupunun prezidenti və baş direktoru Jan-Mark Borellodan da dəstək alır. Əvvəllər məktəbdə tərbiyəçi olan bu keçmiş pedaqoq, 1980-ci illərdə narkomaniya və HİV-QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) mübarizə aparmaqdan ötəri SOS Drogue International assosiasiyası yaradır. Bir müddət homoseksualların və lezbiyanların “La Palace” adlanan məşhur gecə klubunu direktoru kimi fəaliyyət göstərəndən sonra Borello, 1998-ci ildə əvvəl SOS qrupunun sadə bir işçisi, sonra da həmin qrupun prezidenti olur. Borello təpədən dırnağa kimi sosialistdir. Marsel şəhərinin keçmiş meri Qaston Deff erin kabinetinin üzvü olub, özü də Sosial İşlər naziri Jeorjia Düfuaksın yaxın adamıdır. "Hərəkətdə!" hərəkatı siyasi partiyaya çevriləndən sonra SOS qrupunun iki keçmiş işçisi Orelien Taşe və Pakom Rupan bu partiyanın üzvü keçir və bir müddətdən sonra da həmin partiyadan deputat seçilirlər.
Parisin köhnə meri ilə təzə meri arasında müharibə
Brijit Makronun sağçılar partiyasından olan və heç vaxt homoseksual olduqlarını gizlətməyən “dostları” Mark-Oliviye Fojiel, Filip Besson və hətta Paskal Huzelot mediada açıq şəkildə onun ərini dəstəkləməyə başlayırlar. Bu adamlar 2012-ci ildə Sarkoziyə yox, Fransua Hollanda səs vermişdilər, çünki Sarkozi 2007-ci ildə prezidentliyə namizəd olanda, homoseksuallara vəd etdiyi “nikahsız ailə” ideyasını prezident olandan sonra həyata keçirməmişdi... Mark-Oliviye Fojiel ilə Filip Besson Parisin keçmiş meri, homoseksual Bertran Delanoyenin çevrəsindəndirlər. Bu sonuncu, Parisin yeni meri Anna Hidalqonun müavini Brüno Jüyyard ilə də yaxın dostdur. Keçən sentyabrda merin bu müavini Anna Hidalqonun bacarıqsızlığına və işinin öhdəsindən lazımi qədər gələ bilməməyinə görə ərizəsini yazıb işdən çıxmışdı. 2017-ci ilin mayında prezident ona xarici işlər naziri olmağı təklif etmişdi. Bertran Delanoye (Parisdə ona Delanoye xala ləqəbi qoyublar) bu təklifdən imtina etsə də, əvvəllər meriyada onun rəhbərliyi altında işləyən, indi isə Yelisey sarayında Brijit Makronun kabinetində direktor və katib kimi fəaliyyət göstərən Pier-Oliviye Kosta və Tristan Bromet vasitəsilə mesajlarını istədiyi vaxt prezident sarayına ötürə bilir. LREM (Respublika “Hərəkətdə!”) partiyasının Paris merinin kreslosuna göz dikdiyini çox yaxşı hiss edən Delanoye, dostları kimi Anna Hidalqonu tənqid etmək fürsətini heç vaxt əldən vermir.
Ümumiyyətlə, hakimiyyətdə olan yüksək aylıq gəlirli bu varlı homoseksualların çoxu həm siyasi, həm də iqtisadi baxımdan çox liberaldırlar. 2007-ci ildə onlardan bəziləri – o vaxta qədər Sosialist Partiyasına simpatiya göstərənlər – La Diaqonal siyasi klubunda birləşdilər. Onların məqsədi “solçu Sarkozistləri” bir yerə yığıb onların köməyi ilə həm iqtisadi, həm də ictimai liberalizmi genişləndirmək idi. Prezident seçkiləri zamanı onlar namizəd Sarkozi ilə Parisin mərkəzindəki “Bains Douches” diskotekasında görüş təyin etdilər. İndi – 10 il sonra – bu yüksək səviyyəli məmurlar, hüquqşünaslar, iş adamları, çıxışlarında biznesə xüsusi yer verən Makrona yaxşı gözlə baxırlar. 2018-ci ilin payızında Londonda yaşayan, Fransanın yeni texnologiya sektorunda internetdə gənc innovativ şirkətləri (French Tech) Britaniyanın paytaxtında təmsil edən Alba Serviant, Mark-Oliviye Fojiel ilə birlikdə homoseksualların Fransada çıxan Tetu jurnalını İngiltərədə də çıxarmaq fikrinə düşür. Onlara bu jurnalın 2013-cü ildən 2015-ci ilə qədər səhmdarı olmuş Jan-Jak Oqier kömək edir. Makronun 8 sentyabr 2016-cı ildə Londona səfəri zamanı, Alba Serviant sağçıların namizədi Fransua Fiyyonun kampaniyasına pul tapmaq üçün ingilis, eləcə də Londonda yaşayan varlı homoseksual fransızlar üçün səhər yeməyi təşkil etmişdi...
“Respublikaçılar arasında Sens Commun (Sosial elmlərdə tədris olunan bir anlayışdır. Bu konsepsiya sosial normaları və dəyərləri, eləcə də simvolik assosiasiyaları bir yerdə birləşdirən bir orqanizmdir.) prinsipinə sadiq qalan GayLib assosiasiyasının üzvləri (GayLib – 2001-ci ildə Fransada yaranan, lezbiyan, gey, biseksual və transların hüquqlarını müdafiə edən assosiasiya) Makronun ətrafına yığışdılar”, – deyə sağçılar partiyasının keçmiş fəallarından biri qeyd edir.
Dünyanın işinə bax ki, Makron nə Amerikanın prezidenti Obama kimidir, nə də Kanadanın Baş naziri Trüdo kimi. Mətbuatdakı imicinə baxmayaraq, o, konservatorluğa və bonapartistliyə daha çox meyillidir. Hollandın hakimiyyəti dövründə, Yelisey sarayının baş katibinin müavini olanda, eyni cinsli insanların evlənməsi haqqında müzakirələrin qızğın çağında, Makron prezident aparatında olmağına baxmayaraq, prezidentin (Holland) beş illik müddətinin bu ən böyük islahatını o qədər də dəstəkləməmişdi. Onun keçmiş həmkarlarından birinin dediyinə görə, Makron eyni cinsli insanların evlənməyinin əleyhinə idi. Bundan başqa, prezident Fransua Hollandın yaxın əməkdaşı belə hesab edirdi ki, ölkədəki qlobal iqtisadi problemləri bir yana qoyub homosek sualların evlənib-evlənməməyi ilə məşğul olmaq tamamilə absurd bir şeydir. O ki qaldı lezbiyanların süni yolla ana olmaq məsələsinə (PMA), prezident hələ də əvvəlki kimi nala-mıxa vurur, bütün partiyaların, assosiasiyaların fikrini öyrənmək istəyir ki, sonra bir qərar çıxarsın. O vaxt prezidentliyə namizədlik kampaniyasında olduğu kimi, o, konservator katoliklərə hələ də göz-qaş edir... Həmişəki kimi prezident Makronun, həqiqətən, nə istədiyini, hansı mənsəbə qulluq etdiyini başa düşmək mümkün deyil...
Frank-masonlara tərəf baxış
Prezidentliyə namizədlik kampaniyasını hazırlayanda, Makron frank-masonları da unutmadı. 2016-cı ilin iyun ayında o, Parisin 9-cu rayonunda, Cadet küçəsində yerləşən ən məşhur mason lojalarından biri olan Grand Orient de France lojasının Artur-Groussier məbədində təşkil olunan konfransda çıxış edir. Bu konfransdakı masonların çoxu Fransanın siyasi həyatında mühüm rol oynayan sosialistlərdir. Makron bu auditoriyada çox sevdiyi bir mövzu haqqında məruzə edir: “Qloballaşdırma prinsipi tərəqqinin sinonimi ola bilərmi?”. Onun bu çıxışı masonlar tərəfindən gurultulu alqışlarla qarşılanır. Sonrakı aylarda namizəd iki başqa mason lojasına – o cümlədən üzləri arasında xeyli sanballı siyasi şəxsiyyətlər olan Demain lojuna da baş çəkir.
(ardı var)